AZ

İraq türkman ədəbiyyatının fədakar təəssübkeşi

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Altmış ildən çox zaman kəsimini əhatə edən bir dövr ərzində İraq-türkman ədəbiyyatı problemlərinin araşdırılması sahəsində gördüyü işlər Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin təkcə elmi fəaliyyətinin deyil, həm də milli-türk vətəndaşlığına xidmətinin vacib və aparıcı istiqamətini təşkil edir. Görkəmli alimimizin hələ sovetlər dövründə İraq türkmanlarının folklorunu, musiqisini, ədəbiyyatını eyni dil, eyni kök, eyni milli kimlik, eyni milli-mənəvi dəyərlər kontekstində araşdırmaları iki xalq arasında mənəvi birlik körpüsünün yaradılmasında mühüm vasitə olub. O, Ulu öndər Heydər Əliyevin "Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır" milli konseptual kəlamına söykənərək Azərbaycanda kərkükşünaslığın elmi-nəzəri sistemini yaradıb, sanballı elmi tədqiqatları ilə bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib. Professor Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" kitabı ilə başlayan, "Kərkük dialektinin fonetikası", "İraq-türkman folkloru", "Kərkük folklorunun janrları", "Nəsimi divanının İraq nüsxəsi", "Nəsimi: edamdan sonrakı həyat" əsərləri ilə davam edən, "Azərbaycan və İraqda Bayatlar", "Azərbaycan-İraq türkman ədəbi əlaqələri: ayrılığın sonu" və s. tədqiqatları ilə yüksək mərhələyə çatan elmi-tarixi və ədəbiyyatşünaslıq fəaliyyəti nəticəsində təkcə Azərbaycanda  deyil, eyni zamanda türk arenasında Kərkük dünyasının elmi-mədəni, ədəbi-bədii obrazı formalaşıb. Obrazlı desək, İraq türkmanını Azərbaycana, Azərbaycanı İraq türkmanına "ilk daşıyan", İraq türkmanlarında Azərbaycanın, Azərbaycanda isə İraq-türkmanlarının ilk sevdasını yaradan məhz professor Qəzənfər Paşayev olub.

Qəzənfər müəllimin sayəsində İraq-türkman sevdasına düşənlər arasında bu yazının müəllifləri də var. İraq-türkman ədəbiyyatı ilə bağlı yazdıqlarımızın, Əbdüllətif  Bəndəroğlu, Məhəmməd Mehti Bayat, Nəsrin Ərbil, Salah Növrəs haqqında araşdırmaların ideya mərkəzində Qəzənfər müəllimin kərkükşünas obrazından aldığımız ilham dayanır.

İraq-türkman ədəbiyyatının, eyni zamanda İraq-türkman ictimai-siyasi həyatının inkişafında mühüm xidmətləri olan Əbdüllətif  Bəndəroğlu və Məhəmməd Mehdi Bayat ilə canlı görüşlərin, sonradan formalaşan dostluğun təməlini professor Qəzənfər Paşayev qoyub. Onun "Azərbaycan-İraq türkman ədəbi əlaqələri: ayrılığın sonu" (Bakı-2025) və "İraq-türkman ədəbiyyatı tarixi" (Orxan İsayevlə birlikdə, Bakı-2025) kitablarını  kərkükşünaslığın yeni töhfəsi hesab etmək olar.

"İraq-türkman ədəbiyyatı tarixi" kitabında türkman ədəbiyyatının şifahi xalq ədəbiyyatından XXI əsrə qədərki mərhələsinin sistemli şəkildə araşdırılma problemləri   kərkükşünaslıqla bağlı elmi-nəzəri görüşlərin, bu sahədəki fundamental tədqiqatların ən bariz nümunəsidir. Kitab giriş və səkkiz fəsildən ibarətdir. Kitabın üç fəsildən ibarət "Şifahi xalq ədəbiyyatı" bölümü mərasim folkloru, epik və lirik növün janrlarını özündə ehtiva edir. Toplunun yazılı ədəbiyyat bölümü "İraq-türkman ədəbiyyatının başlanğıc mərhələsi", "XVI əsr və İraq türkman ədəbiyyatı", "XVIII-XIX əsrlər İraq türkman ədəbiyyatı", "XX əsr-XXI əsrin əvvəlləri İraq türkman ədəbiyyatı", İraq türkman ədəbiyyatının nəsr, dramaturgiya yaradıcılığı və s. məsələləri əhatə edən 4 fəsildən ibarətdir. Bu tərtibat bizə çox şeydən xəbər verir. Şifahi xalq ədəbiyyatından müasir dövrə qədərki araşdırmaları professor Qəzənfər Paşayevin İraq-türkman ədəbiyyatı ilə bağlı uzun illər yorulmadan apardığı tədqiqatlarının, sevgi ilə yanaşdığı  gərgin əməyinin göstəricisidir.

