AZ

Azərbaycan-Avropa gündəliyi genişlənir



Son illər Azərbaycanın Avropa ilə münasibətlərində müşahidə olunan dinamika göstərir ki, tərəflər arasında əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır, həm də geniş siyasi və iqtisadi gündəliyi əhatə edir. Müxtəlif səviyyələrdə aparılan intensiv dialoq, qarşılıqlı səfərlər və yeni təşəbbüslər Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Bu reallıq eyni zamanda ölkəmizin qlobal iqtisadi və siyasi sistemdə rolunun getdikcə artdığını nümayiş etdirir. Prezident İlham Əliyev martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata birgə bəyanatında qeyd etdi ki, Avropa strukturları ilə aparılan dialoq kifayət qədər fəal xarakter daşıyır və son dövrdə müxtəlif səviyyələrdə keçirilən görüşlər tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu göstərir. Dövlət başçısının sözlərinə görə, qarşılıqlı səfərlərin intensivliyi, həmçinin iqtisadi və siyasi gündəliyin genişliyi Azərbaycan ilə Avropa arasında münasibətlərin strateji məzmun kəsb etdiyini təsdiqləyir.

Avropa İttifaqı ilə ölkəmizin tərəfdaş əlaqələrinin əsas sütunlarından biri məhz enerji əməkdaşlığıdır. Avropa bazarı Azərbaycanın qaz ixracının mühüm hissəsini təşkil edir və bu istiqamətdə perspektivlər kifayət qədər genişdir. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz yaxın illərdə qaz hasilatını daha da artırmağı planlaşdırır və yeni yataqların istismara verilməsi nəticəsində mövcud ixrac həcmlərinə əlavə olaraq əhəmiyyətli miqdarda yeni qaz ehtiyatı bazara çıxarılacaq. Bu isə Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsinin daha da artacağı anlamına gəlir. Avropa üçün alternativ enerji mənbələrinin və etibarlı tərəfdaşların əhəmiyyəti xüsusilə qlobal enerji bazarlarında qeyri-sabitlik fonunda daha aydın görünür. Məhz bu səbəbdən Azərbaycanla əməkdaşlıq Avropa ölkələri üçün strateji əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizi layihəsi bu baxımdan qitənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan infrastruktur kimi qiymətləndirilir. Bu layihə yalnız enerji təchizatı məsələsini həll etmir, həm də Azərbaycanı Avropa enerji xəritəsində əsas aktorlardan birinə çevirir.

Bununla yanaşı, Azərbaycan regional sabitliyin möhkəmləndirilməsi istiqamətində də ardıcıl siyasət həyata keçirir. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, o cümlədən iqtisadi və ticarət əlaqələrinin təşviqi regionda uzunmüddətli sülhün formalaşmasına xidmət edir. Azərbaycanın bu istiqamətdə göstərdiyi siyasi iradə sülhün yalnız diplomatik sənədlərlə deyil, real iqtisadi əməkdaşlıq vasitəsilə də möhkəmləndirilə biləcəyini nümayiş etdirir. Regionda nəqliyyat və ticarət əlaqələrinin bərpası isə yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni iqtisadi perspektivlər yaradır. Azərbaycan tranzit və logistika imkanlarını genişləndirməklə regionun iqtisadi inteqrasiyasına töhfə verir və bu prosesdə mühüm əlaqələndirici rol oynayır. Bütün bu amillər göstərir ki, Azərbaycan yalnız enerji resurslarına malik ölkə kimi deyil, həm də regional əməkdaşlıq və qlobal sabitlik təşəbbüslərinin fəal iştirakçısı kimi çıxış edir. Ölkəmizin həyata keçirdiyi balanslı xarici siyasət, sülh və əməkdaşlıq təşəbbüsləri beynəlxalq arenada Azərbaycanın nüfuzunu daha da artırır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Seçilən
70
1
aia.az

3Mənbələr