İş yerlərində növbəli iş vaxtı rejimi təşkil olunarkən və gecə növbəsinə işə təyin edilərkən işçilərin ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları əsaslandırıldığı halda işəgötürən tərəfindən onun həmin ehtiyacları mümkün olduqda nəzərə alınmalıdır.
“İki sahil” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin əvvəlindən əmək qanunvericiliyində edilmiş son dəyişikliklərdən biri də bununla bağlıdır.
Belə ki, Əmək Məcəlləsinə "Ailə vəzifələri olan işçi" anlayışı daxil edilib ki, həmin anlayış qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə qulluq, kömək göstərilməsi ilə əlaqədar olaraq əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək imkanları məhdudlaşan işçini nəzərdə tutur.
Məcəllədə həmin kateqoriyadan olan işçilərə işəgötürən tərəfindən əmək münasibətlərində güzəşt, imtiyaz və əlavə təminatların verilməsinin ayrı-seçkilik hesab edilmədiyi də bildirilir.