Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi Albaniyanın “Partizani” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 28-ci turu çərçivəsində “Vora” ilə qarşılaşıb.
“Partizani” səfərdə baş tutmuş bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. İsgəndərli bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Partizani” 28 turdan sonra 43 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. Sözügedən komanda 28 oyunda 12 qələbə qazanıb, 7 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 25 oyuna çıxıb, 5 qola imza atıb.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.
