AZ

Azərbaycan gələcəkdə İslam maliyyəsi sahəsində regional maliyyə mərkəzi rolunu oynamaq potensialına malikdir - AÇIQLAMA

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycanda Sukuk istiqrazlarının tətbiqi həm iri layihələrin maliyyələşdirilməsi, həm də İslam maliyyə sektorunun inkişafı baxımından ölkənin regional maliyyə mərkəzinə çevrilməsi üçün real imkan yarada bilərmi?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilən “2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə İslam maliyyə alətlərinin tətbiqi istiqamətində mühüm addımlar nəzərdə tutulur.

Proqramda 2026-cı ilin sonunadək Azərbaycanda Sukuk istiqrazlarının buraxılması üçün qanunvericilik bazasının hazırlanması da əsas hədəflərdən biri kimi müəyyən edilib. Sukuk İslam maliyyə prinsiplərinə əsaslanan qiymətli kağızlar olmaqla bir çox ölkələrdə dövlət və iri layihələrin maliyyələşdirilməsində geniş istifadə olunur. Onun sözlərinə görə, Sukukun Azərbaycanda tətbiqi real və perspektivli hesab olunur. Bu alət vasitəsilə xüsusilə dövlət investisiyalı iri müəssisələrin əhalidən və investorlar tərəfindən maliyyə cəlb etməsi üçün yeni imkanlar yarana bilər.

Ekspert bildirib ki, gələcək mərhələdə bu mexanizmin kiçik və orta sahibkarlıq subyektlərinə də şamil edilməsi mümkündür. Sukuk alətlərinin tətbiqi həm xarici investorların Azərbaycan layihələrinə marağını artıracaq, həm də yerli sahibkarların digər ölkələrdə buraxılan Sukuk istiqrazlarına yatırım etməsinə imkan yaradacaq.

Ruslan Atakişiyevin fikrincə, bu proses ölkəyə investisiya axınının genişlənməsinə, iri layihələrin maliyyələşdirilməsinə və investorların vəsaitlərini alternativ maliyyə alətlərinə yönəltməklə gəlir əldə etməsinə şərait yarada bilər.

Ekspert onu da vurğulayıb ki, Azərbaycanın həm halal sənaye, həm də İslam maliyyə bazarının inkişafı ilə bağlı müəyyən strateji hədəfləri mövcuddur. MDB və postsovet məkanında, xüsusilə Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi ölkələrdə İslam maliyyə sektoru sürətlə inkişaf edir. Rusiyanın Kazan şəhəri isə artıq bu sahədə regional mərkəzə çevrilmək iddiasındadır.

Ruslan Atakişiyevin sözlərinə görə, Azərbaycan da gələcəkdə Cənubi Qafqaz və Şimali Qafqaz regionları üçün islam maliyyəsi sahəsində regional maliyyə mərkəzi rolunu oynamaq potensialına malikdir.

 

Seçilən
71
1
azertag.az

2Mənbələr