AZ

Şeir və gələcək-gənc nəsil və ədəbiyyatın rolu

Şeir insanın daxili dünyasını ifadə edən, duyğular və düşüncələr arasında körpü quran bir sənət növüdür. O, yalnız söz deyil, hisslərin, düşüncələrin və zamanın ritmini daşıyan bir səsdir. Şeir həm fərdi, həm də ictimai səviyyədə insanın dünyagörüşünü zənginləşdirən bir vasitədir. Ədəbiyyat isə, şeir də daxil olmaqla, insan təcrübəsinin, mədəniyyətin və fikirlərin toplandığı geniş bir sahədir. Məncə, ədəbiyyat cəmiyyətin yaddaşıdır, düşüncələrin və duyğuların ötürüldüyü bir platformadır. O, gənclərə yalnız estetik zövq qazandırmır, həm də onların tənqidi düşünmə qabiliyyətini inkişaf etdirir, sosial və mədəni məsələlərə həssas yanaşmağı öyrədir. Düşünürəm ki, ədəbiyyat gənclik üçün bir məktəbdir-burada onlar həm özünü, həm də başqalarını anlamağı öyrənirlər.
Müasir dövrdə gənclik sürətli informasiya axını, sosial media və vizual mədəniyyətlə əhatə olunub. Məncə, bu mühit gənclərin şeir və ədəbiyyatla münasibətini dəyişdirib. Onlar artıq şeiri yalnız oxumaq üçün deyil, həm də yazmaq, paylaşmaq, başqaları ilə müzakirə etmək və öz duyğularını ifadə etmək üçün istifadə edirlər.

Gənclərin şeir və ədəbiyyata münasibətini daha dərindən anlamaq üçün  Filologiya üzrə fəlsəfə doktoru Gülnar Səma ilə söhbət etdik:
-Keçmişdə şeir cəmiyyətin aynası idi. Sizcə, bu gün də poeziya eyni missiyanı daşıyır, yoxsa funksiyası dəyişib?
-Yəqin ki, şeir ilk olaraq onu yazanın özünü ifadəsi kimi formalaşıb. Zaman keçdikcə ona müxtəlif missiyalar yükləyiblər. Beləliklə, şeiri yazan yalnız öz daxili duyğularını ifadə etməklə kifayətlənməyib, onu oxuyanların da duyğularını nəzərə almağa məcbur olub. (Müasir dövrdə də bəzi müəlliflər deyir ki, bu şeiri filankəsin dilindən yazmışam). Nəticədə şeir, yazan və oxuyan arasında körpü halına gətirilib. Ola bilsin ki, onun sənət əsəri kimi seçilməsində də əsas səbəb yalnız yazarına deyil, oxuyanına da şamil edilməsi olub. Antik ədəbiyyatda və ya qədim Şərq poeziyasında şeirlər təbliğat rolunu da oynayıb. Klassik Azərbaycan ədəbiyyatına aid şeirlərin əlyazmalarda qorunması isə bizim eranı əhatə edir. Diqqət etsək, görərik ki, bir tək Azərbaycan ədəbiyyatına aid şeirlər bir neçə dildə yaranıb. Deməli, səbəblərdən biri də şeirin oxucu hədəfi olub.
