AZ

İxtisas seçimi əmək bazarının tələblərinə uyğun aparılmalıdır - Ramin Nurəliyev

Azərbaycanda yeni peşə və ixtisasların siyahıya əlavə olunması əmək bazarının tələblərinə uyğun kadr hazırlığına imkan yaradır. Bu dəyişiklik həm də gənclərin daha aktual və perspektivli sahələrə yönəlməsinə, gələcək karyera seçimlərinin genişlənməsinə şərait yaradır.

“Müasir dövrdə texnologiyanın sürətli inkişafı peşə və ixtisas seçimlərinə də təsir göstərir. Cəmiyyət əmək bazarında tələbat olan sahələrə daha çox üstünlük verir”- Bu sözləri Təhsil eksperti Ramin Nurəliyev QHT.az-a olan açıqlamasında söyləyib.

Ramin Nurəliyev bildirib ki, texnologiyanın inkişafı cəmiyyətdə yeni peşə və ixtisaslara ehtiyac yaradır və gənclər də seçimlərini əsasən bu istiqamətlərə yönəldirlər. Onun sözlərinə görə, əmək bazarında hansı sahəyə daha çox tələbat varsa, həmin sahə cəmiyyət tərəfindən də daha çox diqqətə alınır və ixtisas seçimi zamanı ön plana çıxır.

R.Nurəliyev sözlərinə görə, hazırda xüsusilə kompüter yönümlü sahələr sürətlə inkişaf edir və bu da gənclərin seçimlərinə təsir göstərir. O qeyd edib ki, bu gün gənclərin böyük bir qismi hüquq ixtisasından daha çox məhz kompüter yönümlü sahələrə istiqamətlənməyə çalışır.

Ekspert bildirib ki, ixtisas və peşələrin siyahıya əlavə olunması zamanı mütləq şəkildə əmək bazarının tələbləri nəzərə alınmalıdır. Onun sözlərinə görə, yeni ixtisasların yaradılması və mövcud siyahıya daxil edilməsi əmək bazarında olan müraciətlər və tələbat əsasında həyata keçirilməlidir.

Ekspert vurğulayıb ki, son illərdə bu istiqamətdə bir sıra yeniliklər həyata keçirilib. Belə ki, kompüter yönümlü sahələr üzrə son iki ildə data analitikası ixtisasları əlavə olunub. Bununla yanaşı, kibertəhlükəsizlik istiqaməti də ali təhsil sistemində yer almağa başlayıb. Bu ildən isə süni intellekt ixtisaslarının əlavə olunması nəzərdə tutulur.

“Bu, müasir texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevrildiyini və əmək bazarında bu sahələrə marağın artdığını göstərir” – deyə R.Nurəliyev qeyd edib.

Ekspert bildirib ki, bu dəyişikliklər gənclərin ixtisas seçiminə də təsir göstərir. Onun sözlərinə görə, xüsusilə birinci ixtisas qrupunda kompüter yönümlü ixtisasların artmasından sonra bəzi alt qruplara, o cümlədən riyaziyyat istiqamətinə maraqda azalma müşahidə olunur.

Ramin Nurəliyev qeyd edib ki, əvvəlki illərlə müqayisədə bəzi mühəndislik ixtisaslarına maraq da azalıb. Onun sözlərinə görə, on və ya on beş il əvvəl neft-qaz mühəndisliyi ixtisasına qəbul balları daha yüksək idi və bu sahəyə böyük maraq göstərilirdi.

“Bu gün isə kompüter yönümlü ixtisasların keçid balları 500–600 bal civarında dəyişir, neft-qaz ixtisaslarına isə daha aşağı – təxminən 400 bal səviyyəsində qəbul olmaq mümkündür” – deyə o bildirib.

Ekspert hesab edir ki, gənclər ixtisas seçərkən yalnız topladıqları bala deyil, həm də əmək bazarının tələblərinə diqqət yetirməlidirlər. Onun fikrincə, yüksək bal toplayan abituriyentin əmək bazarında perspektivi zəif olan ixtisasları seçməsi məqsədəuyğun deyil.

R.Nurəliyev qeyd edib ki, məsələn, yüksək bal toplayan şəxsin fəlsəfə ixtisasını seçməsi və ya bəzi ixtisasların – o cümlədən geodeziya kimi istiqamətlərin – yüksək bal hesabına seçilməsi arzuolunan hesab edilmir. Onun sözlərinə görə, hər bir ixtisasın əmək bazarında müəyyən mövqeyi var və seçim zamanı bu amil nəzərə alınmalıdır.

Ekspert əlavə edib ki, son illərdə dövlət tərəfindən də kompüter yönümlü ixtisaslara xüsusi diqqət ayrılır. Onun sözlərinə görə, hər il bu sahələr üzrə plan yerlərinin və dövlət sifarişli yerlərin sayı artırılır.

Ramin Nurəliyev bildirib ki, son qəbul imtahanlarında birinci ixtisas qrupunda bəzi kompüter yönümlü ixtisaslara təxminən 300 balla belə dövlət sifarişi əsasında qəbul imkanları yaranıb. Onun fikrincə, bu, dövlətin həmin sahəyə marağının göstəricisidir.

Ekspert vurğulayıb ki, dövlət sifarişli yerlərin artırılması gələcəkdə həmin sahələr üzrə kadr çatışmazlığının qarşısını almaq məqsədi daşıyır. O qeyd edib ki, son illərdə turizm ixtisasları üzrə dövlət sifarişli yerlərin sayının artırılması da məhz Qarabağda işğaldan azad olunmuş ərazilərdə turizm sektorunun inkişafı ilə bağlıdır.

R.Nurəliyev hesab edir ki, kompüter yönümlü ixtisasların sayının və plan yerlərinin artırılması Azərbaycanın gələcəkdə texnologiya və süni intellekt sahələrində inkişaf etmiş ölkələrlə rəqabət aparmaq imkanlarını genişləndirə bilər.

Ekspert xatırladıb ki, son dövrlərdə ölkə rəhbərliyi tərəfindən də kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, süni intellekt kimi ixtisasların həm ali təhsil müəssisələrində, həm də təhsil proqramlarında yer alması ilə bağlı tövsiyələr də bu istiqamətdə aparılan siyasətin göstəricisidir.

Fatimə Nəbiyeva

Seçilən
25
qht.az

1Mənbələr