AZ

“Ən böyük motivasiyam puldur” - Məşhur aktyorla MÜSAHİBƏ

Martın 10-da Azərbaycan peşəkar milli teatrının yaradılmasının 153-cü ildönümü tamam olub. Bu tarix 13 ildir ölkəmizdə Milli Teatr Günü kimi qeyd edilir. Akademik Milli Dram Teatrında təşkil olunan tədbirə ölkəmizlə yanaşı, Türkiyə və Özbəkistanın teatr xadimləri, bu sahə üzrə aparıcı qurumların rəhbər və nümayəndələri qatılıblar. Türkiyə Dövlət Teatrlarının baş direktoru Tamer Qaradağlı da Azərbaycana dəvət olunub. Aktyor bu müasibətlə bir sıra tədbirlərə və görüşlərə qatılıb.

Haşiyə: Tamər Qaradağlı 24 may 1967-ci ildə Ankarada anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə ABŞ-yə köçüb. Lisey dövründən kino və teatr sahəsinə böyük maraq göstərib. TED Ankara Kollecini, Çankaya Liseyini və Bilkent Universitetinin musiqi və səhnə sənətləri fakültəsini bitirib.

İlk dəfə 1992-ci ildə Ankara Dövlət Teatrının səhnəsində nümayiş olunan “Uyarca” tamaşasında peşəkar aktyor kimi səhnəyə çıxıb.

“Ferhunde Hanımlar” serialındakı rolu ilə məşhurluq qazanıb. Onu ən çox tanıdan seriallardan biri də “Çocuklar duymasın” olub. Sənətçi ingilis dilinin 8 ləhcəsini bilməsi ilə məşhurdur.

“Yeni Sabah” Türkiyə Dövlət Teatrlarının baş direktoru, azərbaycanəsilli məşhur aktyor Tamer Qaradağlı ilə müsahibəni təqdim edir.

- Teatr və kino sahəsindəki ən böyük motivsiya qaynağınız nədir?

- Ən böyük motivasiyam puldur. Aktyor olarkən ən böyük düşüncəm məşhur olmaq idi. Lakin bu təkcə istəkdən ibarət deyildi. Çox çalışdım, çox əziyyət çəkdim, arzumu reallaşdırdım, hazırda olduğum mövqeyi qazandım. İşini sevərək görürsənsə və pul qazanırsansa, bu çox əla bir şeydir.

- Hazırda Türkiyə Dövlət Teatrlarının baş direktorusunuz. Bu vəzifə sizin üçün aktyorluqdan nə ilə fərqlənir?

- Teatrın rəhbəri olaraq standart maaş alıram. Yəni əlavə qazancım yoxdur. Keçmişdəki gözəl günlər geridə qaldı. İnsanlar illərlə işləyib dövlət sektorundan özəl sahəyə keçir. Məndə isə tam əksi oldu. Özəldən dövlətə keçdim.

- Sizcə, teatrın gənc aktyorların yetişdirilməsində rolu nə qədər önəmlidir?

- Teatr və incəsənət aləminin insanın özünü inkişaf etdirməsində rolu böyükdür. Mədəniyyət sahəsi insana çox şey qazandırır. Ən çox da kitab oxumaq. Burada söhbət kitabı telofona yükləyib oxumaqdan yox, kitabın özünü oxumaqdan gedir. Yəni insan oxuduğu hər biri kitabı toxunaraq hiss etməyi bacarmalıdır. Oxuyaraq özünü inkişaf etdirməlidir. Ümumiyyətlə, insan hansı sahədə olursa olsun, sənətə meyilli olmalıdır. Ədəbiyyat, teatr, musiqi, rəsm insanın həyatını rəngarəng edir. Bizim oxuduğumuz məktəblər konservatoriyalardır. Mühəndislərin isə sahəsi tamam başqadır. Lakin yenə də incəsənət sahəsini bilmək insan həyatı üçün vacibdir. İncəsənəti peşəkar şəkildə öyrənmək vacib deyil, lakin hər kəs az da olsa bu sahəyə meyil etməlidir. Arzu edirəm ki, insanlarımız incəsənətsiz qalmasın.