 Etiraf edək ki, ənənəvi poeziyada şeirin cəmiyyətə təsiri əsasən dini məzmunu ilə bağlı idi. Sonrakı yeri isə vətənpərvərlik mövzusu və ya döyüşlərə ruhlandırma məqsədi ilə yazılan nümunələr tutur. Bunların içərisində daha faydalısının satirik şeirlər olduğunu düşünürəm. Sizin də dediyiniz kimi, şeir cəmiyyətin aynası idi və cəmiyyətdə kütləvi dini itaətlik hökm sürürdü. Təxminən min ilə yaxın dinlədiyi və ya təbliğ etdiyi şeirlərin əsas hissəsini mərsiyyə poeziyası təşkil edən bir cəmiyyətdən başqa münasibət gözləmək də düzgün olmaz. Bəli, ortada bizim bu gün tanıdığımız və tədris etdiyimiz dahi klassiklərimiz vardı, lakin onların yaradıcılığı zəmanəmizə yazılı şəkildə çatıb. Təəssüf ki, öz dövrlərində və sonrakı vaxtlarda onlar kütləvi oxucu üçün maraqlı olmayıb, ən yaxşı halda mədrəsələrdə və ya hansısa tədris ocaqlarında öyrədiliblər. Belə olan halda üz tutduğu şeir gərəksiz dini ədəbiyyat olan cəmiyyətin də yüksək inkişaf mədəniyyətini gözləmək yanlış olar. Cəmiyyət nəyi tələb edirdisə, əksəriyyət də həmin mövzulara üstünlük verirdi. Hətta Nizami Gəncəvi kimi dahilərin də əsərlərində dini müqəddəslərin tərifi və təbliği vardı. Demək istədiyim odur ki, keçmişdə də şeirin və cəmiyyətin güzgü prinsipində heç də inkişafa xidmət edən məqamlar çox olmayıb. Müasir dövrə gəldikdə isə öncə onu vurğulayım ki, hər bir kəsin poeziyaya fərdi münasibəti ola bilər. Kütləvi şəkildə sevilməsi də mümkün deyil. Düşünürəm ki, orta məktəb illərində vətənpərvərliyin formalaşmasında poeziya da rol oynayır. Lakin hər mövzuda yazılan şeir öz məqsədinə çatır, - demək düzgün olmaz. Etiraf edək ki, müasir dövrdə tərbiyəyə zidd mövzuda olan "şeirlər" daha böyük auditoriyanı ələ ala bilir. Bütün bunları nəzərə alaraq, özüm filoloq olsam da, bu günün insanının ədəbiyyatdan böyük nəsə qazanacağını düşünmürəm. Təbii ki, müəyyən istisnalar mümkündür. Ədalətli yanaşsaq, 1926-cı ildə radioya ayrıca bir cihazdan qulaq asan insanla, 2026-cı ildə radioya telefonunun və ya maşınının bir hissəsi olaraq qulaq asanı bir tutmaq olmaz. Və bu inkişafa şeir nail olmayıb, elm səbəb olub. Sualınıza cavab olaraq, şeirin funkiyasının dəyişməsi daha məqsədə uyğundur.
-Müasir dövrdə - sosial şəbəkələr və sürətli informasiya dövründə şeir gənclərin düşüncə tərzinə real təsir göstərə bilirmi?
-Problem odur ki, bizim beynimizə yeridilib ki, şeir böyük inqilablara səbəb ola bilər. Gənclər mütləq kitab oxuyub təkmilləşməlidir, - deyə bir hökm ola bilməz. Yenə də zamanlar arası məsafə fərqinin gerçəkliklərinə diqqət yetirək. 1926-cı ilin insanının çap mediası və ya kitabdan başqa oxumaq üçün vəsaiti yox idi. 2026-cı ilin insanının isə bir mobil telefonunda minlərlə kitabı oxumaq olar. Elm yüz ildə haradan-haraya gəlib. Biz isə düşüncəmizdə hələ də yüz il əvvəlki davranış formalarını tətbiq edirik. Axı niyə öz dövrünün insanı bir əsr öncənin insanı kimi eyni mənbələrə müraciət etməlidir. Mən gənclərin sosial şəbəkələrə meylini normal qəbul edirəm. Düşünürəm ki, bundan sözün yaxşı mənasında istifadə edən gənclərimiz də kifayət qədərdir. Əgər bir gəncin yaxşı mənada taleyini dəyişəcək hadisə oxuduğu hər hansı bir şeir yox, sosial şəbəkədəki hansısa