AZ

Ədalət axtarıram

5 il 6 ay azadlıqdan məhrum edilmiş  tanınmış jurnalist və hüquq müdafiəçisi Yaşar Ağazadənin həyat yoldaşı Aygün İsmayıllı  Prezident İlham Əliyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-Mühafizə  orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova, Ombudsman Səbinə Xanım Əliyevaya, Ali Məhkəmənin sədri cənab İnam Kərimova, Respublika Məhkəmə-Hüquq Şurasının sədri cənab İnam Kərimova Ali Məhkəmənin qanunsuz hərəkətləri (hərəkətsizliyi)  barədə müracət ünvanlayıb. Heftelik.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli Cənab Prezident!

Həyat yoldaşım Ağazadə Yaşar Vaqif oğlu Bakı Appelyasiya Məhkəməsinin 21 may 2025-ci il tarixli qanunsuz və ədalətsiz qərarı qondarma ittihamlarla Azərbaycan Respublikası CM 178.2.2-ci və 182.2.2-ci maddələrilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yaşar Ağazadə hazırda kassasiya mərhələsində olan, təqsirli bilindiyi cinayət işinin materialları ilə tanış olmaq və zəruri sənədlərin surətini çıxarılmasına icazə verilməsi barədə Ali Məhkəməyə və şəxsən sədr I. Kərimova 29 dekabr 2025-ci, 23 yanvar 2026-cı il  Və nəhayət 02 fevral 2026-cı il tarixli ərizə ilə müraciət edib. Bundan başqa, Y. Ağazadə Ali Məhkəməyə 05 fevral 2026-cı il tarixli ərizə ilə müraciət edərək cinayət işinin materialları ilə tanış olmasına və bütün prosessual sənədlərin çıxarılmasına icazə veriməsini xahiş edib.

Hörmətli cənab Prezident!

Çoxsaylı müraciətlər etməsinə baxmayaraq, Yaşar Ağazadə yalnız bir dəfə 23 yanvar 2026-cı il tarixdə Ali Məkəmənin inzibati binasına aparılıb və ona cinayət işinin materialları ilə tanış olmağına “məhkəmə əməkdaşlarının nahar fasiləsinə getməsi” əsasları ilə cəmi bir saat vaxt verilib. Bu müddət ərzində Yaşar Ağazadə cinayət işinin yalnız birinci cildi ilə tanış olub. Məhkəmə əməkdaşları ilə Yaşar Ağazadənin arasında olan razılaşmaya əsasən Yaşar Ağazadə növbəti günlərdə də, məhkəməyə gətirilməli və ona cinayət işinin materialları ilə vaxt məhdudiyyəti qoyulmadan tam tanış olmasına şərait yaradılmalı idi. Lakin, Yaşar Ağazadə həmin tarixdən sonra Ali Məhkəməyə aparılmayıb, həmçinin həmin cilddən seçdiyi sənədlərin surəti ona (keyfiyyətli, oxunaqlı) verilməyib. Eyni zamanda Ali Məhkəmə iş materialları ilə tanış olma barədə ərizələrə yazılı cavab verilməsini təmin etməyib.

Yaşar Ağazadə üzləşdiyi qanunsuzluqla bağlı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə xanım Əliyevaya və Məhkəmə-Hüquq şurasının sədri cənab İnam Kərimova şikayət ərizəsi ilə müraciət etsə də, onun pozulmuş hüquqları bərpa edilməyib.

Hörmətli cənab Prezident!

Yaşar Ağazadə qanunsuz həbs edilib. Mən bu barədə Sizə də dəfələrlə müraciət etmişəm. Təəssüf ki, müraciətlərim cavabsız qalıb. Humanizm prinsiplərini əsas tutaraq ölkəmizdə ağır və xüsusilə ağır cinayətlərdə ittiham edilən əcnəbi vətəndaşların azad edilməsi beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə uyğundursa, günahsız Azərbaycan vətəndaşının azad edilməsi adil və olduqca vacibdir.  İstərdim Siz Yaşar Ağazadənin işinə də bəyan etdiyiniz “ Mən hər bir azərbaycanlının Prezidentiyəm” prizmasından yanaşasınız. Bu, ədalətin və insafın bariz nümunəsi olardı. Mən Sizdən ədalət gözləyirəm.

Hörmətli cənab Prezident!

Həyat yoldaşımın iki ildir qanunsuz həbs edilməsi azmış kimi, indi də, onun qanunla nəzərdə tutulan prosessual hüquqları da, pozulur. Necə ola bilər ki, Ali Məhkəmə cinayət prosesinin iştirakçısına iş materialları ilə tanış olmağa və bütün prosessual sənədlərin surətinin çıxarmağa  icazə vermir? Bu qanunsuzluğun miqyası varmı? Hansı qanunda yazılıb ki, sənədin birini götürmək olar, digərini yox? Nədən, hansı maraq naminə Ali Məhkəmə iş materialları ilə vaxt məhdudiyyəti olmadan tanış olmaqla bağlı qanunvericiliyin tələblərini pozur? Ədalətsizlik, haqsızlıq və qanunsuzluq məhkəmə orqanlarını tamamilə zəbt edib. Əgər belə olmasaydı, Yaşar Ağazadənin qanunla nəzərdə tutulan cinayət işinin materialları ilə tanış olmaq və bütün prosessual sənədlərin surətini çıxarmaq hüququ pozulmazdı.

Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) son qoyulmasına və Ağazadə Yaşar Vaqif oğlununa cinayət işinin materialları ilə tam tanış olmasına və bütün sənədlərin sürətini çıxarmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

Qeyd edim ki, Yaşar Ağazadə 2 ilə yaxın müddətdir məhkum həyatı yaşamağa məcbur edilib. O, qondarma ittihamları və saxta yolla əldə edilmiş sübutlar rədd edir və həbsinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirir.

Əlavə edim ki, cinayət işinin materialları ilə tanış olmaq hüququ məhkəmə müdafiəsi hüququnun, nəticə etibarı ilə həqiqi ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olsa da, Ali Məhkəmə Yaşar Ağazadəni faktiki olaraq bu hüquqdan məhrum edib”.

 

 

Seçilən
34
heftelik.az

1Mənbələr