Kitabın birinci fəslində İraq-türkman ədəbiyyatında mərasim folkloru ilə bağlı nümunələrdən, onların Azərbaycan folkloru ilə bağlılığından, bu nümunələrin insanların həyatındakı rolundan və təsirindən bəhs olunur. Birinci fəsildə İraq-türkman folklorundakı inancları məişət və mərasim, təbiət hadisələri, bitki və heyvanat aləmi, eləcə də astral təsəvvür və əsatiri görüşlərlə bağlı inanc qrupuna ayıran müəllif onları Azərbaycan folklor nümunələri ilə qarşılıqlı şəkildə araşdırır. Məsələn, "Kərkük dolaylarında da su kultu ilə əlaqədar yaranmış inam və etiqadlar çoxdur, səfərə çıxanın arxasınca su atırlar ki, yolu uğurlu olsun. Burada su aydınlıq sayılır" və yaxud göz səyriyəndə bir fənalıq baş verəcəyi inamı var. Bu elementə "Kitabi-Dədə Qorqud" dastanında Dirsə xanın arvadının Buğacın ovda başına pis bir hadisə gəldiyini hiss edərkən də təsadüf olunur:

İki vardın, bir gəlürsən, yavrum qanı?

Qara gərdunda bulduğum oğul qanı?

Çıxsın bənim kor gözüm, a Dirsə xan, yaman sərgir ("Kitabi-Dədə Qorqud" dastanı).

Kitabda  qeyd olunur ki, İraq-türkman folklor inanclarında oğul-uşaq sahibi arzusunda olanlar niyyətlərinə yetmək üçün nəzir-niyaz paylayırmışlar. Tədqiqat işində bu motivin "Kitabi-Dədə-Qorqud" dastanında olması ilə bağlı müqayisəli təhlil aparılıb: Oğlu olmayan Dirsə xan qurban kəsir, acları doydurur, yetim-yesirə əl tutur, borcu olanları borcdan qurtarır, hamıya yaxşılıq edir və bir ağzı dualının alqışı ilə Allah-Təala ona bir övlad verir. Alimin kərkük folklor nümunələrini milli-mənəvi dəyərlərimizin, milli kimliyimizin göstəricisi olan "Kitabi-Dədə Qorqud" dastanı ilə müqayisəli təhlil etməsində məqsədi hər iki xalqın eyni kökdən - oğuz tayfasından, Bayat qəbiləsindən olmasını göstərmək istəyindən qaynaqlanır.

Kərkükşünaslığa böyük töhfə hesab olunan bu kitabında "and", "qəsəm"  kimi tanınan, qədim Kərkük folklor janrı olan yemindlər barədə  araşdırmalar türk, monqol, Azərbaycan folklorundakı oxşar elementlərlə paralel şəkildə təhlilə cəlb olunub. İraq türkman folklorunda dualarla yanaşı, bəddualar da mühüm yer tutur. Professor Q.Paşayev onları üç qrupa ayırır: dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar, mərasimlərlə bağlı yaranan bəddualar və məişətlə bağlı yaranan bəddualar.

"Şifahi xalq ədəbiyyatı" bölümündə diqqət çəkən önəmli cəhətlərdən biri odur ki, professor Q.Paşayev türkmanların folklorundakı xalq mərasim nəğmələrinin, dini bayramlarda oxunan nəğmələrin, yas mərasimlərindəki ağıların, toy mərasimlərindəki nəğmələrin, adətlərin həm bədii-semantik quruluşunun, həm xalqın həyatında oynadığı rolun birə-bir Azərbaycan xalq yaradıcılığı nümunələri ilə eyni olduğunu təsdiqləyir: Azərbaycan və İraq-türkman xalqı coğrafi baxımdan ayrı yaşasalar də, ruhən, soykökü, milli genetika baxımdan eyni xətt üzrə inkişaf edib, bir ağacın kökü üzərində qol-budaq  atıblar.

