İş yerlərində növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları əsaslandırıldığı halda işəgötürən tərəfindən onun bu ehtiyacları mümkün olduqda nəzərə alınmalıdır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu ilin əvvəlindən əmək qanunvericiliyində edilmiş son dəyişikliklərdən biri də bununla bağlıdır.
Belə ki, Əmək Məcəlləsinə "Ailə vəzifələri olan işçi" anlayışı daxil edilib ki, bu anlayış qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə qulluq, köməklik göstərilməsi ilə əlaqədar olaraq əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək imkanları məhdudlaşan işçini nəzərdə tutur.
Məcəllədə həmin kateqoriyadan olan işçilərə işəgötürən tərəfindən əmək münasibətlərində güzəşt, imtiyaz və əlavə təminatların verilməsinin ayrı-seçkilik hesab edilmədiyi də bildirilir.