AZ

Deputat təklif edir ki, Rusiya ilə açıq danışmaq lazımdır

Azərbaycan Milli Məclisi "Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokolu xüsusi qeyd-şərti nəzərə alaraq təsdiqləyib. Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiqlənib.

Deputat Qüdrət Həsənquliyev çıxışında Rusiya ilə açıq və konstruktiv dialoqun vacibliyini vurğulayıb.

O bildirib ki, miqrasiya sahəsində problemlər mövcuddur və xüsusilə 18 yaşına çatmış uşaqların orada qalması ilə bağlı məsələlər diqqət tələb edir.

“Rusiya ilə açıq danışmaq lazımdır. Necə deyərlər, örtülü bazar dostluğu pozar. Mən Rusiya ilə əməkdaşlığın hər zaman tərəfdarı olmuşam və hesab edirəm ki, bu məsələlərlə bağlı ciddi danışıqlar aparılmalıdır”, - o bildirib.

Səməd Seyidov isə bildirib ki, sənədin əsas mahiyyəti MDB daxilində siyasi əməkdaşlıq və dövlətlərarası münasibətlərin tənzimlənməsini əhatə edir və hüquqi baza bu çərçivədə gücləndirilir.

Bu dəyişikliklərin qəbul edilməsi Azərbaycan tərəfindən MDB ilə münasibətlərin strateji əhəmiyyətini qorumaq və əməkdaşlığın şəffaf və effektiv aparılmasını təmin etmək məqsədini daşıyır.

Gülnar Nazimqızı 

Seçilən
6
anews.az

1Mənbələr