AZ

Pakistan bu səbəbdən sərhəddə əlavə təhlükəsizlik tədbirləri görüb - İrandakı rejim zəifləyərsə...

“ABŞ və İsrailin İrana qarşı son hücumları Yaxın Şərq və Cənubi Asiyada yerləşən kövrək geosiyasi və məzhəb çatlaqlarını üzə çıxardıb. Hərbi ölçüdən kənara çıxan bu hadisələr regional sabitlik və onsuz da dəyişkən bir mühitdə eskalasiya riski ilə bağlı daha geniş narahatlıqlar doğurur”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a açıqlamasında bildirib.

Rəsmi Ankaranın proseslərə həssas yanaşmasından və cərəyan edən hadisələrə operativ reaksiyasından bəhs edən analitik qeyd edib ki, Türkiyə bölgədə radikal kürdlərin ABŞ və İsrailin əlində alət olmasından ehtiyat edir: “İrana qarşı müharibə başladıqdan sonra ABŞ Prezidenti Donald Tramp İraqdakı iki əsas kürd fraksiyasının liderləri - Məsud Bərzani və Bafel Tələbani ilə telefonla danışaraq İranla aparılan müharibəni və mümkün gələcək hərəkətləri müzakirə etmişdi. Bundan sonra kürdlərin İran-İraq sərhədi boyunca minlərlə əsgər yerləşdirdiyi və müharibə irəlilədikcə, həlledici ola biləcək strateji ərazilərə nəzarət edə biləcəkləri xəbəri yayıldı. Bundan başqa, İsrail rəsmilərinin də bölgənin kürd liderləriylə təmasda olduğu bildirildi. Buna baxmayaraq, radikal və silahlı kürdlərin liderləri İrana qarşı müharibədə iştirak etməyəcəklərini söyləyiblər. Onlar bunu ona görə bəyan ediblər ki, İranın silahlı qüvvələri kürd qruplaşmalara zərbələr endirməsin. Ancaq İrandakı rejim zəifləyərsə, bölgədəki silahlı kürdlərin fərqli qərar verə biləcəkləri də mümkündür”.

İslamabadın da İran – İsrail, ABŞ müharibəsinə həssas yanaşmasından bəhs edən E.Şahinoğlu vurğulayıb ki, İranla sərhədi olan Pakistan da qonşu ölkədə qeyri-müəyyənlikdən narahatdır: “Pakistan neytrallığını qorusa da, İrana qarşı müharibənin davamı İslamadadı ciddi narahat edir. İran-Pakistan sərhədindəki silahlı bəlucların yenidən fəallaşması ehtimalı İslamabadı qabaqlayıcı addımlar atmağa məcbur edə bilər. Bəlucların yaşadıqları bölgələr qeyri-sabitdir. Bəluc separatçıları həm İranda, həm də Pakistanda hücumlar təşkil edə bilərlər. Pakistan bu səbəbdən sərhəddə əlavə təhlükəsizlik tədbirləri görüb”.

Politoloq bəlucların hücumlarının Çini də hər zaman narahat etdiyini xatırladıb: “Çünki, separatçı bəluclar Çin-Pakistan İqtisadi Dəhlizinə təhlükə yaradırlar. Pekin bu layihəyə milyardlarla dollar yatırım qoyub. Pakistanın Çinlə strateji müttəfiqliyinə baxmayaraq, Donald Tramp ABŞ Prezident seçiləndən sonra İslamabadın Vaşinqtonla da sıx tərəfdaşlıq münasibətləri qurulub. Pakistanın baş naziri Nəvaz Şərif Donald Trampla dostluq münasibətlərinə malikdir. Pakistan Trampın təsis etdiyi “Sülh Şurası”nın üzvüdür. Əfqanıstanla Pakistan arasında hərbi toqquşmada Vaşinqton İslamabadı dəstəkləyib. Pakistan İrana qarşı müharibədə tərəf olmasa da, İslamabad Tehranın qonşu ölkələrə qarşı raket və dron zərbələrini tənqid edib. İran alovu bölgəyə yaymağa çalışarsa, Pakistanın neytrallığını qorumaq çətin olacaq. Misal üçün İslamabad bəyan edib ki, İran Səudiyyə Ərəbistanına raket və dron zərbələrini dayandırmasa, Pakistan buna seyrçi qalmayacaq. Ər-Riyadla İslamabad arasındakı uzunmüddətli münasibətlər Pakistanın xarici siyasətinin vacib sütunu olaraq qalır. İki ölkə 1980-ci illərdən bəri müdafiə sahəsində sıx əməkdaşlıq edirlər. Səudiyyə Ərəbistanı həmçinin iqtisadi gərginlik dövrlərində Pakistana maliyyə yardımı göstərib və bu da onların tərəfdaşlığının əhəmiyyətini daha da artırıb”.

E.Paşasoy,
Musavat.com

Seçilən
105
36
musavat.com

10Mənbələr