İkinci fəsildə lirik növün xoyrat, mani, xalq havaları, beşik nəğmələri, oxşama, bayatı-tapmaca  janrlarının forma-məzmun, ideya xüsusiyyətləri, xalq həyatındakı yeri və s. barədə sistemli təhlillər aparılıb. Xoyratlar İraq-türkman folklorunun həcmcə kiçik janrı olmasına baxmayaraq, hər misrasında bir dünya fikir, fəlsəfi ideyalar, əxlaqi və ictimai anlam təcəssüm etdirən qədim nümunələrindəndir. Xoyratlarda məna dərinliyini artırmaq, fikri daha konkret diqqətə çatdırmaq üçün atalar sözlərindən də istifadə edilib.

Müəllif türkman xoyratlarını tədqiq etməklə yanaşı, bu janrın tədqiqatçılarından olan məşhur alim Əta Tərzibaşının "Kərkük xoyratları və maniləri" kitabından da söz açır. Onun qənaətincə, "gənc şairi əsl və geniş poeziya aləminə aparan yeganə yol "xoyrat və mani" yoludur".

"Azərbaycan İraq-türkman ədəbi əlaqələri: ayrılığın sonu" kitabını ədəbiyyat tarixində heç yerdə rast gəlmədiyimiz bir çox mühüm tarixi-ədəbi faktlarla zəngin, kərkükşünaslıq elmində sözünü demiş dəyərli alim və tədqiqatçıların fikirlərini, xatirələrini əks etdirən, professor Qəzənfər Paşayevin bu yolda uzun illər yorulmadan apardığı fundamental araşdırmalarının hesabatını özündə ehtiva edən möhtəşəm tədqiqat əsəri kimi də qiymətləndirmək olar. Kitabda Azərbaycan-türkman ədəbi əlaqələrinin başlanğıcından bu günümüzə qədər olan bir dövrün  xronoloji inkişaf yolu canlandırılıb. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli kitabda yer alan "Kərkükşünaslığın lideri" başlıqlı yazısında Türkmanelinə - Kərkükə Azərbaycandan ilk dəfə yol açan Xalq şairi Rəsul Rza, akademiklər - Həmid Araslı və Abbas Zamanovdan sonra professor Qəzənfər Paşayevin bu sahədəki xidmətlərini yüksək qiymətləndirib. Kitabda Əta Tərzibaşı kimi nəhəng bir şəxsiyyətin türkman ədəbiyyatındakı xidmətlərindən, onun Mirzəağa Quluzadə, Qəzənfər Paşayevlə yazışmalarından, eləcə də Əta Tərzibaşının "Kərkük havaları" kitabından bəhs olunub. Müəllif həmçinin Kərkük musiqisi ilə Azərbaycan xalq mahnıları arasında bir doğmalığın olması məsələsinə toxunub. Eyni zamanda kirabda İraq-türkman tədqiqatçıları, şairləri, yazıçıları, jurnalistləri, elm adamları haqqında oçerklər verilib. Bütövlükdə bütün bu mənbələr türkman ədəbi əlaqələrinin inkişafı istiqamətində əvəzsiz rola malikdir.

Kitabın "Ortaq şairimiz Nəsimi haqqında tarixi həqiqətlər" bölümündə indiyəqədər nəsimişünaslıqda bilinməyən bir çox yeni faktların üzə çıxarılmasından bəhs edilib. Burada Xalq şairi R.Rzanın sovet dövründə Nəsiminin qəbrini tapmasından, Hələb şəhərində olmasından, onun səfər xatirələrindən də danışılır. Qəzənfər müəllim bu bölmədə akademik Ziya Bünyadovun "Nəsiminin məhkəməsi və qətli" məqaləsinə də yer ayırıb. Bu məqalədə Nəsiminin çağdaşı olan İbn Həcər əl-Əsləqaninin şairin boynu vurulduqdan sonra dərisinin soyulub cəsədinin çarmıxa çəkilməsi fikri xüsusi vurğulanıb. Bununla da kitabda Nəsiminin diri-diri dərisinin soyulduğunu iddia edənlərin yanıldığı sübuta yetirilib. Professor Qəzənfər Paşayevin  "Nəsimi. İraq Divanı" və "Nəsimi: edamdan sonrakı həyat" adlı tədqiqatlarında Nəsiminin dini deyil, siyasi baxışlarına görə edamı fikri, o cümlədən şair öldürüldükdən sonra 1427-ci ildə Hələbin Ədalət Məhkəməsi tərəfindən ona bəraət verilməsi faktları nəsimişünaslığa ilk dəfə gətirilən yeniliklərdir. Kitabda həmçinin Nəsiminin aşıq poeziyasını ustadnamələr, qıfılbənd bağlamalar, "Əlif lam", "Tərs əlifba", gəraylı, qoşma kimi aşıq şeir şəkilləri ilə zənginləşdirməsindən bəhs edilib. Qeyd edək ki, bu faktlar ilk dəfə olaraq professor Q.Paşayev tərəfindən tədqiq olunub. Bundan əlavə, Nəsiminin indiyə qədər heç bir Divan nüsxəsində təsadüf olunmayan 11 şeiri, eləcə də Nəsimiyə aid olması ehtimal olunan 129 şeirin 68-i İraq Divan nüsxəsində üzə çıxarılaraq monoqrafiyaya əlavə edilib.

Görkəmli tədqiqatçının  "Azərbaycan İraq-türkman ədəbi əlaqələri: ayrılığın sonu" kitabında Azərbaycan İraq-türkman ədəbi əlaqələrində böyük xidmətləri olan Şakir Sabir Zabitin, Əbdülvahid Kuzəçinin, Sinan Səidin, Əbdüllətif Bəndəroğlunun, Nəsrin Ərbilin, Mahir Naqibin, Sübhi Saatçının, Əli Bəndərin, Mustafa Ziyanın, Şəmsəddin Kuzəçinin, Qasım Sarıkəhyanın, Seyfəddin Çaxmaqçının və Ərşad Hürmüzlünün həyat və yaradıcılıqlarından da bəhs olunub. Q.Paşayev kitabdakı "Məhəbbət ölüncədir" başlıqlı yazısında Fövzi Əkrəm Tərzioğlu, Faruq Faiq Köprülü və Sabir Dəmirçi kimi türkman şairlərinin Azərbaycanı görmədən yazdıqları əsərlərini  sevginin ən ali zirvəsinə nümunə hesab etdiyin vurğulayıb. Kitabdakı digər yazılarda iki xalq arasındakı ədəbi-mədəni əlaqələrin inkişafından, 1968-ci ildən 2025-ci ilə qədər Azərbaycanda və İraqda nəşr olunan kitablardan, Şəmsəddin Kuzəçinin yaratdığı və sədri olduğu "Kərkük Kültür Dərnəyi"nin Azərbaycanla ortaq fəaliyyətindən və s. məsələlərdən də bəhs olunub.

Professor Qəzənfər Paşayevin gənc tədqiqatçı Orxan İsayevlə birlikdə yazdıqları "İraq-türkman ədəbiyyatı tarixi" kitabında isə İraq-türkman  folklorunun sistemli-monoqrafik tədqiqi aparılıb. Epik növ adlanan üçüncü fəsildə nağıllar, atalar sözü və məsəllər, tapmacalar, lətifələr, aşıq yaradıcılığı və dastanlar, "Koroğlu", "Arzu-Qəmbər" dastanlarının araşdırılması tarixi keçmişimizin, dil, estetik fikir tariximizin, xalq poeziyamızın, dialektologiyamızın İraq türkmanları ilə ortaq kökə, ortaq  dəyərlərə malik olması fikri qənaətinə gəlinib. Aparılan tədqiqatlardan belə nəticəyə gəlinib ki, Kərkük folkloru Azərbaycan folklorunun qüdrətli qoludur. Folklor hər bir xalqın tarixi inkişaf mərhələlərini, həyat tərzini, dünyabaxışını, adət-ənənəsini, düşüncə tərzini və s. əks etdirən müstəsna dəyərə malik milli  xəzinədir. Monoqrafiyada Qəzənfər Paşayevin Kərkük folklorunu Azərbaycan folkloru ilə qarşılıqlı təhlil kontekstində tədqiqata cəlb etməsi nəticəsində birə-bir oxşar elementləri üzə çıxarması kərküklərin də bizim kimi oğuz türklərinin Bayat qəbiləsindən olmasından irəli gəlir.

