9 mart tarixində keçirilən buraxılış imtahanı zamanı bir neçə şagirddə yüksək stres səbəbindən səhhətin pisləşməsi halları qeydə alınıb.
Bildirilir ki, bəzi abituriyentlər imtahanın gərginliyi fonunda huşunu itirib və tibbi müdaxiləyə ehtiyac yaranıb. Bu hallardan biri kimi bir qız şagirdin də imtahan zamanı huşunu itirdiyi qeyd olunur.
Valideyninin sözlərinə görə, şagird imtahan vaxtı özündə olmayıb və yazdıqlarını xatırlamadığını bildirib. Belə kəskin stres reaksiyalarının imtahan nəticələrinə birbaşa mənfi təsir göstərə biləcəyi vurğulanır.
Maraqlıdır, imtahan öncəsi və ya imtahan zamanı bənzər vəziyyət yarandıqda, şagirdlər qısa müddətdə özlərini sakitləşdirmək üçün hansı praktik addımları atmalıdırlar?
AzEdu.az-a mövzu ilə bağlı psixoloq Nizami Orucov danışıb.
Psixoloq qeyd edib ki, şagirdlərin ‘imtahanın nəticəsi nə olacaq?’ kimi düşüncələrdən uzaqlaşıb yalnız qarşıdakı suallara diqqət yetirməsi vacibdir:
"İmtahan öncəsi belə hallar təəssüf ki, nadir deyil. Şagird uzun müddət hazırlıq prosesində yüksək gözlənti və məsuliyyət hissi ilə yaşayır və imtahan yaxınlaşdıqca stress səviyyəsi kəskin artır. Bu gərginlik bəzən fiziki reaksiyalarla, ürək döyüntüsünün artması, başgicəllənmə, titrəmə və hətta huş itirmə ilə özünü göstərə bilər. Bu, çox vaxt güclü panika və emosional yüklənmənin nəticəsidir.
İmtahan öncəsi və ya imtahan zamanı belə vəziyyət yarananda şagird üçün ən vacib addım nəfəsi və diqqəti tənzimləməkdir. Bir neçə dəfə yavaş və dərin nəfəs almaq, nəfəsi qısa müddət saxlayıb yenidən buraxmaq bədənin gərginliyini azalda bilər. Eyni zamanda diqqəti “imtahanın nəticəsi nə olacaq?” kimi düşüncələrdən uzaqlaşdırıb yalnız qarşıdakı suallara yönəltmək vacibdir. Bəzən 1–2 dəqiqə gözləri bağlayıb sakitləşmək və sonra suallara başlamaq panikanı xeyli azaldır. Həmçinin imtahana qədərki saatlarda kifayət qədər yuxu almaq, ağır informasiya yükündən uzaq durmaq və özünü başqaları ilə müqayisə etməmək də stressi azaltmağa kömək edir".
İmtahan binalarında psixoloqların olması zəruridir; çünki şagirdin bilik səviyyəsi qədər, onun emosional sabitliyi də nəticəyə təsir edir:
"Belə halların qarşısını almaq baxımından imtahan keçirilən binalarda psixoloqların olması çox faydalı ola bilər. Psixoloq yalnız problem yarananda müdaxilə edən şəxs deyil, həm də profilaktik dəstək verən mütəxəssis olmalıdır. İmtahana gələn şagirdlərlə qısa psixoloji söhbətlər aparmaq, panika yaşayanları sakitləşdirmək, nəfəs və diqqət texnikalarını tətbiq etmək onların vəziyyətini sabitləşdirməyə kömək edə bilər. Bəzən bir neçə dəqiqəlik psixoloji dəstək belə şagirdin özünü toparlayıb imtahana daha rahat başlamasına imkan yaradır.
Ümumiyyətlə, imtahanın yalnız akademik deyil, həm də psixoloji proses olduğunu qəbul etmək vacibdir. Şagirdin bilik səviyyəsi qədər onun emosional sabitliyi də nəticəyə təsir edir. Bu səbəbdən təhsil sistemində psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi çox önəmlidir".
AzEdu.az- a mövzu ilə bağlı psixoloq Gülnar Orucova da açıqlama verib.
Psixoloji dəstək son ana saxlanılmamalıdır. Məktəb psixoloqları 9, 10 və 11-ci sinif şagirdlərini bir araya toplamalı, yarana biləcək gərginliklərin qarşısını almaq üçün onlara öncədən mənəvi dəstək olmalıdırlar:
"Son dövrlərdə valideynlər abituriyent hazırlığında olan övladlarını psixoloq yanına yalnız vəziyyət pik həddə çatanda gətirirlər. Uşaq artıq: 'Mən heç nə bilmirəm, dəftəri açanda gözümə heç nə görünmür' dediyi an, əslində stresin ən yüksək həddidir.
Lakin bu dəstək son ana saxlanılmamalıdır. Məktəblər 9, 10 və 11-ci sinif şagirdləri üçün bu cür xidmətləri öncədən təşkil edə bilər. Məktəb psixoloqları imtahan verəcək şagirdləri bir araya toplamalı, onlara profilaktik məsləhətlər verməli və yarana biləcək gərginlikləri qarşısını almaq üçün onlara mənəvi dəstək olmalıdırlar.
