Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər durmadan inkişaf edir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri də Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişafında mühüm addım kimi dəyərləndirilə bilər.
Kosta səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Tərəflər görüşdə müxtəlif istiqamətlər üzrə münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıblar.
Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının gələcək perspektivləri
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında tərəfdaşlığın uzun tarixi var:
“Azərbaycanın əsas etibarı ilə alternativ enerji mənbəyi rolunda çıxış etməsi və Aİ-nin enerjiyə olan tələbatının bir hissəsinin ölkəmiz vasitəsilə təmin edilməsi bu münasibətləri daha da dərinləşdirib. 1994-cü ildə “Əsrin müqaviləsi” ilə başlayan bu tərəfdaşlıq sonradan Cənub Qaz Dəhlizi vasitəsilə davam etdirildi”.
Deputat qeyd edib ki, yeni dördüncü sənaye inqilabı kontekstində sənayenin əsas hərəkətverici qüvvəsi olan enerjinin bərpa olunan enerji mənbələrindən təmin olunması da Aİ-Azərbaycan arasındakı münasibətləri yeni bir mərhələyə qaldırıb:
“Beləliklə, 2022-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq sənədi imzalandı. Azərbaycan yeni tarixi mərhələdə yeni bərpa olunan enerji mənbəyi kimi çıxış etməyə başlayıb. Bu isə ölkəmizin enerji siyasətinin nə qədər doğru olduğunun isbatıdır”.
Müsahibimiz hesab edir ki, Azərbaycan artıq Aİ ilə tərəfdaşlıqda tükənən qazma enerjisindən tükənməyən, bərpa olunan enerji münasibətlərinə keçir:
“Bu isə daha uzunmüddətli əməkdaşlıqdır”.
H. Babaoğlunun fikrincə, Aİ ilə Azərbaycan arasında münasibətlər bundan sonrakı mərhələdə daha çoxşaxəli və daha strateji əhəmiyyət kəsb edəcək:
“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta mətbuat üçün verdiyi bəyanatda 3 məsələni önə çəkib. O, Azərbaycanın etibarlı tərəfdaş olması, enerji mənbəyi kimi təhlükəsiz mənbə olmasını və Orta Dəhlizin işə düşməsilə ölkəmizin Avropa ilə Asiya arasında əlaqələrdə rolu məsələsini önə çıxardı. Bütün bunların hər biri ayrılıqda mühüm əhəmiyyətli, strateji məsələlərdir. Bu isə bundan sonrakı mərhələdə də Aİ ilə Azərbaycan arasında münasibətlərin daha çoxşaxəli və daha strateji əhəmiyyət kəsb edəcəyinin göstəricisidir”.
Rüfət Sultan, Bizim.Media