Zərdabda yarım əsrlik körpü qəzalı vəziyyətə düşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Gödəkqobu kəndində ötən əsrin 70-ci illərində istifadəyə verilən körpünün dayaq hissələrində aşınma müşahidə olunur.
Yerli sakinlər bildiriblər ki, eni 8, uzunluğu 25 metr olan istismar müddətini keçmiş körpü hər an təhlükə yarada bilər.
Rayon mərkəzindən 13 km məsafədə yerləşən, 1804 nəfər əhalisi olan Gödəkqobu kəndində əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Sakinlər əsasən əkinçilik və heyvandarlıqla məşğul olurlar. Uzun müddətdir mütəmadi istifadə olunan körpünün bəzi hissələrində aşınma müşahidə olunur, dayaq hissələrinin zəiflədiyi bildirilir.
Sakinlər deyirlər ki, kənd təsərrüfatı ilə məşğul olduqları üçün tez-tez ağır texnikalardan və yük avtomobillərindən istifadə etməli olurlar. Ancaq körpüdən 5 tondan artıq yükün keçməsi təhlükəli olduğu üçün onlar təsərrüfat işlərində problemlə üzləşirlər.
Kənd sakinləri bildirirlər ki, bu körpü kəndin rayon mərkəzinə çıxışını təmin edən əsas keçiddir. Ona görə də körpünün mövcud vəziyyəti həm sürücülər, həm də piyadalar üçün narahatlıq yaradır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli APA-ya bildirib ki, Gödəkqobu kəndini rayon mərkəzi ilə birləşdirən və qurumun balansında olan körpünün mövcud vəziyyəti nəzərə alınaraq, həmin ərazidə yeni körpünün tikintisi məqsədilə layihələndirmə və smeta sənədlərinin hazırlanmasının investisiya proqramına daxil edilməsi ilə bağlı təklif aidiyyəti üzrə təqdim olunub.
Bildirilib ki, layihə-smeta sənədləri hazırlandıqdan və müvafiq qaydada maliyyə vəsaiti ayrıldıqdan sonra körpünün tikintisinin həyata keçirilməsi nəzərdə tutulur.