AZ

Müharibənin uzanmasının TRIPP marşrutuna mümkün təsirləri  


ABŞ, İsrail-İran müharibəsi 14-cü gününü yaşayır. Müharibənin uzanmasının nəinki region üçün, hətta bütün dünya üçün yeni problemlər gətirəcəyi şübhəsizdir.

Politoloq Qabil Hüseynli bu barədə Musavat.com-a şərhində bildirib ki, İran müharibəsinin uzanması bölgədə bir sıra strateji, iqtisadi layihələrin reallaşdırılmasına da mənfi təsirlərini göstərə, layihələrin həyata keçirilməsini yubada bilər. Bunu ilk növbədə ABŞ nəzərə almalıdır:

“Məsələn, xüsusilə strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi-TRIPP marşrutu kimi layihələrin həyata keçirilməsi geosiyasi sabitlikdən xeyli dərəcədə asılıdır. Müharibənin uzun müddət davam etməsi bu layihənin həyata keçirilməsi prosesini ləngidə bilər. Nəqliyyat dəhlizləri yalnız iqtisadi layihə deyil, həm də siyasi və təhlükəsizlik təminatı tələb edən strateji infrastrukturdur. Əgər müharibə genişələnərsə və uzun müddətli müharibəyə çevrilərsə paralel olaraq regionda qeyri-müəyyənlik də artacaq. Bu isə layihələrin maliyyələşdirilməsi və tikinti mərhələlərini yavaşlada bilər”.

Politoloq eyni zamanda hesab edir ki, Yaxın Şərqdə böyük müharibə fonunda regional güclərin diqqəti təhlükəsizlik məsələlərinə yönəlib. Bu da iqtisadi və nəqliyyat layihələrinin diplomatik gündəmdə ikinci plana keçməsi riskini meydana gətirə bilər:

“İran indiyə qədər Zəngəzur dəhlizi məsələsinə müsbət yanaşmayıb. Müharibənin uzanması İranın Cənubi Qafqazdakı kommunikasiya layihələrinə münasibətini daha sərtləşdirmək riskini daşıyır.
Bununla yanaşı uzunmüddətli müharibənin Zəngəzur dəhlizi-TRIPP kimi nəqliyyat-kommunikasiya layihələrinin əhəmiyyətini daha da artıracağı ehtimalı da yüksəkdir. Müharibə nəticəsində Yaxın Şərqdə mövcud nəqliyyat və enerji marşrutları risk altına düşərsə, alternativ dəhlizlərin əhəmiyyəti daha da arta bilər. Bu halda Zəngəzur dəhlizi-TRIPP kimi layihələr regionu Avropa ilə Asiya arasında daha təhlükəsiz logistika xətti kimi ön plana çıxara bilər. Belə bir ssenari isə layihələrin strateji əhəmiyyətini artıraraq onların sürətləndirilməsinə də səbəb ola bilər”.

Etibar Seyidağa,
Musavat.com

 

Seçilən
45
musavat.com

1Mənbələr