AZ

“QHT lərin təşəbbüskarlığı artır, maliyyə imkanları isə məhduddur”

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Azərbaycan QHT sektorunda baş verən dəyişikliklərin miqyasını anlamaq üçün statistika mühüm göstəricidir. Mövcud məlumatlara görə ölkədə 4200-dən artıq qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib və onların təxminən üç minə yaxını müxtəlif sosial və ictimai layihələr vasitəsilə aktiv fəaliyyət göstərir”.

Gununsesi.info bildirir ki, bu fikirləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib:

“Bu təşkilatlar sosial xidmətlər, gənclərlə iş, ekoloji təşəbbüslər, regional inkişaf, maarifləndirmə və beynəlxalq əməkdaşlıq kimi müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Başqa sözlə, QHT sektoru cəmiyyətin problemlərinə cavab verən geniş təşəbbüs platforması kimi çıxış edir.

2026-cı il üzrə keçirilən qrant müsabiqələrinin statistikası da vətəndaş cəmiyyətinin təşəbbüskarlığının artdığını göstərir. Müsabiqələrdə iştirak etmək üçün 707 QHT tərəfindən ümumilikdə 789 layihə təqdim olunub. İlkin texniki seleksiya zamanı 187 layihə müəyyən prosedur və texniki tələblərə uyğun gəlmədiyi üçün növbəti mərhələyə buraxılmayıb və nəticədə 602 layihə müstəqil ekspert qiymətləndirilməsinə təqdim olunub.

Bu rəqəmlər bir tərəfdən QHT-lərin təşəbbüskarlığının artdığını göstərir, digər tərəfdən isə sektorun bir hissəsində layihə hazırlama bacarıqlarının və institusional peşəkarlığın hələ də inkişaf mərhələsində olduğunu göstərir.

Maliyyə ehtiyacları ilə bağlı rəqəmlər isə daha düşündürücüdür. Hesablamalara görə, təqdim olunan bütün layihələrin maliyyələşdirilməsi üçün təxminən 18–18,5 milyon manat vəsait tələb olunur. Halbuki QHT Agentliyinin illik qrant büdcəsi bu məbləğdən təxminən dörd-dörd yarım dəfə azdır.

Bu fakt vətəndaş cəmiyyəti sektorunun real vəziyyətini daha aydın göstərir. Bir tərəfdən QHT-lərin sosial təşəbbüs potensialı kifayət qədər genişdir, digər tərəfdən isə mövcud maliyyə imkanları bu təşəbbüslərin hamısını dəstəkləməyə imkan vermir.

Bu vəziyyət eyni zamanda QHT-lərin maliyyə dayanıqlığı məsələsini də gündəmə gətirir. Dövlət qrantları mühüm rol oynasa da, sektorun uzunmüddətli inkişafı üçün digər maliyyə mexanizmlərinin – beynəlxalq tərəfdaşlıqların, korporativ sosial məsuliyyət proqramlarının və sosial sifariş modellərinin inkişafı da vacibdir.

Mənim müşahidəmə görə, son illərdə dövlət-QHT münasibətlərində ən diqqət çəkən dəyişiklik vətəndaş cəmiyyətinə yanaşmanın tədricən dəyişməsidir. QHT-lər artıq yalnız layihə icraçıları kimi deyil, ictimai təşəbbüslərin və sosial ideyaların formalaşdığı platformalar kimi qəbul olunur.

Bu yanaşma müasir dövlət idarəçiliyinin mühüm elementlərindən biridir. Bir çox ölkələrin təcrübəsi göstərir ki, sosial problemlərin həllində və ictimai siyasətin hazırlanmasında vətəndaş cəmiyyətinin iştirakı dövlət institutlarının fəaliyyətini daha çevik və səmərəli edir.

Azərbaycan üçün də bu istiqamət xüsusi əhəmiyyət kəsb edir. Çünki sosial sahələrdən tutmuş ictimai maarifləndirməyə qədər bir çox istiqamətdə QHT-lərin potensialı kifayət qədər böyükdür”.

O qeyd edib ki, son dövrdə Azərbaycan QHT-lərinin beynəlxalq platformalarda iştirak imkanlarının genişlənməsi də diqqət çəkən tendensiyalardan biridir:

“Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13), Qlobal Cənub QHT Platformas və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT platforması çərçivəsində planlaşdırılan tədbirlər Azərbaycan vətəndaş cəmiyyəti üçün yeni imkanlar yaradır. Bu cür platformalar təcrübə mübadiləsi, regional əməkdaşlıq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyətlidir.

Bununla belə, QHT sektorunun qarşısında hələ də müəyyən çağırışlar qalmaqdadır. Ən mühüm məsələlərdən biri peşəkar kadr potensialının artırılmasıdır. Layihə idarəetməsi, strateji planlaşdırma və analitik fəaliyyət sahələrində ixtisaslaşmış mütəxəssislərə ehtiyac hələ də yüksəkdir.

Digər mühüm məsələ isə maliyyə dayanıqlığıdır. QHT-lərin böyük hissəsi fəaliyyətini əsasən qrant layihələri üzərində qurur. Bu isə uzunmüddətli institusional inkişaf üçün yetərli sayılmır

Bütün bu amilləri nəzərə aldıqda demək olar ki, Azərbaycan QHT sektoru yeni inkişaf mərhələsinə daxil olur. Dövlətlə vətəndaş cəmiyyəti arasında münasibətlərin daha sistemli və koordinasiyalı şəkildə qurulması bu prosesin əsas xüsusiyyətlərindən biridir.

Həyata keçirilən institusional dəyişikliklər,  ardıcıl və şəffaf şəkildə davam etdirilən islahatlar Azərbaycan vətəndaş cəmiyyəti sektorunun həm regional, həm də beynəlxalq səviyyədə daha fəal rol oynamasını şərtləndirəcək. Bu isə QHT-lərlə yanaşı, ümumilikdə cəmiyyətin sosial və institusional inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir”.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
5
icma.az

6Mənbələr