AZ

UEFA “Bavariya”lılara əlavə cəza kəsə bilər

“Bavariya”nın iki oyunçusu özünü işə salıb. UEFA onlara əlavə cəza kəsə bilər.

Yarımmüdafiəçilər Maykl Olise ilə Coşua Kimmix qitə futbol qurumunda şübhəyə səbəb olan hərəkətlər edib. UEFA onlara qarşı intizam işi aça bilər. “RMC Sport”un məlumatına görə, bu məsələ Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atalanta” ilə keçirilən ilk oyunundan sonra aktuallaşıb. Almaniya nəhənginin 6:1 hesabıyla qalib gəldiyi matçın sonlarına yaxın hər iki futbolçu sarı vərəqə alıb. Olise 77-ci dəqiqədə hesab 6:0 olarkən künc zərbəsini uzun müddət yerinə yetirmədiyinə görə hakim tərəfindən cəzalandırılıb. Bir neçə dəqiqə sonra Kimmix də sarı vərəqə ilə üzləşib. “Bavariya”nın kapitanı 83-cü dəqiqədə cərimə zərbəsini gec yerinə yetirdiyinə görə cəzalanıb.


Hər iki oyunçunun hesabında sarı vərəqə olduğu üçün növbəti xəbərdarlıqlar onların gələn həftə Münhendə keçiriləcək cavab oyununu buraxmasını qaçılmaz edib. Almaniya klubu 1/4 finala çıxarsa, futbolçular növbəti mərhələyə vərəqə baxımından “təmiz” başlaya biləcəklər. Mənbənin məlumatına görə, UEFA intizam qaydalarına əsasən, futbolçuların növbəti mərhələlərdən əvvəl vərəqələri “sıfırlamaq” məqsədilə qəsdən sarı vərəqə almaları müəyyənləşərsə, onlara daha ağır cəza tətbiq oluna bilər. Bu halda Olise ilə Kimmixin əlavə diskvalifikasiya ilə üzləşmək ehtimalı yaranır.

Yeri gəlmişkən, avrokuboklarda əvvəllər də oxşar hallar yaşanıb. Məsələn, “Real”ın oyunçuları Serxio Ramos ilə Daniel Karvaxal qəsdən sarı vərəqə aldıqları üçün əlavə cəza almışdılar.

Seçilən
13
1
football-plus.az

2Mənbələr