ain.az, Azpost saytına istinadən bildirir.
Uzun müddətdir istifadəçilər tərəfindən səsləndirilən problem yenidən gündəmə gəlib. AzPost xəbər verir ki, vətəndaşlar Azərbaycan Dəmir Yollarında tətbiq edilən kart ödəniş sistemindən narazıdır.
Şikayətə görə, Sumqayıt–Bakı istiqamətində qatarla hərəkət edən sərnişinlər bank kartı ilə ödəniş etdikdə məbləğ dərhal çıxılmır. Bildirilir ki, ödəniş bəzən günün sonunda, hətta bir gün sonra kartdan silinir. Bu isə həmin anda kartda kifayət qədər vəsait olmadıqda əməliyyatın baş tutmamasına səbəb olur.
Nəticədə kart “qara siyahı”ya düşür və sərnişin növbəti gedişlərdə həmin kartdan istifadə edə bilmir. Bu hal isə insanların işə və ya digər vacib ünvanlara gecikməsi ilə nəticələnir.
Maraqlıdır ki, oxşar ödəniş sistemi metro və avtobuslarda daha fərqli şəkildə işləyir. Orada ödəniş bir neçə dəqiqə ərzində həyata keçirilir və istifadəçilər belə problemlə üzləşmir. Sərnişinlər hesab edir ki, eyni yanaşma qatar sistemində də tətbiq olunmalıdır.
Digər narazılıq isə stansiya əməkdaşlarının məsuliyyəti üzərindən atması ilə bağlıdır. Bildirilir ki, problem barədə müraciət edildikdə sərnişinlərə bunun onların işi olmadığı deyilir və əlavə tətbiqdən istifadə tövsiyə olunur.
Vətəndaşlar isə qeyd edir ki, kartla ödəniş imkanı yaradılıbsa, bu xidmət problemsiz işləməlidir. Əks halda əlavə tətbiqlərin yüklənməsi məcburiyyəti istifadəçilər üçün əlavə çətinlik yaradır.
Qeyd edək ki, bəzi hallarda kartların uzun müddət blokda qalması da müşahidə olunur. İddialara görə, hətta illər əvvəl yaranmış borca görə kartların turniketlərdə hələ də aktiv olmaması sərnişinlərin narazılığını daha da artırır.
Məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyi hələlik açıqlanmayıb.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.