Əgər məktəb psixoloqu bu işi görmürsə, valideynlər özləri təşəbbüs göstərməlidirlər. Dövlət müəssisələrində, məsələn, Psixi Sağlamlıq Mərkəzində və poliklinikalarda ödənişsiz psixoloji xidmətlər mövcuddur. Valideynlər övladlarını bu cür mərkəzlərə apararaq maddi yük olmadan dəstək ala bilərlər. Təəssüf ki, çox vaxt valideynlər uşaqda artıq fiziki əlamətlər - əllərin əsməsi, tərləmə, həyəcan, qusma və ya kəskin həzm problemləri özünü büruzə verəndə müraciət edirlər. Bu, artıq psixoloji gərginliyin davranışa və fiziki sağlama köçdüyü mərhələdir".
Məktəb müəllimi repetitorluqla məşğul olmamalı, bütün enerjisini proqramın tədrisinə verməlidir. Bu bölgü olsa, valideynlər əlavə vəsait xərcləməz, uşaqlar isə 'pul xərclənib' təzyiqi altında əzilməzlər:
"İmtahanın öz rəsmi qaydaları var: abituriyent imtahandan çıxdısa, vəziyyətindən asılı olmayaraq geri qaytarılmır. Bu qaydalar hamı üçün bərabərdir və onlara hörmətlə yanaşmaq lazımdır. Buna görə də valideynlər daha ayıq-sayıq olmalı, problemləri öncədən görüb qarşısını almalıdırlar. Şəxsən mən tez-tez abituriyentlər üçün ödənişsiz seminarlar elan edirəm, lakin marağın az olduğunu görürəm. İnsanlarda belə bir yanlış düşüncə var ki, ödənişsizdirsə, deməli keyfiyyətli deyil. Halbuki bu imkanlardan faydalanmaq çox önəmlidir.
Abituriyentin uğurunda valideynin dəstəyi həlledici rol oynayır. Bizim valideynlər isə çox vaxt övladını hədələyir, ona: 'Universitetə girməsən nə olacaq?', 'Sənə bu qədər pul xərcləmişik, repetitora pul tökmüşük' kimi cümlələrlə təzyiq edirlər.
Mən çox istərdim ki, ölkəmizdə də Türkiyədəki kimi bir sistem tətbiq olunsun: orta məktəbdə dərs deyən müəllimlər repetitorluqla məşğul olmasınlar, bütün enerjilərini məktəbdə proqramın tədrisinə yönəltsinlər. Eyni zamanda, repetitorluq fəaliyyəti göstərən şəxslər də (dershane müəllimləri) dövlət məktəblərində çalışmasınlar. Bu bölgü olsa, valideynlər əlavə hazırlıqlara böyük vəsaitlər xərcləməz, uşaqlar isə 'pul xərclənib' təzyiqi altında stres və travma yaşamazlar. Bu, həm də gənclər arasında yaşanan intihar hallarının qarşısını almağa kömək edər".
İmtahana iki gün qalmış oxumağı dayandırmalısınız. Çünki son ana qədər oxumaq sizi uğura deyil, əksinə, beynin həddindən artıq yorulmasına aparır:
"Ümumiyyətlə, imtahan günü ilə bağlı abituriyentlərə bəzi tövsiyələrim var. İmtahan yaxınlaşdıqca bir çox gənc "vərəqi açanda elə biləcəm ki, heç nə bilmirəm" və ya "sabah imtahandır, amma sanki heç nə oxumamışam" deyə təşvişə düşür. Bu, beynin stres öncəsi verdiyi tamamilə normal və təbii psixoloji reaksiyadır.
Bu vəziyyəti minimuma endirmək üçün ilk növbədə imtahana iki gün qalmış oxumağı dayandırmalısınız. Çünki son ana qədər oxumaq sizi uğura deyil, əksinə, beynin həddindən artıq yorulmasına və nəticənin zəifləməsinə aparır. Dərs prosesini düzgün planlaşdırmaq vacibdir: hər üç saatlıq mütaliədən sonra mütləq yarım saat fasilə verilməlidir. Asudə vaxtınızı telefonla deyil, sizə maraqlı olan başqa məşğuliyyətlərlə keçirməyiniz məsləhətdir; telefondan maksimum uzaq durmaq zehni sakitlik üçün çox önəmlidir. Eyni zamanda yuxu rejiminə və qidalanmaya xüsusi diqqət yetirməlisiniz.
Yazqabağı bəzi insanlarda günəş enerjisinin təsiri ilə serotonin (xoşbəxtlik hormonu) artsa da, bəziləri vitamin çatışmazlığı və ya hava dəyişikliyi səbəbindən özlərini halsız və depressiv hiss edə bilirlər. Bu dövrdə yuxu rejiminizi qorumalı (sutkalıq 8 saat), "fast-food" və ağır karbohidratlardan qaçıb, daha çox meyvə-tərəvəz və təbii qidalar qəbul etməlisiniz.
Valideynlərinizlə ünsiyyət də uğurun bir parçasıdır. Onlara "hər nə olursa olsun, mən uğur qazanacağıma əminəm" deyərək inamlarını qazanın. Onlar da öz növbəsində "biz səni həm uğurunla, həm də uğursuzluğunla qəbul edirik" dedikdə, bu, yeniyetmənin üzərindəki gərginliyi azaldır.
Əgər psixoloji dəstəyə ehtiyac duyursunuzsa, bunu valideynlərinizə mütləq bildirin. Azərbaycanda psixoloq qəbulu elə də baha deyil, qiymətlər təxminən bir sınaq imtahanının ödənişi qədərdir. Unutmayın ki, imtahanın nəticəsi birbaşa sizin daxili rahatlığınızdan asılıdır. Özünüzə dəyər verin və özünüzə inanın – uğurlu nəticə məhz bu inamdan doğur".