AZ

İsveç iqtisadiyyatının artım tempi proqnozdan aşağı olub

Stokholm, 12 mart, AZƏRTAC

İsveç iqtisadiyyatında artım gözləniləndən zəif olub.

AZƏRTAC xəbər verir ki, hökumət iqtisadi artım proqnozuna yenidən baxaraq ümumi daxili məhsul (ÜDM) üzrə gözlənilən göstəricini 0,2 faiz bəndi azaldıb. Yeni proqnoza əsasən, ölkə iqtisadiyyatının bu il 2,8 faiz böyüyəcəyi gözlənilir.

Maliyyə naziri Elizabet Svantesson bildirib ki, proqnozun pisləşməsinə iki əsas amil təsir göstərib: Yaxın Şərqdə davam edən münaqişə və xərcləri məhdudlaşdırmağa davam edən İsveç ev təsərrüfatlarının ehtiyatlı davranışı. Hökumətin fikrincə, iqtisadi artımı sürətləndirmək üçün vətəndaşlar istehlakı artırmalıdır.

Hökumət nümayəndələri qarşıdan gələn yaz büdcəsində əhali üçün əlavə dəstək tədbirlərinin nəzərdə tutulacağını istisna etmirlər. Bu tədbirlərə enerji təminatı üzrə yardım və yanacağa tətbiq olunan vergilərin azaldılması daxil edilə bilər. Bundan əlavə, aprelin 1-dən ərzaq məhsullarına ƏDV-nin azaldılması planlaşdırılır ki, bu da iqtisadi fəallığı stimullaşdırmalıdır.

Hökumətin proqnozu Yaxın Şərqdəki münaqişənin yaxın həftələrdə başa çatacağı ilə bağlı ehtimala əsaslanır. Münaqişənin uzanması enerji daşıyıcılarının qiymətlərinin artmasına, inflyasiyanın və faiz dərəcələrinin yüksəlməsinə, həmçinin istehlakın daha da azalmasına səbəb ola bilər.

Mövcud qeyri-müəyyənliyə baxmayaraq, hökumət hesab edir ki, İsveç iqtisadiyyatı artıq tənəzzülün ən aşağı mərhələsini geridə qoyub və tədricən bərpa olunmağa başlayır.

Müxalifət hökuməti iqtisadi proqnozların qeyri-dəqiqliyinə görə tənqid edir.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm 

Seçilən
88
4
azertag.az

5Mənbələr