AZ

Hörmüz boğazı ilə bağlı qeyri müəyyənlik: Daha bir ölkə hərbi gəmilərini göndərməkdən imtina etdi

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Hörmüz boğazının blokdan çıxarılmasına kömək üçün hərbi gəmilər göndərməkdən imtina edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Məlumata görə, Böyük Britaniya hökuməti minaların axtarışı üçün PUA-lar (pilotsuz uçuş aparatları - dron) göndərmək imkanını nəzərdən keçirir, lakin donanmanın işə salınmasına hazır deyil.

Nəşrin yazdığına görə, Böyük Britaniyanın energetika naziri Ed Milibend bildirib ki, hökumət boğazın işinin bərpası üçün mümkün yolları aktiv şəkildə araşdırır. Onun sözlərinə görə, boğazın yenidən açılmasına kömək edə biləcək bütün variantlar müttəfiqlərlə birlikdə araşdırılır.

Qeyd edilir ki, Fransa, Almaniya və Cənubi Koreya da həmçinin İrandakı müharibənin qeyri-müəyyən müddətə uzanması ilə bağlı narahatlıqlar səbəbindən ABŞ prezidentinin tələbinə cavab vermək istəyində olmadıqlarını ifadə ediblər. Eyni zamanda, Böyük Britaniyanın hərbi gəmilər göndərməkdən imtina etməsi Starmer və Donald Tramp arasında şəxsi münaqişəni daha da ağırlaşdıra bilər.

"The Wall Street Journal" nəşrinin məlumatına görə, Ağ Ev bu həftə Hörmüz boğazından keçən gəmilərin qorunmasında iştirak etməyə hazır olan ölkələrin koalisiyasının yaradıldığını elan etmək niyyətindədir. Donald Trampın sözlərinə görə, artıq bir neçə ölkə bu missiyada ABŞ-yə kömək etmək öhdəliyini üzərinə götürüb.

11:24

"Yaponiya hökuməti hazırda Hörmüz boğazı akvatoriyasında patrul xidməti üçün öz hərbi-dəniz qüvvələrinin göndərilməsi variantını nəzərdən keçirmir".

Oxu.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin müdafiə naziri Sindziro Koidzumi parlament müzakirələri çərçivəsində məlumat verib.

"Hazırda Özünümüdafiə Qüvvələrinin göndərilməsi gündəmdə deyil", - deyə nazir parlamentarilərin sualına cavab olaraq bildirib.

Sindziro Koidzumi, həmçinin qeyd edib ki, nəzəri olaraq, mövcud hüquqi baza Yaponiya vətəndaşlarının həyatının, sağlamlığının və ya əmlakının qorunması zərurəti şərti ilə Yaponiya gəmilərinin müvafiq bölgəyə yerləşdirilməsinə imkan verir. Eyni zamanda, o, Yaxın Şərqdəki mövcud vəziyyətin belə bir ssenari üçün meyarlara cavab verib-vermədiyinə dair şərh verməkdən imtina edib.

Avstraliyanın infrastruktur və nəqliyyat naziri Ketrin Kinq də oxşar fikir ifadə edib. O, ABC radiostansiyasının efirində bildirib ki, ölkə müdafiə məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə hərbi təyyarə göndərəcək, lakin bölgəyə milli Hərbi-Dəniz Qüvvələrinin gəmilərini göndərməyəcək.

"Bizdən bunu xahiş etməyiblər və biz bu işdə (Hörmüz boğazında gəmiçiliyin bərpasında) iştirak etmirik. Biz Hörmüz boğazına gəmilər göndərmək niyyətində deyilik", - deyə o qeyd edib.

Daha əvvəl isə bildirilmişdi ki, Almaniya və Böyük Britaniya da öz gəmilərini Hörmüz boğazına göndərməyi nəzərdən keçirmirlər.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
cebheinfo.az

2Mənbələr