AZ

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir

Bakı, 12 mart, AZƏRTAC

BMT sistemi daxilində süni intellekt (AI) sahəsində qlobal əməkdaşlıq və vahid yanaşmanın təmin edilməsi təşkilatın effektivliyi və üzv dövlətlərlə koordinasiyası üçün əsasdır.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibinin müavini Tomas Lamanauskas deyib.

Tomas Lamanauskas qeyd edib ki, BMT yalnız Baş Assambleya və Təhlükəsizlik Şurasından ibarət deyil, sistemdə 40-dan çox agentlik, ixtisaslaşmış qurum və onlarla yan orqan fəaliyyət göstərir. “Sistem, bəzi qurumlar BMT Xartiyasından əvvəl yaradılmış olsa da, indi vahid bir çətir altında işləyir. Bu tarixdən dərs alaraq, təşkilat müxtəlif sahələrdə qlobal problemlərin həlli üçün öz rolunu daha səmərəli icra edə bilər”,- deyə o bildirib.

ITU rəsmisi vurğulayıb ki, BMT əməkdaşlığın müxtəlif səviyyələrində fəaliyyət göstərir: informasiya mübadiləsi, tərəflərin niyyətlərini anlamaq, təhlükəsizlik risklərini azaltmaq və ictimai malların təqdimatı, o cümlədən qlobal rəqəmsal standartların təşviqi bu əməkdaşlığın mühüm elementləridir. Lamanauskasın sözlərinə görə, BMT sistemi üzv dövlətlərin tələblərinə uyğun olaraq müəyyən sahələrdə qlobal konsensus yaratmaqla effektiv fəaliyyət göstərir.

Süni intellekt sahəsindəki fəaliyyətləri nümunə göstərən Tomas Lamanauskas bildirib ki, UNESCO və ITU-nun rəhbərliyi altında 50-dən çox BMT qurumu bir çətir altında işləyir, qlobal ekspertləri cəlb edir və üzv dövlətlər üçün koordinasiyanı təmin edir. Tomas Lamanauskas bu təşəbbüsü qlobal texnologiya standartlarının formalaşması və təhlükəsiz istifadəsi üçün uğurlu addım hesab edib.

Lamanauskas vurğulayıb ki, BMT daxilində maliyyə və idarəetmə islahatları da prioritetdir. “Əsas problem maliyyə deyil, üzv dövlətlər və qurumlar arasında sistemin prioritetləri və dəyəri barədə yekdil qərarın olmamasıdır. Bunun həlli təşkilatın stabilliyini və səmərəliliyini artıracaq”, – deyə Tomas Lamanauskas əlavə edib.

Seçilən
125
2
azertag.az

3Mənbələr