AZ

Bakı kriminal dünyasının lider qadını Şahnaz bibi

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tanınmış rus şairi Sergey Yesenin xatirələrində Bakıda kriminal dünyanın liderlərindən biri olan Şahnaz bibi haqqında yazıb.

Ölkə.Az xəbər verir ki, bunu tarix üzrə araşdırmaçı, dosent Zaur Əliyev qeyd edib. O  Yeseninin Bakıda bir neçə dəfə olduğunu bildirib:

“İlk dəfə 1920-ci ildəki qısa səfəri Yeseninə Bakını tanıdıb. Daha sonra  bir neçə dəfə də bu şəhərə yolu düşüb. Sonuncu dəfə 1925-ci ilin martında Bakıya gələn şair 2 aydan çox burada qalıb, Mərdəkanda yaşayıb. 

Burda yaşadığı müddətdə Bakı xatirələrini qeydə alıb. Onun yazısında Bakının kriminal dünyasına da xüsusi yer ayırılıb. Bu qeydlərdə diqqətimi çəkən bir şəxs oldu - kriminal dünyanın liderlərindən biri olan Şahnaz bibi. 40 yaşlı bu qadın o dövrün kişi mərkəzli kriminal aləmində inanılmaz bir nüfuz qazanmışdı.

Onun həyat yoldaşı o dövrün məhşur kriminallarından biri Kərim idi. Rus ordusunun əks-kəşfiyyat polkovnikinin pulunu aldadaraq əldə etməsindən sonra 1890-cı ildə onu Xəzər dənizində əlləri bağlanmış, boynuna nəhəng bir daş qoyulmuş halda batırıblar. 

Ərinin ölümündən sonra Kriminal dəstəyə Şahnaz bibi başçılıq etməyə başlayır. Qeydlərə görə, Şahnaz bibi gödəkçəsinin altında ucu kəsilən ov tüfəngi gəzdirirdi. Arxiv qeydlərində onun zahiri görkəmi haqqında da maraqlı qeydlər var. O, adətən qara libasda gəzər, başına bahalı ipək kəlağayı bağlayardı. Barmaqlarında isə iri, qiymətli üzüklər olardı”.

Z.Əliyev yazır ki, kriminal aləmin lider qadını qumarxanaları və gizli sığınacaqları vardı:

“Məhərrəmlik ayında insanların dini ibadətinə mane olmaq istəyən, "Skripkaçı" ləqəbli rus kriminal aləmin üzvü Miroslavı məscidin qarşsında yaralamışdı. Miroslav iki metrdən çox boyu olan, 33 yaşlı hündürboylu bir şəxs idi. Ona xəbərdarlıq edilmiş idi ki, bu ayda oğurluq etməsin, buna əməl qoymadığı üçün cəzasını alır. 

O, Bakının ən təhlükəli məhəllələrində, xüsusilə "Çəmbərəkənd" və "Qara şəhər" ətrafında qumarxanalar, gizli sığınacaqlar və oğurluq malların satıldığı anbarlar saxlayırdı. O vaxtlar buralar dar küçələri, labirintə bənzəyən həyətləri ilə hüquq-mühafizə orqanı işçiləri üçün əsl kabus idi. Bir cinayətkar o məhəllələrə girdisə, onu tapmaq qeyri-mümkün idi.

“Sona” və “Gülpəri” kimi tanınan kriminal aləmin xanımları Şahnaz bibinin dəstəsində idi. Qadınlardan ibarət "cibgirlər" dəstəsi toylarda və bazarlarda qadınların zinət əşyalarını oğurlayır və qaçaqmalçılıq ilə məşğul olurdular”.

Dosent ermənilərin Şahnaz bibidən çox qorxduğunu da qeyd edib:

“Həmin illərdə Bakıda yaşayan erməni alverçisi Slavik var idi. Bir gün o Şahnaz bibinin əmrinə tabe olmur, onun üzərinə təkbaşına gedərək xəncərlə onun çiyninə ağır zərbə endirir. Erməni qaçır və daha Bakıda görünmür. Bu hadisədən sonra şəhərdə ermənilər deyirdilər: "Biz Şahnaz bibidən azərbaycanlı kişilərdən daha çox qorxuruq".

Şahnaz bibi şəhərin elitası ilə sıx əlaqədə idi. O dövrün bəzi varlı neft sahibləri öz rəqiblərini qorxutmaq və ya onlardan nəsə tələb etmək üçün rəsmi yollara deyil, Şahnazın xidmətlərinə müraciət edirdilər. O, bir növ vasitəçi rolunu oynayırdı: kiminsə mülkü oğurlanırdısa, polisdən əvvəl Şahnaza xəbər göndərilirdi ki, "haqqını verək, malı geri qaytar".

Əgər iki oğru dəstəsi arasında ərazi və ya qənimət üstündə dava düşürdüsə, Şahnazın yanına gedirdilər. Onun verdiyi qərar qəti idi və buna etiraz edənin cəzası çox ağır olurdu.

Deyilənə görə, bir dəfə çox məşhur bir neft maqnatının evindən nadir bir mücrü oğurlanır. Polis həftələrlə axtarış aparsa da, heç nə tapmır. Maqnat məcbur qalıb Şahnaz bibiyə xəbər yollayır. Cəmi iki gün sonra mücrü maqnatın qapısının ağzına qoyulur, içindəki qızıllar yerində olur”.

Tarixi qeydlərə istinad edən Z.Əliyev Şahnaz bibinin 1908-ci ildə öldüyünü bildirir:

“Şahnaz bibi tez-tez Bakının dağlıq hissəsində yerləşən Çəmbərəkənd qəbiristanlığındakı qohumlarının məzarını ziyarət edərdi. 1908-ci il sentyabrın 3-də, qəbiristanlıq ziyarətindən dərhal sonra, Şahnaz öz evində vəfat edir”.

Billurə

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
5
olke.az

6Mənbələr