AZ

Azərbaycanın veteran güləşçisi: İdmançı əsgər kimidir, məşqçi nə deyirsə, onu etməlidir MÜSAHİBƏ

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zrenyanin, 12 mart, AZƏRTAC

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında iştirak edən yunan-Roma güləşi üzrə Azərbaycan millisinin iranlı məşqçisi Sabah Şəriəti AZƏRTAC-ın suallarını cavablandırıb. “Rio-de-Janeyro-2016” Yay Olimpiya Oyunlarının bürünc, Avropa çempionatının gümüş və üçqat bürünc mükafatçısı idmançı karyerasından məşqçiliyə keçid, Azərbaycan güləşində ağır çəki ilə bağlı vəziyyət və gələcək hədəfləri barədə danışıb.

- İdmançı karyerasını bitirib birbaşa məşqçi kimi fəaliyyətə başlamaq sizin üçün necə hissdir? Xalçanın üzərində, yoxsa kənarında olmaq daha çətindir?

- Çətin sualdır, amma məncə, məşqçi olmaq daha məsuliyyətli və ağırdır. Çünki idmançı ancaq özü barədə düşünür və öz nəticəsinə görə məsuliyyət daşıyır. Amma məşqçi olandan sonra artıq bütün komanda haqqında düşünməlisən. Hər bir uşağı, hər bir şəraiti nəzərə almalısan və belə olan halda məsuliyyət daha da ağırlaşır. Bir məşqçi kimi həm psixoloji, həm texniki, həm taktiki baxımdan hər şeyə nəzarət etməlisən. İdmançı olanda isə bunu düşünmürsən. İdmançı əsgər kimidir, məşqçi nə deyirsə, onu da etməlidir.

- Hazırda yığmada ağır çəkidə (130 kiloqram) sizin yerinizi tuta biləcək perspektivli gənclər varmı?

- Azərbaycan güləşində ağır çəkidə həmişə müəyyən çatışmazlıq olub. Yüngül çəkilərdə isə səviyyə kifayət qədər yüksəkdir. Amma ağır çəkilərdə bir az çətinlik yaşayırıq. Azərbaycanlıların fiziki quruluşuna görə ağır çəkidə idmançıların sayı az olur. Buna görə də səviyyə bir qədər aşağıdır. Amma çalışırıq ki, ağır çəki üçün də idmançıları hazırlayaq və bu sahədə dəyişiklik edək. Təbii ki, hazırda bir az çətindir, amma optimist yanaşırıq. Ümid edirəm ki, gələcəkdə daha güclü idmançılar yetişdirə biləcəyik və bu sahədə də inkişaf olacaq. Bu isə yavaş-yavaş baş verəcək.

- Məşqçi kimi ən böyük xəyalınız nədir? Məsələn, olimpiya çempionu yetişdirmək üçün özünüzə nə qədər vaxt verirsiniz?

- İdmançı kimi özüm çox əziyyət çəkmişəm, medallar əldə etmişəm. Məşqçi kimi isə ən böyük arzum odur ki, tələbəm Olimpiada medalı qazansın. Bu medalın da qızıl olmasını arzulayıram. Amma bunun üçün bir az vaxt və böyük əziyyət lazımdır. Maksimum çalışırıq ki, 2028-ci ildə ABŞ-də keçiriləcək Los-Anceles Olimpiadasında buna nail olaq. İllərdir Azərbaycan yunan-Roma güləşində Olimpiya Oyunlarının qızıl medalını əldə edə bilmir. Bu tilsimi qırmaq istəyirik. Ağır çəkidə isə bir az daha vaxt lazımdır. Medal qazanmaq mümkündür, amma bunun qızıl olması daha çətindir.

- İndiki gənc güləşçilərdə sizin dövrünüzdəki kimi uğura ac olmağı və əzmkarlığı görürsünüzmü?

- Biz həmişə uşaqlarla bu barədə söhbət edirik. Bəzən yarım saat, bir saat oturub, onlara əvvəlki dövrlərdə hansı çətinliklərdən keçdiyimizi, necə məşq etdiyimizi danışırıq. Komandada elə uşaqlar var ki, çox çalışırlar. Amma əvvəlki dövrlə müqayisə etsək, o vaxtın idmançıları daha çox əziyyət çəkirdilər. Çünki şərait indikindən çətin idi. İndi isə vəziyyət bir qədər fərqlidir. Dövlət tərəfindən hər cür şərait yaradılıb.

- Azərbaycana gəlib buranı öz vətəni kimi sevən nadir əcnəbi idmançılardansınız. Sizi ölkəmizə bu qədər bağlayan nə oldu?

- Mən Azərbaycana 2013-cü ildə gəlmişəm. Güləşə vətənim İranda başlamışdım və orada da müəyyən nəticələr əldə etmişdim. Amma qismət belə gətirdi ki, Azərbaycana gəldim və karyerama burada davam etdim. O vaxtdan bəri də həmişə burada qalmışam. Özümü artıq bu ölkənin yerli insanı kimi hiss edirəm. Burada məşq etmişəm, yarışmışam, medallar qazanmışam, məğlub da olmuşam. Yəni hər cür şəraiti burada görüb, yaşamışam. Buna görə də mən özümə borc bilirəm ki, fəaliyyətimi burada davam etdirərək Azərbaycan güləşinə xidmət edim, xüsusilə də ağır çəki ilə bağlı problemin həlli üçün çalışım. İstəyirəm ki, gələcəkdə bu sahədə də irəliləyiş olsun və artıq ağır çəkidə problemimiz qalmasın.

- Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçilərinin şanslarını necə qiymətləndirirsiniz?

- Heyətdə bir qədər dəyişikliklər olub. Ötən il U-23 yığmasında Elmir Əliyev, Ziya Babaşov kimi idmançılar var idi. Hazırda heyətimiz bir qədər gəncləşib. Amma yenə də şükürlər olsun ki, yığma pis vəziyyətdə deyil. Ümid edirəm ki, hər şey daha yaxşı olacaq. Söz verirəm ki, zaman keçdikcə həm gənclər, həm də böyüklər arasında güləşçilərimiz daha yaxşı nəticələr qazanacaqlar.

Müxbir: Cavid Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
azertag.az

3Mənbələr