AZ

Təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumundakı çıxışında dövlətimizin başçısı bir daha bildirdi ki, biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik

Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan tolerantlıq məkanı, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır. Qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik ölkədir. 2013-cü ildən başlayaraq ənənəvi keçirilən Qlobal Bakı forumları hər dövrün çağırışlarını müzakirəyə çıxarmaqla tədbir iştirakçılarının təmsil etdikləri ölkələrin mövqelərinin təqdimatında əhəmiyyətli rol oynayır. Martın 12-də Bakıda “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu öz işinə başladı.

Qeyd edək ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci ildə böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.

XIII Qlobal Bakı Forumunu açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Forumda aparılan müzakirələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirmişdir ki, tədbir indi xüsusilə önəmlidir. Çünki uzun illər ərzində sanki belə də olmalı imiş kimi qəbul etdiyimiz beynəlxalq münasibətlər və çoxtərəflilik sisteminin quruluşu gərginlik altındadır və bəlkə də pozulub. Beləliklə, növbəti günlərdə vəzifəmiz dünyanın hansı şəkildə ola biləcəyi və olmalı olduğunu yenidən təsəvvür etmək üçün təcrübəniz və müdrikliyinizdən yararlanmaqdır. Bunun üçün nostalji hisslərlə keçmişə baxmalı deyil, daha yaxşı gələcək qurmaq üçün bələdçi rolunu oynayacaq prinsiplərə sadiqliyi nümayiş etdirməliyik.

Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunu oynayır. Müxtəlif regionlardan iştirakçıların qatılması Forumun genişmiqyaslı təsirini və beynəlxalq arenada əhəmiyyətini, ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni və multilateralizmə sadiqliyini bir daha nümayiş etdirir. Bu, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolunu gücləndirir. Dövldətimizn başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmləndiyi diqqətdən kənarda qalmır. Azərbaycanın söz sahibliyi istər keçirilən beynəlxalq səviyyəli tədbirlərdə iştirakında, istərsə də də müzakirəyə çıxarılan məsələlərə yanaşmada mövqeyinə verilən önəmdə özünün aydın ifadəsini tapır. Azərbaycan əməkdaşlıq və sülh gündəliyinin müəllifi kimi diqqətdədir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın regionda dayanıqlı inkişafın təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün gündəmə gətirdiyi sülh təklifinin artıq ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri zamanı konkret nəticənin əldə edilməsi ilə yekunlaşması ölkəmizin qarşısında yeni imkanlar, üfüqlar açıb.

Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkəmiz qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilən Qlobal Bakı forumlarında dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət, etnik və digər zəmində baş verən münaqişələr və bir sıra digər qlobal problemlər geniş müzakirə edilib, onların həlli yollarının tapılması istiqamətində təhlillər aparılıb. Bu gün Azərbaycan həm də multikultural mühiti ilə tanınır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır.

Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir. Təbii ki, belə bir şəraitdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır.

Bu fakt inkaredilməzdir ki, dünyada geosiyasi vəziyyət gərginləşdikcə insanların, eləcə də dövlətlərin, dinlərin və millətlərin arasında tolerant, multikultural dəyərlərin inkişaf etdirilməsinə, qorunmasına ehtiyac daha da artır. Çünki bütün bu münaqişə və müharibələrin kökündə qarşılıqlı anlaşılmazlıqlar və bir-birilərinə qarşı dözümsüzlük durur. Bunun qarşısının alınmasının yeganə yolu isə dünyada birgəyaşayışın mükəmməl forması olan, dini və milli dözümlülüyü özündə ehtiva edən multikulturalizmi, tolerantlığı təbliğat və təşviq yolu ilə inkişaf etdirməkdir. Bu gün Azərbaycanın multikulturalizm modelinin dünyada nümunəvi birgəyaşayış forması kimi qəbul olunması ölkəmizin son illərdə bu sahədə gördüyü mühüm işlərin nəticəsidir. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə keçirilən çoxsaylı tədbirlərdə multikulturalizm, müxtəlif xalqların birgəyaşayışı təbliğ edilir.

