Azərbaycan və Ermənistan arasında tarixi sülh razılaşması dünyada sülh yönümlü, maarifləndirici liderlərin çatışmadığı bir zamanda baş tutdu.
APA xəbər verir ki, bunu Timor-Leste Demokratik Respublikasının Prezidenti, Nobel Sülh Mükafatı laureatı Xose Ramos-Horta XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Prezident İlham Əliyevə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə bizi yenidən Bakıya dəvət etdikləri üçün təşəkkürümü bildirirəm. Prezidenti 2026-cı il Zayed İnsan Qardaşlığı sülh Mükafatını layiqincə qazandığına görə təbrik edirəm. O cümlədən bu mükafatı alan Ermənistan Baş naziri Nikol Paşinyanı da təbrik edirəm. Azərbaycan və Ermənistan arasında tarixi sülh razılaşması dünyada sülh yönümlü, maarifləndirici liderlərin çatışmadığı bir zamanda baş tutdu”, - deyə Timor-Leste Demokratik Respublikasının Prezidenti qeyd edib.
O nəzərə çatdırıb ki, hazırda asanlıqla qarşısı alına biləcək başqa bir müharibə baş verib: “İrana qarşı müharibə qarşısı alına biləcək klassik nümunələrdən biridir. Tarixin dərsləri nəzərə alınmadıqda, tarix təkrarlanır, cəsədlər yığılır. Hazırda biz 80 illik nisbətən aydın qaydalar və institutlar sisteminə malikik, lakin dünyamız uçurum istiqamətində gedir. Hüquq və qaydalar yalnız kiçik və zəif ölkələr üçün tətbiq olunur. Beynəlxalq hüquq seçici tətbiq olunmamalıdır. Ədalət və etibarın pozulması, daxili əməkdaşlıq üçün əsasın itirilməsi halları yaranır. Qərb liderlərinə hörmətlə xatırladıram ki, bu davam edərsə, hər kəs itirə bilər”.