R.Həsənov xatırladıb ki, 2017-2025-ci illəri əhatə edən təxminən 8 il ərzində ümumi inflyasiya 70-80% civarında olub. Hətta bu dövrdə xarici valyutaların da dəyər itkisi müşahidə olunub: “ABŞ dolları təxminən 20-25%, avro isə təxminən 17% dəyər itirib. Yəni vətəndaş 2015-ci ildən saxladığı dollar və ya avroya görə artıq müəyyən dərəcədə alıcılıq gücünü itirmiş sayılır. Halbuki həmin müddətdə vəsaitlər manatla banklarda depozit kimi yerləşdirilsəydi, təxminən 70-90% aralığında gəlir əldə etmək mümkün idi. Hətta kumulyativ hesablamalar aparıldıqda gəlirin 100%-ə qədər çatması da mümkündür. Yəni vətəndaş 8 il ərzində bank depozitləri vasitəsilə hər 1 manatı təxminən 2 manata çatdıra bilərdi və bununla da vəsaitinin dəyərsizləşməsinin qarşısını müəyyən qədər ala bilərdi”. İqtisadçı digər investisiya alətlərindən biri kimi qiymətli metalları tövsiyə edib: “Məsələn, ötən il gümüş investorlarına təxminən 2,5 dəfə dəyər qazandırıb. Yəni hər 1 manat təxminən 2,5 manata çevrilib. Qızıl isə həmin dövrdə təxminən 76% bahalaşıb, yəni 1-1 manat 76 qəpik səviyyəsinə yüksəlib. Bu isə uzun illər vəsaitləri sadəcə valyutada saxlamaq, heç bir digər investisiya alətindən istifadə etməmək və bank depozitlərindən kənarda qalmaqla müqayisədə daha cəlbedici və üstün nəticə yarada bilir. Buna görə də mövcud şəraitdə vətəndaşlar passiv yığımlarını idarə edərkən daha ehtiyatlı olmalıdırlar. Əgər vəsaitlərini xarici valyutada saxlamaq istəyirlərsə, bu zaman bazarı diqqətlə izləmələri vacibdir. Məsələn, son bir il ərzində ABŞ dolları digər valyutalara münasibətdə müəyyən dəyər itirib. Təxminən bir il əvvəl 1 avro 1,12 ABŞ dollarına bərabər olduğu halda, hazırda bu göstərici 1,15 dollara, bəzi hallarda isə 1,17 dollara qədər yüksəlib. Yəni avro dollar qarşısında təxminən 10-12% dəyər qazanıb. Azərbaycan manatı ilə ifadə etdikdə isə avronun məzənnəsi əvvəllər təxminən 1 manat 75 qəpik səviyyəsində olduğu halda, hazırda 2 manatın üzərində formalaşır. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan manatının məzənnəsi Mərkəzi Bankın siyasətinə uyğun olaraq əsasən ABŞ dollarına münasibətdə sabit saxlanılır. Digər valyutalara münasibətdə isə məzənnə bazarda formalaşır. Bu səbəbdən də ABŞ dollarının digər valyutalara münasibətdə dəyər itirməsi və ya bahalaşması manatın da həmin valyutalara qarşı mövqeyinə təsir göstərir. Bu aspektdən yanaşdıqda, hazırkı şəraitdə Azərbaycan vətəndaşları bazardakı konyunkturanı diqqətlə izləməklə, xüsusilə avro və funt sterlinq kimi valyutalara investisiya etməklə daha üstün investor və ya passiv yığımçı mövqeyi tuta bilərlər”. Sevinc İbrahimzadə / Metbuat.az