bir vieo-çarx olarsa, buna niyə etiraz etməliyik. Bir məsələdə də, ədalətli olaq, guya sosial şəbəkələrdən əvvəlki nəsillərin gəncliyi ideal əxlaqi dəyərlər çərçivəsin də mi keçib. İndiki gənclər özlərinə nəyin daha faydalı olduğunu yaxşı bilirlər. "Xəmsə"ni oxumaqla PUA ixtira edə bilməyəcəklərinin fərqindədirlər. Biz isə istər orta məktəbdə, istərsə də, ali təhsil ocaqlarında onların ömrünü zəbt edib, gərəksiz bilgilərlə vaxtlarını alırıq. Yenə də biz, bu günün öyrənəni ilə yüz il əvvəlin öyrənəni kimi davranırıq. Məsələn, Şekspirin əsərlərinin adını ona tədris zamanı öyrətməyə gərək yoxdur, onun əlindəki telefon və internet imkanları bu sualın cavabını bir toxunuşla həll edir. Bizə lazım olan odur ki, Şekspiri oxuyan ingilislərlə, onun həmdövrü Füzulini oxuyan azərbaycanlıların elmdə nail olduğu yenilikləri gənclərə başa sala bilək. Digər bütün informasiyaları bizə lazım olan anda internetdən əldə edə bilirik. Sualınızın cavabı olaraq deyim ki, yaxşı ki, gənclər özləri bu fərqin fərqindədirlər.
-Sizcə, gənclər şeiri daha çox hiss edərək oxuyur, yoxsa paylaşmaq və nümayiş üçün seçirlər? Poeziya ilə nümayiş arasında hansı fərqləri görmək olar?
-Hiss etmək və ya duyğulanmaq, yaxud da oxuduğu əsərdən hər hansı bir nəticəni çıxarmaq fərdi olur. Bir gənc vətənpərvərlik mövzusunda olan şeirə kövrəldiyi halda, digərinə adi pafos kimi gələ bilər. Məncə, şeirin az oxunduğu bir dövrdə yəqin ki, onu hiss edənlər daha çox oxuyur. Mənim sosial şəbəkə dostlarımın əksəriyyəti yazarlar və ya ədəbiyyatla bağlılığı olan adamlar olsalar da, adətən hər həsin öz əsərini paylaşığını müşahidə etmişəm. Məsələyə bu mövqedən yanaşsaq, hansı səbəbdən olursa, olsun gənclərin şeir paylaşmasını ancaq təqdir etmək lazımdır. 
-Gənclər klassik Azərbaycan poeziyasını kifayət qədər tanıyırmı və məktəblərdə ədəbiyyat dərsləri keçmişlə bu gün arasında canlı bir körpü qura bilirmi?
-Səmimi olsam, bir neçə ildir ki, pedaqoji fəaliyyətdən uzaq olduğuma görə prosesin tam mərkəzində deyiləm. Lakin keçmiş təcrübəmdən xatırladığım qədər, məktəblərdə şagirdlərin ədəbiyyata kütləvi meyli olmur. Əsasən bu fənn ona lazım olanlar, ədəbiyyatı öyrənməyə vaxt ayırır. Bunların içərisində də sevərək öyrənənlər var. Səmimiliyimizi bir az da artırsaq, sevmədən öyrənmək məcburiyyətində olanların da olduğunu etiraf etməliyik. Şəxsən mən ədəbiyyatdan imtahan verməli olan şagirdə Nəsiminin tədrisdə yer alan qəzəlini ona məcburən oxutmuşam, əzbərləməkdən isə söz salmağa dəyməz. Düşünürəm ki, "zorla gözəllik olmaz". Qısaca, bəli, məktəb proqramına əsasən gənclər klassik yazarlarımızı tanıyırlar, lakin onları oxumağa kütləvi həvəsin olduğunu zənn etmək səhv olar. Bir daha təkrar edirəm, şagirdin öz yazıçısına biganə qalmağında yalnız o günahkar deyil. Biz XXI əsrin şagirdinə Şah İsmayıl Xətainin tərcümeyi-halını əzbərlətməli deyilik. Bu məlumatları bu günün gənci ən azından vikipediyadan asanlıqla əldə edə bilər. Biz Xətai poeziyasının mahiyyətini, şagirdin internetdən əldə edə bilməyəcəyi tərəflərini ona aşılamalıyıq. Körpü qurmaq istəyiriksə, müstəqillik dövrünün müasir gəncindən sovet dövrünün klassik gəncinin xarakterini tələb etməli deyilik.
