AZ

İran ABŞ nin Yaxın Şərqdəki strateji hərbi sistemlərini vurub Detallar AÇIQLANDI

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər yayılan məlumatlara görə, İran son 16 gün ərzində ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi infrastrukturunun bir sıra mühüm elementlərinə zərbələr endirib. İddialara əsasən, hücumlar əsasən ABŞ ordusunun hava əməliyyatları, erkən xəbərdarlıq və raketdən müdafiə imkanlarını zəiflətməyə yönəlib.

Məlumatlarda bildirilir ki, zərbələr nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing KC-135 Stratotanker" tipli altı yanacaqdaşıyan təyyarə sıradan çıxarılıb. İddiaya görə, onlardan biri havada, beşi isə aerodromda vurulub. Bu tip təyyarələr döyüş təyyarələrinin havada yanacaq doldurmasını təmin etdiyi üçün ABŞ aviasiyasının uzaq məsafəli əməliyyatlarında mühüm rol oynayır.

Həmçinin bildirilir ki, İran qüvvələri erkən xəbərdarlıq sisteminin əsas elementlərindən biri sayılan AN/FPS-132 tipli radiolokasiya stansiyasını da hədəfə alıb. Bu stansiya ballistik raketlərin uzaq məsafədən aşkarlanması üçün istifadə olunur.

Bundan başqa, ABŞ-ın raket hücumundan müdafiə sisteminin vacib komponentlərindən olan AN/TPY-2 radiolokasiya stansiyalarından ikisinin də zərbə nəticəsində sıradan çıxdığı iddia olunur.

Məlumatlara görə, hücumlar ABŞ-ın Qətər və Bəhreyn ərazisində yerləşən bəzi hərbi bazalarının fəaliyyətinə də təsir göstərib. Həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin peyk rabitə sistemlərinə aid bəzi rabitə qurğularının da vurulduğu bildirilir.

Ən diqqətçəkən iddialardan biri isə ABŞ hərbi gəmilərində istifadə olunan "Mark 41 Vertical Launching System" (Mk-41) universal raket buraxılış qurğusuna raketlərin yüklənməsi üçün nəzərdə tutulan xüsusi qaldırıcı-yükləyici avadanlığın Bəhreyndə vurulması ilə bağlıdır. Bildirilir ki, bu avadanlıq regionda ABŞ suüstü və sualtı gəmilərinin raketlərlə yenidən silahlandırılması üçün əsas texniki vasitələrdən biridir.

Bəzi hərbi müşahidəçilərin fikrincə, bu cür hədəflərin seçilməsi və onların ardıcıl şəkildə vurulması yüksək səviyyəli planlaşdırma və kəşfiyyat məlumatları tələb edir. Bu səbəbdən bəzi analitiklər əməliyyatların yalnız İranın öz imkanları ilə həyata keçirilib-keçirilmədiyi barədə suallar qaldırırlar.

Qeyd edək ki, yayılan məlumatlar hələlik ABŞ rəsmi dairələri  tərəfindən tam təsdiqlənməyib . Bununla belə, iddialar İranın müttəfiqlərindən kəşfiyyat dəstəyi aldığı və dəqiq silahlara malik olduğunu göstərir.

Rasim Əliyev

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
azpolitika.info

1Mənbələr