AZ

Azərbaycanda benzin və dizelin qiyməti son 10 ildə necə dəyişib? – İNFOQRAFİKA

Azərbaycanda benzinin qiyməti Tarif Şurasının qərarları əsasında tənzimlənir. Bu tənzimləmə isə makroiqtisadi göstəricilər, dünyadakı yanacaq qiymətlərinin dəyişməsi kimi amillərdən asılı olaraq artır. 

Son illər ərzində, xüsusilə, 2013-2025-ci illər ərzində benzin qiymətlərində bir neçə dəfə dəyişiklik olub.

Bizim.Media benzinin qiymətlərinin son illər ərzində necə dəyişdiyini araşdırıb.






Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixində keçirilmiş növbəti iclasında Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik müəyyən edilib.

Tarif (qiymət) Şurasının 14 iyul 2017-ci il tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.

2021-ci il yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.

Tarif Şurası tərəfindən açıqlanıb ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

12 dekabr 2025-ci ildə Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib. Qərarlar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

Yəni, 2013-cü illə müqayisədə dizelin qiymətində 50 qəpik, Aİ-92 markalı benzinin qiymətində 45 qəpik, Aİ-95 markalı benzinin qiymətində isə 80 qəpik artım qeydə alınıb.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
64
1
bizim.media

2Mənbələr