AZ

İsrail ərazini ələ keçirdi, əhali qaçır Daha bir ölkədə qarşıdurma

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Livan ərazisinin səkkizdə birindən çoxu İsrailin nəzarəti altındadır. Məlumata görə, İsrail yerli əhaliyə evlərini tərk etməyi əmr edir. 

Bildirilir ki, Livanda İsrailin hücumları nəticəsində təxminən 700 nəfər həlak olub, 800 mindən çox insan evlərini tərk etməyə məcbur qalıb.

Norveç Qaçqınlar Şurasının məlumatına əsasən, İsrailin Livanın cənubunda və Beyrutun bəzi hissələrində “təxliyə əmrləri” hazırda təxminən 1470 kvadrat kilometr və ya ölkə ərazisinin təxminən 14%-ni əhatə edir.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, mövcud vəziyyəti “İsrail Livanı işğal edir” kimi təqdim etmək daha çox siyasi və mediada istifadə olunan ifadədir:

“Reallıqda isə İsrailin əsas hərbi əməliyyatları Livan dövlətinə qarşı deyil, ölkənin cənubunda fəaliyyət göstərən “Hizbullah”a qarşı yönəlir. İsrail uzun illərdir bu təşkilatı öz təhlükəsizliyinə əsas təhdid hesab edir və xüsusilə sərhəd bölgələrindən İsrail ərazisinə raket atışları və hücumlar baş verdikdə Livan ərazisinə hərbi zərbələr endirir. Bu səbəbdən İsrail əməliyyatlarını “terror təşkilatına qarşı preventiv və ya cavab tədbiri” kimi təqdim edir. Lakin zərbələr Livan ərazisində baş verdiyi və mülki infrastruktur da zərər gördüyü üçün Livan tərəfi və bir çox beynəlxalq aktorlar bunu faktiki olaraq ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir.

Züriyə Qarayeva

Digər tərəfdən, Livanın özü də bu münaqişədə tam neytral və ya tam idarəedici tərəf deyil. “Hizbullah” Livan daxilində həm siyasi partiya, həm də müstəqil silahlı qüvvə kimi fəaliyyət göstərir və ölkənin rəsmi ordusundan ayrı bir hərbi struktura malikdir. Bu səbəbdən Livan dövləti bəzən bu təşkilatın fəaliyyətinə tam nəzarət edə bilmir. Nəticədə İsrail-“Hizbullah” qarşıdurması çox vaxt İsrail–Livan müharibəsi kimi görünür, amma əslində bu, daha çox İsrail ilə “Hizbullah” arasında regional güc qarşıdurmasının Livan ərazisində baş verən mərhələsidir. Bununla belə, müharibənin nəticələrini əsasən Livan dövləti və mülki əhali yaşayır – köçkünlər, dağıntılar və siyasi qeyri-sabitlik də məhz bu səbəbdən artır”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
globalinfo.az

1Mənbələr