AZ

BTQ beynəlxalq konfrans keçirdi - Foto

İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Hindistan Hökumətinin sikh icması və digər etnik qruplara qarşı bütün dünya boyu təqiblərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
BUTA.TV xəbər verir ki, Bakı Təşəbbüs Qrupu (BTQ) və Sikh Federasiyasının birgə təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Sikhlərin müqaviməti və BMT” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu konfrans sikh icmasının üzləşdiyi problemlərin beynəlxalq müstəvidə, xüsusilə BMT platformasında gündəmə gətirilməsi baxımından əlamətdar hadisədir. Konfransda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsinin iştirakı BMT sisteminin məsələni diqqətlə izlədiyini və mövzunun beynəlxalq insan hüquqları institutları tərəfindən ciddi maraq doğurduğunu göstərən mühüm göstəricidir. Tədbirdə Kanada, Böyük Britaniya, Avstraliya, ABŞ, İsveçrə və digər ölkələrdə fəaliyyət göstərən sikh diasporunun tanınmış nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri, həmçinin Hindistan hökumətinin həyata keçirdiyi təqib və repressiv siyasətdən birbaşa zərər çəkmiş şəxslər iştirak ediblər. Konfransın əsas məqsədi Hindistan hökumətinin etnik və dini azlıqlara qarşı həyata keçirdiyi siyasətin, xüsusilə sikh icmasına qarşı yönəlmiş təqib və təzyiqlərin beynəlxalq müstəviyə çıxarılması, həmçinin bu halların insan hüquqları və fundamental azadlıqlar baxımından yaratdığı risklərə beynəlxalq təşkilatların diqqətini çəkməkdir. Tədbir çərçivəsində çıxış edən BTQ-nin İcraçı direktoru Abbas Abbasov, Sikh Federation təşkilatının rəhbəri Bual Moninder, təşkilatın Birləşmiş Krallıq üzrə icraçı direktoru Dabinderjit Singh, Sikh Network media platformasının sədri Khatkar Jaswinder Singh və digərləri Hindistan hökumətinin müxtəlif ölkələrdə yaşayan sikh fəallarına və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi transmilli təzyiq və təhdidlər barədə danışaraq, belə halların getdikcə daha da artdığını vurğulayıblar. Bildirilib ki, Hindistanda aparılan repressiv siyasət nəticəsində bir çox sikh fəalları və etnik azlıqların nümayəndələri ölkəni tərk etmək məcburiyyətində qalıb və hazırda müxtəlif ölkələrdə fəaliyyətlərini davam etdirirlər. Qeyd olunub ki, xaricdə fəaliyyət göstərən sikh təşkilatlarının rəhbərlərinə, ictimai fəallara və onların ailə üzvlərinə qarşı yönəlmiş təhdidlər, təqiblər və hücumlar fundamental hüquq və azadlıqlar üçün ciddi təhlükə yaradır.Konfrans iştirakçıları vurğulayıblar ki, bu cür halların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət məsələyə daha diqqətlə yanaşmalı, beynəlxalq təşkilatlar və insan hüquqları institutları Hindistan hökumətinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün təzyiqləri gücləndirilməlidir. Tədbirdə BMT və onun müvafiq qurumlarının sikh mövzusunu gündəliyinə çıxarması, habelə Hindistandakı müxtəlif etnik və dini xalqların hüquqlarının tanınmaması və kobud pozuntu hallarının sistemli şəkildə sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə xüsusi məruzəçilərin təyin edilməsi istiqamətində işlərin başlanmasına dair razılığa gəlindi.

Bildirildi ki, beynəlxalq səviyyədə hesabatlılıq və monitorinq mexanizmlərinin gücləndirilməsi, eləcə də bu məsələlərin beynəlxalq təşkilatların gündəliyində daha geniş yer alması sikh icmasının və digər etnik xalqların hüquqlarının qorunmasına töhfə verəcəkdir.

Seçilən
34
12
buta.tv

10Mənbələr