"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıda yerləşən universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq. Bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bəs hansı bölgələrdə universitetlə ehtiyac var və Bakıdakı hansı universitetlər köçürülə bilər?
Əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələni yalnız universitetlərin bir şəhərdən digərinə köçürülməsi kimi görmək düzgün olmaz.
Onun sözlərinə görə, burada daha böyük bir məsələ var:
"Ölkədə ali təhsilin coğrafiyası necə qurulacaq və regionların inkişafına o necə təsir edəcək. Bu baxımdan 2027–2030-cu illərin sosial-iqtisadi inkişaf strategiyasında universitetlərin bölgələrə köçürülməsi və yeni ali məktəblərin yaradılması ideyasının gündəmə gəlməsi, məncə, məntiqli addımdır.
Bu gün Azərbaycanda ali təhsil əsasən Bakıda cəmləşib. Demək olar ki, tələbələrin böyük əksəriyyəti oxumaq üçün paytaxta gəlir. Bunun nəticəsini isə hamımız görürük: kirayə evlər bazarında bahalaşma, nəqliyyatda sıxlıq, tələbələrin yaşayış problemləri və sair. Digər tərəfdən, regionlarda yaşayan gənclər təhsil almaq üçün doğma şəhərlərini tərk edir və çox vaxt geri qayıtmırlar. Universitetlərin bölgələrdə güclənməsi həm regionların inkişafına təkan verə, həm də gənclərin öz bölgələrində qalmasına imkan yarada bilər".

Paytaxtdakı hansı universitetlərin köçürülə biləcəyi məsələsinə gəlincə, həmsöhbətimiz hesab edir ki, əsas meyar universitetin profili olmalıdır:
"Məsələn, tətbiqi və texniki istiqamətli ali məktəblərin regionlarda yerləşməsi daha məntiqli görünür. Aqrar, texnologiya və mühəndislik yönümlü universitetlər yerli iqtisadiyyatla daha sıx əlaqə qura bilər. Məsələn, aqrar sahə üzrə təhsil verən universitetlərin kənd təsərrüfatı potensialı yüksək olan bölgələrdə fəaliyyət göstərməsi həm təhsil, həm də praktika baxımından daha effektiv ola bilər. Regionlara gəldikdə isə, burada da seçim təsadüfi olmamalıdır. Məsələn, Gəncə artıq müəyyən qədər akademik mərkəz kimi formalaşıb və bu istiqamətdə daha da gücləndirilə bilər. Lənkəran bölgəsi aqrar və bioloji sahələr üçün əlverişli mühitə malikdir. Şəki-Zaqatala zonası turizm, kənd təsərrüfatı və qida sənayesi istiqamətində ixtisaslaşmış universitet üçün maraqlı platforma ola bilər. Mingəçevir və Sumqayıt isə sənaye və texnologiya yönümlü ali təhsil mərkəzləri kimi inkişaf etdirilə bilər".
Əməkdar müəllim vurğuladı ki, digər vacib məsələ bəzi bölgələrdə yeni universitetlərin yaradılmasıdır:
"Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ali təhsil müəssisələrinin yaradılması strateji baxımdan çox önəmlidir. Bu həm Böyük Qayıdış prosesini gücləndirə bilər, həm də həmin bölgələrdə yeni elmi və iqtisadi mərkəzlərin formalaşmasına töhfə verər. Amma burada bir vacib məqamı da unutmaq olmaz. Universitetləri sadəcə fiziki olaraq başqa şəhərə köçürmək hələ o demək deyil ki, regionlarda güclü ali təhsil mərkəzləri yaranacaq. Dünya təcrübəsi göstərir ki, regional universitetlərin uğurlu olması üçün müasir kampus infrastrukturu, güclü müəllim heyəti və yerli iqtisadiyyatla real əməkdaşlıq mexanizmləri lazımdır. Yəni məsələ təkcə universitet binasının yerini dəyişmək deyil. Əsas məsələ həmin universitetin bölgədə real akademik və elmi mərkəzə çevrilməsidir. Bu isə düşünülmüş və mərhələli siyasət tələb edir. Əgər bu proses düzgün planlaşdırılsa, universitetlərin regionlara yayılması həm ali təhsilin inkişafına, həm də ölkənin balanslı regional inkişafına ciddi töhfə verə bilər".
Aytəkin TOFİQQIZI