AZ

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndiriblər

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmiləri ilə görüşlər keçirib.

AHİK-dən AZƏRTAC-a bildirilib ki, görüşlər BƏT-in İşçilərin fəaliyyəti üzrə bürosunun (ACTRAV) yeni təyin olunmuş direktoru Oliver Röpke və təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional direktor müavini Emanuele Julien ilə baş tutub.

Görüşlərdə çıxış edən AHİK sədri Sahib Məmmədov ölkəmizdə əmək hüquqlarının müdafiəsinin Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu bildirib. O, həmkarlar ittifaqlarının bu sahədə gördüyü işlər barədə məlumat verib.

Konfederasiya sədri AHİK ilə BƏT arasında formalaşmış qarşılıqlı faydalı əməkdaşlığın praktik və nəticəyönümlü xarakter daşıdığını vurğulayıb. Bildirilib ki, BƏT-in işçi hüquqları ilə bağlı 10-u fundamental olmaqla 60 konvensiyası Azərbaycan tərəfindən ratifikasiya edilib.

Görüşlərdə qeyd olunub ki, cari ilin fevral ayında Azərbaycanda BƏT-in “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi ölkəmizdə beynəlxalq əmək standartlarına verilən diqqətin bariz nümunəsidir. Vurğulanıb ki, konvensiyadan irəli gələn öhdəliklərin icrası istehsalat xəsarətlərinin azalmasına və insan kapitalının qorunmasına mühüm töhfə verəcək.

Tərəflər, həmçinin “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası, BƏT-in ACTRAV bürosu ilə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Görüşlərdə Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib.

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın mövcud səviyyəsindən məmnunluqlarını ifadə edərək əməyin mühafizəsi, layiqli əmək şəraitinin yaradılması, ittifaq üzvlərinin maarifləndirilməsi və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial siyasət, əmək münasibətlərinin tənzimlənməsi mexanizmləri və sosial tərəfdaşlığın inkişafı yüksək qiymətləndirilib, həmkarlar ittifaqları sistemində aparılan islahatlar müsbət dəyərləndirilib.

Görüşlərdə tərəflər əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
6
azertag.az

8Mənbələr