ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paris, 12 mart, AZƏRTAC
Beynəlxalq Enerji Agentliyinin (AIE) 32 üzv ölkəsi strateji ehtiyatlardan ümumilikdə 400 milyon barel neft buraxmaq barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu qərar qurumun tarixində ən böyük ehtiyat buraxılışı hesab olunur.
Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, buraxılan neft həcmi Hörmüz boğazından 20 gün ərzində həyata keçirilən ixracata bərabərdir. Emmanuel Makron bu açıqlamanı G7 ölkələrinin liderləri ilə keçirilən videokonfransdan sonra verib. Görüşdə əsas mövzu Yaxın Şərqdə davam edən müharibənin iqtisadi nəticələri və xüsusilə enerji bazarına təsiri olub.
Fransa Prezidenti vurğulayıb ki, bu addımın məqsədi bazarlara “aydın siqnal göndərərək, dünya üzrə neft qiymətlərinin aşağı düşməsinə kömək etməkdir”. Fransa da öz növbəsində ehtiyatlarından 14,5 milyon barelə qədər neft buraxmağı planlaşdırır.
Emmanuel Makron həmçinin tərəfdaş ölkələri digər dövlətləri neft və qaz ixracına məhdudiyyətlər tətbiq etməməyə çağırıb. Onun sözlərinə görə, belə məhdudiyyətlər enerji bazarlarında sabitliyi poza bilər. Prezident əlavə olaraq, Donald Trump və digər G7 liderlərini Hörmüz boğazında gəmiçiliyin azadlığını mümkün qədər tez bərpa etmək üçün koordinasiyalı fəaliyyət göstərməyə çağırıb. Hazırda bölgədəki müharibə səbəbindən boğaz vasitəsilə karbohidrogen daşımaları faktiki olaraq iflic vəziyyətindədir. Bu marşrutdan dünya neft istehsalının təxminən 20 faizi keçir.
Bununla belə, Emmanuel Makron bildirib ki, bu vəziyyət Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi üçün əsas ola bilməz. Onun sözlərinə görə, videokonfrans formatında keçirilən fövqəladə G7 toplantısında iştirakçılar Rusiyaya münasibətdə mövqeni dəyişməmək və Ukraynaya dəstəyi davam etdirmək barədə razılığa gəliblər.
Fransa Prezidenti həmçinin qeyd edib ki, İranın hərbi imkanları ABŞ və İsrailin zərbələrindən sonra tamamilə aradan qalxmayıb. Onun sözlərinə görə, İranın ballistik hərbi potensialına ciddi zərər dəysə də, ölkə regiondakı bir neçə dövlətə qarşı hücumlarını davam etdirir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.