- Azərbaycanlı aktyorlara və gənc sənətçilərə hansı məsləhətləri vermək istəyirsiniz?

- Bu yaşıma qədər bəyənmədiyim heç bir yerdə olmamışam. Bir şeyi etmək ürəyimdən keçmirsə, onu etmirəm. Hər zaman qəlbinizin səsinə qulaq asın. Nəyisə  edim, ya etməyim deyərək seçim qarşısında qalırsınızsa, mütləq edin. Həyat çox qısadır. Çalışın məntiqiniz çərçivəsində ağlınıza gələn hər şeyi edin.

- Sizi milyonlarla tamaşaçıya tanıdan “Çocuklar Duymasın” serialında yaratdığınız “Haluk” obrazı həyatınızda nəyi dəyişdi? 17 il eyni obrazı canlandırmaq necə hiss idi?

- Çoxları məni Tamer yox, Haluk kimi tanıyır. Fasilələrlə 20 ilə yaxın o obrazı canlandırmışam. Orada Haluk sərt xarakterli bir kişi idi. Bəzən düşünürəm ki, vəfat edəndə məni əsl kişi kimi yad edəcəklər. Bütün bunları fikirləşəndə sevinirəm.

- Həmin serialda Azərbaycanca danışdığınız bir hissə var. “İmam Hüseyn haqqı” filan deyirsiniz. Həmin hissəni öyrənmək üçün hansısa təlim almışdınızmı, yoxsa özünüz öyrənmisiniz?

- Atamın anasında, yəni nənəmdən eşitdiyim sözlər idi. Ailə içində tez-tez belə ifadələrlə rastlaşırdım. O səhnə ilə bağlı xüsusi təlim almamışam.

- Hazırda Türkiyə-Azərbaycan Universitetindəsiniz. Təhsil sahəsində qurulan bu işbirliyinin teatr və sənət sahəsində də qurulması mümkündürmü?

- Mütləq olmalıdır. Bundan öncə də iki dövlət arasında ortaq işlər görülüb. Yenə də görülməlidir. İndi daha güclü şəkildə ortaq olmağı bacarmalıyıq. Hətta gecikmişik məncə. Hər dəfə deyirik ki, bir milət, iki dövlətik. Bunu göstərməyi bacarmalıyıq. Türkiyə Dövlət Teatrları olaraq Azərbaycanla ortaq bağımız heç vaxt qırılmayacaq. Bundan sonra da daha güclü iş birliyi üçün çalışmalıyıq. Burada olduğum bir neçə gün ərzində də xeyli müzakirələr apardıq. İnşallah ortaq bir nəticəyə gələ bilərik.

- Bəs əgər ortaq film, serial və ya teatr tamaşası qurularsa, siz də aktyor və ya rejissor kimi iştirak edərsinizmi?

- Mütləq şəkildə iştirak edərəm. Amma sadəcə aktyor kimi. Rejissor olaraq iştirak etmərəm. Çünki Azərbaycanda da, Türkiyədə də çox dəyərli rejissorlarımız var. Kaş ki, elə bir fürsət yaradılsın, mən də gəlib aktyor kimi iştirak edim.

- Azərbaycanda martın 10-u Milli Teatr Günü qeyd olundu. Siz də həmin tədbirdə iştirak etdiniz. Orada sizə  Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən “Sənətkar” medalı təqdim olundu. Təəssüratlarınız necədir?

- Çox sevindim. Çox xoşbəxt oldum. Məni bu medala layiq gördükləri üçün bütün Azərbaycan teatr kollektivinə təşəkkür edirəm. Hamınıza işlərinizdə uğurlar arzulayıram. Tezliklə görüşmək ümidi ilə.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
105
50
yenisabah.az

10Mənbələr