AZ

İsrail hakimiyyəti İranın artıq Qüdsü hədəfə ala biləcəyindən ehtiyat edir

Şəhərin müqəddəs məkanları yaxınlığında raket qalıqlarının düşməsi təhlükəsizlik narahatlıqlarını artırıb...

İsrail hakimiyyəti İranın mümkün raket hücumlarında artıq Qüds şəhərini hədəfə ala biləcəyindən narahatdır.

Poliqon xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb. Bildirilir ki, bazar ertəsi gün ərzində şəhərin müxtəlif hissələrində raketlərin iri fraqmentlərinin aşkar olunması təhlükəsizlik strukturlarında ciddi narahatlıq yaradıb.

Məlumata görə, Qüdsün Köhnə Şəhər ərazisində raketin böyük bir hissəsi dar küçələrdən birinə düşüb. Həmin yer xristianlar üçün ən müqəddəs məkanlardan biri hesab olunan Müqəddəs Qəbir Kilsəsinin yaxınlığında yerləşir. İnanca görə, bu kilsə İsa Məsihin çarmıxa çəkildiyi və dəfn edildiyi yerin üzərində inşa olunub.

Hadisədən sonra təhlükəsizlik qüvvələri şəhərin bir sıra hissələrində geniş tədbirlər görüb. Polis həmçinin Əl-Əqsa məscidi kompleksinin ətrafında kiçik bir ərazini müvəqqəti olaraq bağlayıb. Bu addım məscidin ərazisində raket qalıqlarına bənzər xırda fraqmentlərin aşkar olunmasından sonra atılıb. Əl-Əqsa məscidi islam dünyasında Məkkə və Mədinədən sonra üçüncü ən müqəddəs məkan hesab olunur.

Raket parçalarının şəhərin digər hissələrində də aşkar edildiyi bildirilir. Onlardan bəziləri Qüdsün qərb hissəsində yerləşən Knesset binasının yaxınlığına düşüb. Bu ərazi İsrail hökumətinin əsas idarəetmə mərkəzlərindən biridir və baş nazir Benyamin Netanyahunun ofisinə də yaxın məsafədə yerləşir.

Bundan başqa, raketin arxa hissəsinin şəhərin şərqində yerləşən və əsasən fələstinlilərin yaşadığı Silvan məhəlləsində bir evin damını deşdiyi bildirilir. Hadisə nəticəsində ciddi dağıntı və ya itkilər barədə hələlik rəsmi məlumat verilməyib.

Ekspertlər qeyd edirlər ki, raketlərin birbaşa Qüdsə yönəldildiyi, yoxsa başqa hədəflərə uçarkən havada vurulduğu hələ dəqiq məlum deyil. Bununla belə, son günlərdə şəhər istiqamətində bir neçə raket salvo hücumunun qeydə alındığı və onların İsrailin paytaxtını hədəf ala biləcəyi ehtimalının nəzərdən keçirildiyi bildirilir.

Daha əvvəl analitiklər hesab edirdilər ki, Tehran Qüdsə birbaşa zərbə endirməkdən çəkinə bilər, çünki belə hücumlar islamın müqəddəs məkanlarına ziyan vurmaq riski daşıyır. Lakin hazırda İsrail hakimiyyətinin şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirdiyi və müxtəlif ərazilərdə mobil bomba sığınacaqları yerləşdirdiyi barədə məlumatlar yayılıb.

Qeyd olunur ki, bu tip kiçik yerüstü beton sığınacaqlar adətən Qəzza zolağı ilə sərhəd bölgələrində və İsrailin şimal hissəsində istifadə olunur. İndi isə təhlükəsizlik risklərinin artması səbəbindən onların Qüdsün müxtəlif hissələrində də quraşdırılmasına başlanıldığı bildirilir.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr