AZ

NATO Türkiyədə raketdən müdafiə imkanlarını gücləndirməyi nəzərdən keçirir

İran tərəfindən yarana biləcək təhlükələr fonunda alyans Türkiyədə yerləşən hərbi bazaya əlavə Patriot sistemi göndərməyi planlaşdırır...

NATO İran tərəfindən yarana biləcək raket təhlükələri fonunda Türkiyədə yerləşən hərbi obyektlərdə raketdən müdafiə imkanlarının daha da gücləndirilməsi variantını nəzərdən keçirir.

Poliqon xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən Bloomberg Agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, alyans artıq Türkiyənin şərq hissəsində erkən xəbərdarlıq radarını qorumaq məqsədilə raketdən müdafiə batareyası yerləşdirib. Sözügedən radar sistemi Yaxın Şərq regionunda raket buraxılışlarının izlənilməsi və mümkün təhlükələrin vaxtında müəyyən edilməsi üçün istifadə olunur.

Hazırda NATO-nun gündəmində ABŞ hərbçilərinin yerləşdiyi Türkiyədəki aviabazanın müdafiəsini gücləndirmək məqsədilə əlavə Patriot hava və raketdən müdafiə sisteminin göndərilməsi məsələsi də müzakirə olunur. Məlumata görə, bu addım regionda artan hərbi-siyasi gərginlik fonunda strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Məsələ ilə bağlı danışan mənbələrdən biri təhlükəsizlik səbəbindən anonim qalmaq şərti ilə bildirib ki, əlavə sistemin yerləşdirilməsi NATO-nun regionda müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə, hazırda alyans daxilində müxtəlif variantlar qiymətləndirilir və qərar təhlükəsizlik vəziyyətindən asılı olaraq verilə bilər.

Ekspertlərin fikrincə, NATO-nun Türkiyədə raketdən müdafiə sistemlərini gücləndirməsi Yaxın Şərqdə artan gərginlik və mümkün raket təhdidlərinə qarşı preventiv tədbir kimi qiymətləndirilir. Türkiyə NATO-nun cənub-şərq cinahında yerləşdiyi üçün regionda hərbi və strateji baxımdan mühüm rol oynayır.

Qeyd olunur ki, Patriot sistemi hava hücumundan müdafiə və ballistik raketlərin qarşısının alınması üçün nəzərdə tutulmuş ən müasir müdafiə komplekslərindən biridir və NATO ölkələrinin kollektiv təhlükəsizlik sistemində mühüm yer tutur.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr