AZ

Azərbaycan beynəlxalq arenada gücləndiyini nümayiş etdirir - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüş və səsləndirilən bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Görüş zamanı səsləndirilən fikirlər yalnız ikitərəfli əlaqələrin inkişafını deyil, həm də regionda dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanın artan rolunu nümayiş etdirir”.

Bunu Hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib. 

Deputat qeyd edib ki, Prezident İlham Əliyev bəyanatda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin son illərdə dinamik şəkildə inkişaf etdiyini vurğulayaraq siyasi dialoqun və əməkdaşlığın fəal mərhələyə daxil olduğunu bildirdi:

"Dövlət başçısı qeyd etdi ki, tərəflər təhlükəsizlik, enerji və nəqliyyat kimi straeji sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Bu əməkdaşlıq Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sabitliyin və inkişafın möhkəmlənməsinə xidmət edir. Bu bəyanat Azərbaycanın artıq yalnız regional aktor deyil, Avropa üçün mühüm strateji tərəfdaş kimi qəbul edildiyini göstərir. Son illərdə Avropa ilə siyasi dialoqun intensivləşməsi, yüksək səviyyəli qarşılıqlı səfərlər və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması bu prosesin sistemli xarakter daşıdığını təsdiqləyir”.

J.Əliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məsələlərdən biri enerji əməkdaşlığı oldu:

"Dövlət başçısı vurğuladı ki, enerji sektoru Azərbaycan–Aİ münasibətlərinin əsas hərəkətverici qüvvəsidir və hazırda Azərbaycanın qazı Avropanın 16 ölkəsinə ixrac edilir. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun getdikcə artdığını göstərir. Xüsusilə son illərdə qlobal enerji bazarlarında baş verən dəyişikliklər fonunda Avropa alternativ enerji mənbələrinin şaxələndirilməsinə böyük önəm verir və Azərbaycan bu strategiyanın əsas tərəfdaşlarından biri kimi çıxış edir. Beləliklə, Bakı ilə Brüssel arasında enerji əməkdaşlığı təkcə iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır. Azərbaycan Avropa bazarı üçün etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirir”.

J.Əliyeva görüş zamanı regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu önə çəkib. Eləcə də Avropa İttifaqının İrandan Naxçıvana olan dron hücumu ilə bağlı Azərbaycana həmrəylik nümayiş etdirdiyini xüsusilə vurğulayıb. Onun fikrincə, bu, Avropa strukturlarının regiondakı təhlükəsizlik məsələlərinə daha həssas yanaşdığını və Azərbaycanın təhlükəsizliyinə dair narahatlıqları bölüşdüyünü göstərir:

"Eyni zamanda, Azərbaycanın beynəlxalq arenada siyasi mövqeyinin gücləndiyini nümayiş etdirir. Prezident İlham Əliyev bəyanatında iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılması perspektivlərinə də toxundu. Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqı əsas tərəfdaşlardan biridir və bu əməkdaşlıq yeni layihələr vasitəsilə daha da genişlənə bilər. Bu kontekstdə Orta Dəhliz, nəqliyyat-logistika marşrutları və enerji layihələri Azərbaycanın Avropa ilə inteqrasiyasında mühüm rol oynayır. Azərbaycan həm enerji, həm də tranzit ölkə kimi Avropa ilə Asiya arasında strateji körpü funksiyasını gücləndirir”.

J.Əliyeva bildirib ki, Antonio Koştanın Azərbaycana səfəri Avropa İttifaqının regiona artan diqqətinin göstəricisidir. Avropa tərəfi Azərbaycanın yalnız enerji sahəsində deyil, həm də regional sabitlik və nəqliyyat layihələri baxımından strateji əhəmiyyətini vurğulayır:

“Prezident İlham Əliyevin bəyanatında səsləndirilən mesajlar göstərir ki, Azərbaycan balanslı və praqmatik xarici siyasət kursunu davam etdirərək həm regional sabitliyin təmin olunmasına, həm də beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə yönəlmiş strategiya həyata keçirir. Antonio Koştanın Bakıya səfəri və Prezident İlham Əliyevin verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə daxil olduğunu təsdiqləyir. Enerji əməkdaşlığı, regional təhlükəsizlik, nəqliyyat layihələri və iqtisadi tərəfdaşlıq bu münasibətlərin əsas sütunlarını təşkil edir. Bu görüş bir daha göstərdi ki, Azərbaycan təkcə Cənubi Qafqaz regionunda deyil, bütövlükdə Avrasiya məkanında mühüm geosiyasi aktora çevrilib. Prezident İlham Əliyevin bəyanatı isə Azərbaycanın beynəlxalq siyasətdə artan nüfuzunun və strateji əhəmiyyətinin siyasi ifadəsidir”.

Tahirə Qafarlı

Seçilən
49
hafta.az

1Mənbələr