GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycanda kredit faizlərinin yüksək olması vətəndaşların maliyyə vəziyyətinə ciddi təsir göstərən əsas məsələlərdən biri kimi müzakirə olunur. Ev, avtomobil və ya şəxsi xərclər üçün kredit götürmək istəyən orta gəlirli ailələr indi daha böyük çətinliklərlə üzləşirlər. Ekspertlər hesab edir ki, faizlərin yüksək olması təkcə bank siyasəti ilə bağlı deyil, eyni zamanda inflyasiya və ümumi iqtisadi sabitlik məsələləri ilə əlaqədardır. Bu səbəbdən bəzi vətəndaşlar kredit götürməkdən çəkinir, bəziləri isə gələcəkdə ödənişləri edə bilməmək qorxusu yaşayır.
Bəs Azərbaycanda kredit faizlərinin bu qədər yüksək olmasının əsas səbəbləri nədir? Banklar və dövlət bu vəziyyəti yumşaltmaq üçün hansı addımlar ata bilər?
Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli bildirib ki, son dövrlərin statistikası istehlak kreditlərinin artdığını göstərir.
Onun sözlərinə görə, kredit portfelinin böyüməsinin əsas səbəblərindən biri məhz istehlak kreditlərinə tələbatın artmasıdır:
“2025-ci ildə istehlak kreditlərində artım müşahidə olunur. Ümumilikdə bankların kredit portfeli 2024-cü ildə təxminən 4,5 milyard manat artıb və bu artım hər il davam edir. Faizlərin yüksək olmasına inflyasiya da təsir göstərir. Digər mühüm səbəblərdən biri isə bank və maliyyə sistemində alternativ maliyyə alətlərinin yetərincə inkişaf etməməsidir. Məsələn, qiymətli kağızlar bazarı və digər maliyyə mexanizmləri kifayət qədər aktiv deyil. Buna görə də kreditlərə tələbat yüksək qalır”.
İqtisadçının fikrincə, əsas risk insanların kredit götürə bilməməsi deyil, əksinə, istehlak kreditlərinin sürətlə artmasıdır:
“İstehlak kreditlərinin həddindən artıq artması müəyyən risklər yarada bilər. Xatırlayırsınızsa, 2013-2015-ci illərdə ölkədə maliyyə böhranı yaşandı və bu, bank sektoruna ciddi təsir göstərdi. Əgər kreditlərin strukturu əsasən istehlaka yönəlirsə, bu, bank sistemində problemlərin yaranmasına və dolayısı ilə iqtisadiyyata təsir göstərə bilər. Əslində kredit faizlərinin yüksək olması inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Lakin maraqlı məqam ondan ibarətdir ki, 2025-ci ildə Gürcüstan və Qazaxıstan kimi qonşu ölkələrdə istehlak kreditləri artmadığı halda, Azərbaycanda artım müşahidə olunub”.
E.Qəribli qeyd edib ki, kredit faizlərinin azalması üçün bank sistemində maliyyə resurslarının artması və rəqabətin güclənməsi vacibdir:
“Faizlərin aşağı düşməsi üçün bank sistemində maliyyə resurslarının həcmi artmalıdır. Mərkəzi Bank bu istiqamətdə müəyyən addımlar atır, lakin onun tətbiq etdiyi alətlərin təsir imkanları məhduddur. Bunun əsas səbəbi maliyyə bazarında alternativ mexanizmlərin və resursların kifayət qədər olmamasıdır. Bununla belə, bu problem həll olunandır və zamanla yeni maliyyə alətlərinin tətbiqi vəziyyəti dəyişə bilər”.
Emin Qəribli
Biznes kreditlərinə gəlincə, iqtisadçı bildirib ki, bu sahədə də müəyyən problemlər qalmaqdadır:
“Biznes kreditləri kifayət qədər yüksək olsa da, bu il ciddi artım müşahidə olunmayıb. Halbuki iqtisadiyyatın inkişafı üçün əsas prioritet məhz biznes kreditlərinin genişləndirilməsi olmalıdır. Dövlət bu istiqamətdə müəyyən güzəştlər tətbiq edir, lakin əlavə mexanizmlər də yaradıla bilər. Məsələn, inkişaf fondlarının yaradılması, qiymətli kağızlar və səhm bazarının inkişafı üçün daha aktiv tədbirlər görülməsi biznes kreditlərinin artmasına kömək edə bilər”.
Emin Qəribli ipoteka kreditləri ilə bağlı da müəyyən problemlərin mövcud olduğunu qeyd edib:
“İpoteka kreditləri iqtisadiyyat üçün vacib alətlərdən biridir. Lakin bu sahədə də müəyyən passivlik müşahidə olunur. Mənzil qiymətlərinin artdığı indiki şəraitdə ipoteka məbləğlərinin bazara uyğunlaşdırılması və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində addımlar atılmalıdır. Bu, həm ipoteka kreditlərinin, həm də biznes kreditlərinin artmasına müsbət təsir göstərə bilər”.
İqtisadçı bildirib ki, istehlak kreditlərinin artması isə iqtisadiyyat üçün hər zaman müsbət nəticələr doğurmur:
“İstehlak kreditləri əsasən idxal olunan məhsulların alınmasına yönəlir. Bu isə idxalın artmasına, problemli kreditlərin çoxalmasına və müəyyən hallarda milli valyutanın məzənnəsinə də təsir göstərə bilər. Ona görə də iqtisadi siyasətdə balans qorunmalı, daha çox biznes və istehsal yönümlü kreditlərin artmasına üstünlük verilməlidir”.
Emin Qəribli əlavə edib ki, yüksək faizlərə baxmayaraq, Azərbaycanda vətəndaşlar istehlak kreditlərinə müraciət etməyə davam edir və bu sahədə artım tendensiyası qalmaqdadır:
“Qonşu ölkələr – Qazaxıstan və Gürcüstanla müqayisədə Azərbaycanda istehlak kreditlərinə maraq daha yüksəkdir. Bu isə gələcəkdə müəyyən risklər yarada bilər. Ona görə də dövlət və Mərkəzi Bank bu sahədə müəyyən məhdudiyyətlər və tənzimləyici mexanizmlər tətbiq etməlidir ki, sabah problemli kreditlərin sayı artmasın. Məsələn, ötən il Mərkəzi Bank kredit verilməsi ilə bağlı bəzi tələbləri sərtləşdirmişdi”.
Zaira Akifqızı
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.