AZ

Müharibə Azərbaycanda bu sektoru "vurdu" - 150 manatlıq artım

İranla ABŞ arasında yaranan hərbi gərginlik avtomobil ehtiyat hissələri bazarına da təsirsiz ötüşməyib. Regionda logistika zəncirinin pozulması, xüsusilə Dubaydan Azərbaycana idxal olunan ehtiyat hissələrinin qiymətində artıma səbəb olub.

Day.Az xəbər verir ki, sahibkarların sözlərinə görə, Çin və Amerika istehsalı avtomobillərin gövdə və alt hissələrinə aid detalların tədarükündə çətinlik yaranıb, nəticədə bazarda məhsul qıtlığı müşahidə olunur və qiymətlər 50-150 manat aralığında bahalaşıb.

Hazırda əsas problem logistika gecikmələridir. Yüklər vaxtında çatmadığı üçün bazarda təklif azalır, bu isə qiymətlərin artmasına gətirib çıxarır.

Məsələn, əvvəllər 150 manata satılan bəzi detallar, o cümlədən su nasosları (su qovucular) hazırda 250 manata qədər yüksəlib. Eyni şəkildə, sükan mexanizmləri və digər ehtiyat hissələrinin qiymətində də ciddi artım qeydə alınıb.

Yaxın Şərqdəki gərginlik səbəbindən ehtiyat hissələri daşıyan gəmilərin hərəkətində problemlər yaranıb, alternativ marşrutlar isə əlavə xərclər yaradır. Bu da son qiymətlərə birbaşa təsir edir. Sahibkarlar bildirirlər ki, anbarlarda məhsul ehtiyatı tükənmək üzrədir və bəzi yüklər ümumiyyətlə vaxtında limanlardan çıxarıla bilmir.

Bundan əlavə, birbaşa uçuşların dayandırılması da idxal prosesini çətinləşdirib. Hazırda məhsullar Azərbaycana üçüncü ölkələr üzərindən gətirilir ki, bu da əlavə logistika xərcləri deməkdir. Əgər mövcud vəziyyət davam edərsə, yaxın aylarda ehtiyat hissələrinin qiymətində daha da artım gözlənilir.

Elcan Turan
Day.Az

Seçilən
17
35
day.az

10Mənbələr