-Klassik Azərbaycan poeziyası ilə müasir şeir arasında gənclər üçün hansı körpü qurulmalıdır ki, ədəbiyyat həm sevilsin, həm də dərin düşüncə yaratsın?
- Qısaca onu deyimki, yüz illər ərzində klassik ədəbiyyatı oxuyan gəncin Səfəvilər dövləti parçalanıbsa, Vətəni Rusiya və İran arasında bölüşdürülübsə, iki yüz il rus işğalı altında qalıbsa, iyirmi faiz torpağı otuz il erməni işğalında qalıbsa, deməli, müasir gənclərin özlərinə yeni yol seçmələrini alqışlamalıyıq. 
-Gələcəyin oxucusu necə olacaq? Kitab və şeir texnologiyanın fonunda öz yerini qoruyub saxlaya biləcəkmi?
-Tarixə nəzər salsaq, kağız və kitab çapı bəşəriyyətin ən böyük kəşflərindən biri olub. Belə çıxır ki, kağız çap olunanda sal qayalara yazı yazanlar fəryad qoparmalı idilər, hansı ki, yeni kəşf daha çox rahatlıq gətirirdi. Eyni müqayisəni kitab çapı və elektron yazılar arasında da apara bilərik. Əgər elektron yazılar birinci növbədə kağızın istehsalı üçün lazım olan ağacların məhvinin qarşısını alırsa, bunun özü alqışa layiqdir. Yaxud da, əvvəldə vurğuladığım kimi, yarım əsr öncə xaricə gedən bir ziyalı özü ilə bir neçə kitabı yük edib aparırdısa, bu gün elektron versiya onu bu fiziki yükdən azad edir. Bunlar məsələnin bir tərəfi. Mənbənin necə olmasından asılı olmayaraq oxuyanın öz oxuduğuna münasibəti bir daha deyirəm, əsasən fərdi amillərdən asılıdır. Ümid edirəm ki, gələcəyin oxucusu, bizdən fərqli olaraq ona məcburən oxutdurulan əlavə informasiyalardan özünü mühafizə edə biləcək. Əhali sayı artdıqca klassik kitabların çapını davam etdirməsi məntiqəuyğun görünmür. Şeirə gəldikdə isə artıq günümüzdə onu texnologiya ilə də yazmaq olur...
Beləliklə, şeir və ədəbiyyat gənclərin dünyasında yalnız estetik zövq yaratmır, onlar düşüncə, hiss və duyğular arasında körpü qurur. Qetd olunduğu kimi müasir dövrdə şeirin funksiyası dəyişib, artıq o, sadəcə oxucunun ruhunu əks etdirmir, həm də onun paylaşmaq, ifadə etmək və sosial müzakirəyə qatılmaq vasitəsinə çevrilib. Gənclər texnologiyanın imkanlarından istifadə edərək klassik və müasir ədəbiyyatı öz üslubunda birləşdirir, fərdi təcrübəyə çevirir.
Bu mənada, ədəbiyyat gələcəyin oxucusunu tərbiyə edən məktəb olaraq qalır. Əsas məsələ odur ki, gənclər ədəbiyyatı məcburiyyət yox, özünü ifadə və dünyanı dərk etmək vasitəsi kimi qəbul etsinlər. Belə olduqda, şeir və ədəbiyyat yalnız keçmişin deyil, həm də gələcəyin aynası olacaq, cəmiyyətin və fərdin ruhunu zənginləşdirən bir körpü funksiyasını qoruyub saxlayacaq.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr