"Dünya ədalətli bir yer deyil, lakin xalqlar və dövlətlər bəzən təzyiqlərə qarşı durmağı bacarırlar".
APA xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Müasir dünyada isə informasiya texnologiyalarının geniş yayılması ilə ədalət və bərabərlik anlayışları bəzən təhrif olunur. Biz bunu son dövrlərdə Ukrayna məsələsində gördük. Bu müharibədə mülki əhaliyə qarşı hücumlar və dağıntılar davam edir. Eyni zamanda, bəzi ölkələrdə ticarət marşrutlarının və iqtisadi əlaqələrin siyasi alətə çevrilməsi də müşahidə olunur. Ən narahatedici məqamlardan biri isə müttəfiqlər və tərəfdaşlar arasında qarşılıqlı hörmət və bərabərlik prinsipinin bəzən qəbul edilməməsidir. Məsələn, Kanada ilə ABŞ arasında baş verən hadisələr bunu göstərir. Bu iki ölkə iqtisadi baxımdan sıx bağlı olsa da, müəyyən bəyanatlarda ABŞ-ın Kanadaya ehtiyacı olmadığı iddia edildi. Halbuki əslində ABŞ Kanada tərəfindən təmin olunan xammal, enerji və digər məhsullar olmadan normal fəaliyyət göstərə bilməz. Kanadada isə maraqlı bir proses baş verdi. Kanada vətəndaşları öz təşəbbüsləri ilə ABŞ-a turizm səfərlərini azaltmağa qərar verdilər. Bu, hökumətin qərarı deyil, vətəndaşların şəxsi seçimidir. Onların bu qərarı ABŞ turizm sektorunda ciddi iqtisadi itkilərə səbəb oldu və bunun domino effekti digər sahələrə də təsir göstərdi. Digər bir nümunə isə Ukraynadır. Rusiya 2022-ci ildə Ukraynaya hücum edərkən qısa müddətdə qələbə paradı keçirməyi planlaşdırırdı. Lakin müharibə hələ də davam edir və Ukrayna xalqı ciddi müqavimət göstərir. Çünki əks halda onlar Buça, İrpin və digər şəhərlərdə gördüyümüz kimi zorakılıqlara və qəddarlıqlara məruz qalacaqlar. Bu hadisələr adi müharibə deyil, mülki əhaliyə qarşı hücumlar idi. Dünya ədalətli bir yer deyil. Lakin biz aqressiya, hörmətsizlik və təhdidlərə qarşı müxtəlif cavab nümunələri də görürük. Bu nümunələr göstərir ki, xalqlar və dövlətlər bəzən birlik və iradə sayəsində bu cür təzyiqlərə qarşı durmağı bacarırlar”, - deyə Vayra Vike-Frayberqa qeyd edib.