AZ

Azərbaycan kinosunun böyük salnaməsi: 4 cildlik ensiklopediya təqdim olundu – FOTOLAR

Martın 11-də “Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898–2025)” kitabının təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, BP-nin maliyyə dəstəyi ilə baş tutan təqdimat mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, millət vəkilləri, tanınmış kino xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı kitab haqqında ətraflı məlumat verib. O qeyd edib ki, təqdim olunan nəşr Azərbaycan kinosunun zəngin tarixini əhatə edən mühüm mənbələrdən biridir: “Bu nəşr Azərbaycan kino tarixində ilk 4 cildlik ensiklopedik əsər kimi hazırlanıb və milli kinematoqrafiyanın inkişaf mərhələlərini sistemli şəkildə təqdim edir”.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək bildirib ki, Azərbaycan kinosunun 1898-ci ildə yarandığı gündən bəri keçdiyi tarixi yol ölkəmizin mədəni inkişafının çox əlamətdar hissəsidir: “Kinematoqrafiya yaradıcılığının bir əsrdən çox tarixini bu qədər dəqiqlik və fədakarlıqla sənədləşdirməklə hörmətli Aydın Kazımzadə incəsənət və akademik ictimaiyyətimiz üçün uzunmüddətli dəyər daşıyan bir əsər yaradıb”.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə çıxışında bildirib ki, Azərbaycan Kino Agentliyi son 3 il ərzində beynəlxalq kino qurumları ilə 7 əməkdaşlıq müqaviləsi imzalayıb. Onun sözlərinə görə, bunun nəticəsində Azərbaycana 10 milyon dollar investisiya cəlb edilib: “Film istehsalı sahəsində 90% güzəştin tətbiqi bu sahədə investisiya riskini minimuma endirib. Proqnozlara əsasən, mövcud mexanizmlərin tətbiqi nəticəsində yaxın 3 il ərzində bu göstəricinin 50 milyon ABŞ dollarına çatması mümkündür. Həmçinin son üç ildə kinonun inkişafı ilə bağlı bir sıra vacib addımlar atılıb. Belə ki, 2023–2025-ci illər ərzində dövlət dəstəyi ilə 71 film layihəsinin istehsalına başlanılıb, onlardan 56 film layihəsi, o cümlədən 9 tammetrajlı bədii film istehsal olunaraq təqdim edilib. İstehsalı tamamlanmış filmlərin xüsusi çəkisi 79% təşkil edir. Bu məqsədlə 34 istehsalçı şirkətə 21 milyon manatdan artıq dövlət vəsaiti ayrılıb.

Son üç ildə imzalanmış müqavilələr çərçivəsində film istehsalına 9 milyon 538 min 652 manat məbləğində özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulub”.

Ensiklopediyanın müəllifi, əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadə isə çıxışında bildirib ki, 63 illik fəaliyyəti ərzində filmlərlə bağlı apardığı geniş araşdırmalar bu yeni nəşrdə yığcam şəkildə öz əksini tapıb: “Bu kitabın çap edilməsi mənim üçün olduqca əhəmiyyətlidir”.

Ensiklopediyanın elmi redaktoru, Azərbaycan Dövlət Film Fondunun sədri Cəmil Quliyev isə Azərbaycan kinosunun araşdırılması və qorunub saxlanılmasında Aydın Kazımzadənin mühüm rol oynadığını vurğulayıb.

Qeyd edək ki, kitab Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında, eləcə də digər studiyalarda, kino şirkətlərində və televiziya kanallarında 1898–2025-ci illərdə istehsal olunmuş bütün növ filmlərin filmoqrafiyasını əhatə edir. Ensiklopediyaya tammetrajlı və qısametrajlı bədii filmlər, televiziya filmləri, animasiya filmləri və 1898–2018-ci illərdə çəkilmiş Mozalan satirik kinojurnalı da daxil edilib.

Nəşrin ilk iki cildində Azərbaycan kinosu tarixinin tam ensiklopedik təsviri təqdim olunur. Qalan iki cild isə “Tammetrajlı bədii və animasiya filmlərinin əlifba göstəricisi” və “Kinorejissorların adlar göstəricisi” adlanır.

Ensiklopediyaya müəllifin, eləcə də ilk kino yaradıcılarının və müxtəlif dövrlərdə kino sənayesinin inkişafına töhfə vermiş şəxslərin şəxsi arxivlərində qorunan nadir fotoşəkillər də daxil edilib. Bundan başqa, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının arxiv şöbəsi və Azərbaycan Dövlət Film Fondunun materiallarından da istifadə olunub.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr