Ağ Evin iqtisadi müşaviri hərbi əməliyyatlara artıq milyardlarla dollar sərf edildiyini bildirib...
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Dafra aviabazasında yerləşən Saab GlobalEye erkən xəbərdarlıq və kəşfiyyat təyyarəsinin İranın pilotsuz uçuş aparatı ilə həyata keçirilən zərbə nəticəsində məhv edildiyi iddia olunur.
Poliqon xəbər verir ki, bu barədə yayılan məlumatlar yeni peyk görüntülərinin ortaya çıxmasından sonra gündəmə gəlib.
Məlumata görə, ötən həftə baş vermiş pilotsuz uçuş aparatlarının hücumundan sonra çəkilən peyk şəkillərində aviabazadakı bir neçə təyyarə anqarında ciddi zədələr müşahidə olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdə iri hərbi bazada yerləşən anqarların konstruksiyalarında dağıntı izləri və yanğın nəticəsində yaranmış zədələnmələr aydın görünür.
Əl-Dafra aviabazası BƏƏ-nin ən mühüm hərbi obyektlərindən biri hesab olunur. Burada BƏƏ Hərbi Hava Qüvvələrinin təyyarələri ilə yanaşı, ABŞ və Fransanın hərbi kontingentinə məxsus aviasiya vasitələri də yerləşdirilir. Baza regionda hava əməliyyatlarının planlaşdırılması, müşahidə və kəşfiyyat fəaliyyətləri üçün strateji mərkəz rolunu oynayır.
Məlumata görə, zərbə bir neçə gün əvvəl baş versə də, potensial ziyanın miqyası yalnız yeni peyk görüntülərinin yayılmasından sonra aydın olub. Analitiklər hesab edirlər ki, zədələnmiş anqarlardan birində yüksək dəyərə malik kəşfiyyat aviasiya platforması yerləşdirilmiş ola bilər.
Qeyd olunur ki, Saab GlobalEye sistemi havadan erkən xəbərdarlıq və müşahidə funksiyalarını yerinə yetirən ən müasir platformalardan biridir. Təyyarə hava, dəniz və quru hədəflərini eyni vaxtda izləmək imkanına malikdir və geniş radiusda radar nəzarəti həyata keçirə bilir. Bu sistem regionda hava məkanının monitorinqi və hərbi əməliyyatların koordinasiyası üçün xüsusi əhəmiyyət daşıyır.
BƏƏ bu platformaları İsveçin Saab şirkəti ilə imzaladığı bir neçə müqavilə çərçivəsində əldə edib. Müqavilələrin ümumi dəyəri təxminən 2,3 milyard dollar təşkil edir və beş ədəd GlobalEye təyyarəsinin tədarükünü nəzərdə tutur. Bu isə hər bir təyyarənin konfiqurasiyadan və texniki xidmət paketindən asılı olaraq təxminən 450–500 milyon dollar dəyərində olduğunu göstərir.
Mütəxəssislərin fikrincə, belə bir təyyarənin itirilməsi regionda hava kəşfiyyatı imkanlarına ciddi təsir göstərə bilər. Eyni zamanda bu hadisə Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginliyin daha da artdığını göstərən növbəti siqnal kimi qiymətləndirilir.
Poliqon.info