Kitabın yazılı ədəbiyyat bölümündə İraq ərazisində yaranan türkdilli  ədəbiyyatın qədim və zənginliyinə, bu ədəbiyyatın keçdiyi üç tarixi inkişaf istiqamətinin sistemli monoqrafik tədqiqinə də yer ayrılıb. Müəlliflər XIII-XIV əsrdən formalaşmağa başlayan İraq-türkman yazılı ədəbiyyatını Azərbaycan ədəbiyyatının bir qolu hesab edirlər. Həmin dönəmdə İraq ərazisində yaşayan sənətkarlar Azərbaycan türkcəsində yazıb yaradıblar.

İraq-türkman ədəbiyyatının ikinci böyük tarixi inkişaf istiqaməti Osmanlı ədəbiyyatı ilə bağlıdır. XVI əsrin ikinci yarısından etibarən İraq-türkman ədəbiyyatı Osmanlı ədəbiyyatının təsiri altına düşür. Bir faktı da qeyd edək ki, Növrəs Qədim, Hacı Abdullah Safi, Mustafa Bədri, Şeyx Halis Təlabani kimi türkman sənətkarları İraqda doğulan osmanlı şairləri hesab olunurlar. Bu təsir həmin dönəmdəki sənətkarların həyat və yaradıcılıqlarını öyrənməkdə bir sıra çətinliklər yaradıb. Müəlliflər  monoqrafiyada ilk dəfə olaraq bir neçə şairin həyat və yaradıcılığını İraq-türkman ədəbiyyatının nümayəndəsi kimi araşdırıb. Bu sənətkarlar Nəzmizadə Mürtəza, Seyid Əli və Aşıq Bağdadidir. Tədqiqatçıların gəldiyi qənaətlərə görə, İraq-türkman ədəbiyyatı istər Azərbaycan, istərsə də Osmanlı ədəbiyyatının bir hissəsi sayıldığı dövrlərdə belə özünəməxsus xüsusiyyətlərə malik olub. Bu baxımdan bir sıra sənətkarların həyat və yaradıcılıqları mütləq şəkildə yenidən araşdırılaraq İraq-türkman ədəbiyyatı nümayəndəsi kimi təqdim edilib.

XX əsrin əvvəllərində cəmiyyətdə baş verən ictimai-siyasi proseslər ədəbiyyata da təsir göstərib. İraq ərazisinin Osmanlı dövlətindən ayrılması ilə İraq-türkman ədəbiyyatında milliləşmə istiqaməti güclənib, yeni inkişaf mərhələsinə qədəm qoyub. Klassik ənənəni qoruyub saxlayan İraq-türkman yazılı ədəbiyyatına yeni inkişaf xətti ilə bir novatorluq gətirilib, yeni janr, mövzu, ideyalar istiqamətində tərəqqi müşahidə olunmağa başlayıb, heca və sərbəst vəzndə yaranan şeir nümunələri, epik və dramatik növdə yazılan əsərlər ədəbiyyatda üstünlük qazanıb. Tədqiqatçılar türkman ədəbiyyatında nəsr əsərlərinin yazılması tələbatını türkmanların yaşadıqları siyasi və ictimai məhrumiyyətlərlə bağlayırlar: "Tədqiqatlar sübut edir ki, Türkman sənətkarları xalqın düşdüyü çətin vəziyyəti izhar etmək üçün müxtəlif yollar axtarmış və nəsr əsərlərinin verdiyi imkandan istifadə edərək hiss və həyəcanlarını bu yolla çatdırmağa çalışmışlar. Ədəbiyyat həyatı obrazlı şəkildə təqdim etdiyi üçün müasir İraq-türkman ədəbiyyatı da türkmanların yaşadığı ağrı və acıları güzgü kimi əks etdirir".

Elman QULİYEV Filologiya elmləri doktoru,

Ülkər BAXŞİYEVA Filologiya üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
92
525.az

1Mənbələr