XIII Qlobal Bakı Forumundakı çıxışında «Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi genişspektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir» söyləyən Prezident İlham Əliyev bildirdi ki, Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izləyirəm, bir qlobal forumdan digərinə keçərkən görürəm ki, fəaliyyət sahəsi getdikcə genişlənir. Təmaslar son dərəcə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumuna gəldikdə isə bu, çox nüfuzlu beynəlxalq tədbirdir. Qlobal miqyasda bu Forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər.

Cənab İlham Əliyev builki Forumun gündəliyinin çox geniş olduğunu önə çəkərək belə bir əminliyi vurğuladı ki, müzakirələr zamanı xüsusi diqqət bölgəmizdəki və dünyadakı mövcud vəziyyətə yönələcək. İndi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələdir. İşğal dövründə sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Dövlətimizin başçısı bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, xoşbəxtlikdən artıq sülh şəraitində yaşayırıq. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun: «Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik. Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur.»

Prezident İlham Əliyev çıxışında 30 ilik işğal dövrü ilə yanaşı, 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarını da diqqətə çatdırdı. Bildirdi ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, müasir dedikdə son onilliklərdə nadir bir təcrübədir. Ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Üçüncü təcrübə isə sülh təcrübəsidir. Sülhə necə nail olmaq olar? Bu isə asan iş deyil. Görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu.

Dünyada hazırda baş verənlər, yeni gərginlik nöqtələrinin yaranması və uzunmüddətli mövcud münaqişələr beynəlxalq davranış strukturuna təhdid təşkil edir. Bu, həmçinin beynəlxalq hüquqa təhdiddir. Beynəlxalq hüquqa və normalara hörmət edilməyəndə və beynəlxalq təşkilatların qətnamələri nəzərə alınmayanda ölkələrin ərazi bütövlüyü pozulur. İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik. Sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur.

30 ilik işğal dövrünün reallıqlarından bəhs edərkən 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi xüsusi qeyd edilir. Missiyasını tarixi Zəfərimizədək nədən ibarət olduğunu dərk etməyən, yaxud dərk etmək istəməyən Minsk qrupuna həmsədr ölkələr işğalçını adı ilə çağırmadan münaqişənin ədalətli həll olunacağını bildirməklə özlərinə qarşı böyük inamsızılq yaratdılar. Təbii ki, məqsəd məsəlnin həlli deyil, onun dondurulması idi. Həmin ölkələr dərk etmək istəmirdilər ki, onların işcalçı Ermənistana veridkləri vədlər heç zaman reallıq ola bilməz. Rəsmi bakı ən yüksək tribunalardan bəyan edirdi ki, işğalla heç zaman barışmayacaq, bir qarış torpağvmızı belə düşmənə verməyəcəyik. 44 günlük İkinci Qarabağ müharibəsi bütün bu reallıqlara bir daha işıq saldı. Cənab İlham Əliyev Forumdakı çıxışında da bu məqamlardan geniş bəhs etdi. Vurğuladı ki, Azərbaycan Ermənistanla sülhə nail olduq. İsrar etdik ki, bunu vasitəçilərsiz təmin edək. Özlərini Minsk qrupu adlandıran vasitəçilərin 28 illik fəaliyyəti bir fəlakət idi. Həmsədrlərin məqsədi münaqişəni dondurmaq, onu əbədiləşdirmək və hər iki ölkəyə qarşı təzyiq aləti kimi istifadə etmək idi. Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq: «Beləliklə, bu bir təcrübədir və bu, sadəcə, nəzəriyyə deyil, bu, bizim yaşadığımız, indi isə şahid olduğumuz bir reallıqdır. Hesab edirəm ki, mövcud münaqişələrin həlli istiqamətində çalışarkən bu məsələ mütləq nəzərə alınacaq.»

