AZ

Həştərxanda azərbaycanlı icma rəhbəri NİYƏ həbs olunub?

Rusiyanın Həştərxan vilayətinin Axtubinsk şəhərində azərbaycanlı icmasının rəhbəri Yusif Əhməd oğlu Şəkərov saxlanıb.

Musavat.com xəbər verir ki, Yusif Şəkərov Axtubinskdə mehmanxana və kafe sahibidir. Ona qarşı tender və digər prosedurlarla əlaqəli vəzifəli şəxslərə təzyiq göstərmək, hüquq-mühafizə strukturlarına əlaqələr vasitəsilə “məsələləri həll etmək”, milli mənsubiyyətə əsaslanan münasibətlərdə “rusları alçaltmaq”; Rusiya tərəfindən aparılan xüsusi hərbi əməliyyatı “diskreditasiya etmək” kimi ittihamlar irəli sürülüb. Yusif Şəkərov əleyhinə daha ağır səslənən ittihamlar da var. O, guya 14 yaşadək qızla qeyri-etik davranışda təqsirləndirilir. Bu iddiaya görə, hadisə 2019-cu ilin oktyabrında Axtubinskdə parfumeriya mağazasında baş verib. Tsarqrad teleqram kanalı Yusif Şəkərovun saxlanıldığı və istintaq təcridxanasında saxlandığı barədə xəbər yayıb.

Xatırladaq ki, son 1 ildə Rusiyada müxtəlif ittihamlarla bir neçə azərbaycanlı diaspor sədri və çoxsaylı fəallar tutulub.

Həmyerlilərimizə qarşı kütləvi şəkildə hüquqi təzyiqlər və cinayət işləri aparılıb. Ən son həbs olunan Şahin Şıxlinski Yekaterinburqda diaspor rəhbəri idi. Şahin Şıxlinski bir müddət əvvəl kriminal ittihamla həbs olunaraq 22 il müddətinə həbs cəzasına məhkum edilib. Bu işdə ona və bir neçə başqa şəxsə 2001 və 2011-ci illərdə baş verən qətllərlə əlaqəli ittihamlar verilib. Bu cinayət işi çərçivəsində Akif, Ayaz, Kamal, Mazahir və Bakir Səfərovlar uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Onların bir neçəsi polis basqını zamanı aldıqları xəsarətlərin təsirindən həyatını itirib.

İvanovo bölgəsinin diaspor rəhbəri Asif Məmmədov da son 1 ildə həbs olunan həmyerlimizdir.

O, İvanovo vilayətində azərbaycanlıların milli-mədəni mərkəzinin sədri idi. Rusiya təhlükəsizlik strukturları tərəfindən milli təhlükəsizlik təhlükəsi iddiası ilə Rusiya vətəndaşlığından məhrum edilib. Elşən İbrahimov Moskva regionunda diaspor rəhbəri idi. Moskva bölgəsində diasporla əlaqəli fəaliyyət göstərən İbrahimov Rusiyadan deportasiya olunub. Bu faktlar göstərir ki, Rusiyada azərbaycanlı diaspor fəalları və təşkilat rəhbərlərinə qarşı ittihamların xarakteri daha çox siyasi motivlərə əsaslanır.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr