“Milan” klubu təcrübəli xorvatiyalı yarımmüdafiəçi Luka Modriçlə əməkdaşlığı davam etdirmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
Mənbə “rossoneri”nin idman direktoru İqli Tarenin sözlərini sitat gətirib. O bildirib ki, 40 yaşlı yarımmüdafiəçini komandada saxlamaq klub üçün çox sadə qərardır, lakin futbolçunun gələcəyi yalnız Modriçin öz istəyindən asılıdır.
“Biz Luka Modriçi sevirik və o da “Milan”ı sevir. Onu komandada saxlamağa hazırıq, çünki müqaviləsini daha bir il uzatmaq imkanı var. Bu, bizim üçün çox sadə qərardır, amma hər şey onun istəyindən asılıdır”, – deyə “qırmızı-qaralar”ın nümayəndəsi bildirib.
Modriç 2025-ci ilin iyulunda Madridin “Real” klubundan ayrılaraq “Milan”a transfer olunub. Xorvatiyalı futbolçunun klubla müqaviləsi 2025/26 mövsümünün sonuna qədər qüvvədədir və əməkdaşlığın daha bir il uzadılması ilə bağlı razılaşma da mövcuddur.