Dövlətimizin başçısı çıxışında Azərbaycanın enerji təcrübəsindən də geniş bəhs etdi. «Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır» deyən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı, ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.

Cənab İlham Əliyev mövcud çağırışlar kontekstində üçüncü mövzu ilə də bağlı fikirlərini diqqətə çatdırdı. Bildirdi ki, görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşdır və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkədir: «İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik. Hazırda isə Ermənistanla sülh edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.»

Forumda çıxış edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa artıq 13-cü dəfədir bu Foruma ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü bildirərək vurğuladı ki, Forum dünyanın qlobal çağırışları ilə bağlı fikir mübadiləsi aparılmasına geniş imkanlar yaradır. Prezident İlham Əliyev də çıxışında bu tədbirin əhəmiyyətini qeyd etdi: «Xatırlayıram ki, bir çox il əvvəl biz bu təşəbbüsə başlayanda ideya ilə Prezident qarşısında çıxış etdik və Prezident Nizami Gəncəvinin doğum günü ilə əlaqədar tədbirə dəvət etdi və hər il bu tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi, dedi ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməlidir. Cənab Prezident bizim o vaxt keçirdiyimiz tədbirdən daha böyük tədbirlərin Azərbaycanda keçirilməsinin təşəbbüsünü irəli sürdü və hazırda bu gün miqyas doğrudan da böyükdür.»

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hər il təşkil etdiyi Qlobal Bakı Forumu Prezident İlham Əliyevin verdiyi mühüm siyasi mesajların dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır. Hər il keçirilən forumların mövzularına diqqət yetirdikdə hər dövrün çağırışlarını özündə ehtiva etdiklərini aydın şəkildə görürük. Ötən il «Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi» mövzusunu müzakirəyə çıxaran Qlobal Bakı Forumu bu il “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” çağırışını etdi. Azərbaycanın sivilizasiyalararası dialoqu dəstəkləməsi, beynəlxalq arenada konstruktiv rolu və qlobal məsələlərin həllində fəal iştirakı bu tədbirlərin bundan sonra da uğurlu nəticələrə yol açacağına əminliyi artırır. Qlobal Bakı forumları dünya üçün yeni perspektivlər açan və qlobal həmrəyliyi gücləndirən bir platforma kimi beynəlxalq nüfuzunu daha da artıracaq.

Qeyd edək ki, “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Martın 14-dək davam edəcək XIII Qlobal Bakı Forumunda “Qlobal təhlükəsizlik və güc tarazlığı: Beynəlxalq hüquqa hörmət. Yeni məsələlər, yeni çağırışlar”, “Çoxtərəflilik böhran içində: Qlobal əməkdaşlığı yenidən düşünmək”, “BMT 80+”, “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”, “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə”, “Orta Dəhliz və Avrasiya Bağlantısı Qapısı”, “Afrika bu gün və sabah”, “2030 gündəliyinin sürətləndirilməsi: İnklüziv inkişaf və davamlı əlaqəlilik”, “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası”, “Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər”, “Beynəlxalq sisteminin yenidən qurulmasının axtarışında” mövzularında panellər təşkil olunacaq. XIII Qlobal Bakı Forumunda keçiriləcək sessiyalar parçalanmış mövcud mənzərənin müxtəlif sahələrdə - hərbi güc, iqtisadi məcburiyyət, enerji asılılığı, texnoloji imkanlar, informasiya nəzarəti və strateji təchizat marşrutlarında necə təzahür etdiyini araşdıracaq. Müzakirələr, həmçinin yeni formalaşan sahələrin - kritik minerallar, təmiz enerji infrastrukturu, rəqəmsal bağlılıq və qabaqcıl texnologiyaların zəif tərəfləri necə dərinləşdirdiyini və dövlət siyasətini necə mürəkkəbləşdirdiyini nəzərdən keçirəcək.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
41
1
ikisahil.az

10Mənbələr