AZ

“Qavaldaş nağara” maketi məhv edildi, Natiq Şirinov məhkəmədə qalib gəldi - Foto

“Məhkəmənin qərarı ilə təsdiq olundu ki, “Qavaldaş nağara” ideyası və əsəri Xalq artisti Natiq Şirinova məxsusdur. Məhkəmə qərarına əsasən müəllif hüququnu pozaraq hazırlanmış “Qavaldaş nağara” maketi məhv edildi və cərimə ödənildi”.

Musavat.com bildirir ki, bu barədə Xalq artisti Natiq Şirinov sosial media hesabında məlumat yayıb.
Xalq artisti qeyd edib ki, sənətə və müəllif hüquqlarına hörmət hər kəs üçün dərs olmalıdır:
“Bu hadisə bir daha göstərir ki, başqasının ideyasını mənimsəmək mümkün deyil. Müəllif hüquqlarımızı pozan hər kəs bilməlidir ki, bu məsələlər qanun qarşısında həll olunur və olunacaq”.

Xatırladaq ki, uzun müddətdir Xalq artisti Natiq Şirinov ilə onun ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında “Qavaldaş nağara” ilə bağlı qalmaqal yaşanırdı. Natiq Şirinov qarşı tərəfi qavaldaş maketini mənimsədiyi iddiası ilə məhkəməyə vermişdi. Sənətçi həmkarından üzr istəməsini və 55 min manat təzminat ödəməsini tələb etmişdi.

İşə əvvəlcə Sumqayıt Şəhər Məhkəməsində baxılmış və məhkəmə iddianı əsassız sayaraq rədd etmişdi. Lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Natiq Şirinovun iddiasını qismən təmin etmişdi.
Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qavaldaş məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.

Xalidə Gəray
Musavat.com

Seçilən
56
8
musavat.com

10Mənbələr