AZ

Ana dili: Milli kimliyin sönməz məşəli

Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də bir xalqın yaddaşı, tarixi və ruhunun təzahürüdür. Bəşəriyyətin ən böyük problemlərindən biri olan dilin mənşəyi məsələsi müxtəlif nəzəriyyələrlə izah olunsa da — istər təbiət səslərinin təqlidi, istər kollektiv əmək ehtiyacı, istərsə də ilahi bir bəxşiş kimi — sarsılmaz bir həqiqət var: Dil fərdin şüurunu formalaşdıran və onu cəmiyyətə bağlayan ən güclü bağdır.

Psixoloji nöqtəyi-nəzərdən dil insanın daxili aləminin memarıdır; biz dünyanı bizə ötürülən sözlərin prizmasından görür, duyğularımızı ana dilimizin bizə bəxş etdiyi semantik çalarlarla mənalandırırıq. Ana dili fərdin psixoloji bütövlüyünü təmin edən, ona özünəinam və mənsubiyyət hissi verən fundamental amildir. İnsan öz ana dilində danışarkən və düşünərkən özünü daha təhlükəsiz, daha səmimi və emosional baxımdan daha zəngin hiss edir. Bu baxımdan, dilin itirilməsi və ya sıxışdırılması təkcə mədəni itki deyil, həm də fərdin öz mənliyi ilə qurduğu rabitənin zədələnməsi, psixoloji köksüzlük və özgələşmə deməkdir. Azərbaycan xalqı üçün ana dili hər zaman müqəddəs bir dəyər, milli mövcudluğun onurğa sütunu olmuşdur. Milli kimlik məhz bu dilin daxilində mayalanır; çünki insan öz ana dilində düşünür, dünyanı bu dilin rəngləri ilə dərk edir və özünü bir millətin üzvü kimi məhz bu dil vasitəsilə təsdiqləyir.

Azərbaycan dilinin tarixi inkişaf yolu onun milli kimliklə nə dərəcədə qırılmaz tellərlə bağlı olduğunu göstərir. Qədim Altay köklərindən süzülüb gələn, İzzəddin Həsənoğlu, Nəsimi və Xətai kimi dahilərin qələmində cilalanan dilimiz, XIX əsrdə M.F.Axundzadə və "Əkinçi" qəzetinin maarifçilik işığı ilə yeni bir mərhələyə qədəm qoymuşdur. Bu tarixi təkamülün ən strateji nöqtələrindən biri isə 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaydır. Bu qurultay təkcə əlifba islahatı deyil, həm də ana dilinin elmi əsaslarla qorunması, terminologiyanın milliləşdirilməsi və Azərbaycan dilinin türk dünyasındakı mövqeyinin təsbit edilməsi baxımından inqilabi bir hadisə idi. Qurultay göstərdi ki, dilin mühafizəsi həm də millətin gələcəyinin sığortalanmasıdır. Həmin dövrün mürəkkəb siyasi şəraitində latın qrafikasına keçid qərarı, əslində, milli düşüncənin qlobal mədəniyyətə inteqrasiyası və öz köklərinə yeni bir baxış bucağı ilə qayıdışı idi.

Azərbaycan Respublikası Prezidenti 22 oktyabr 2025-ci il tarixində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı da qurultayın nailiyyətlərinin milli ədəbi irsin tərkib hissəsinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 27 fevral 2026-cı ildə Bakıda "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Bu konfransın yenidən Bakıda keçirilməsi ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə malik olan türk xalqlarının bu gün qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün böyük perspektivlər açmışdır.

Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsindəki Böyük Akt Zalında baş tutması da xüsusi rəmzi əhəmiyyət daşıyır.  Yüz il əvvəl də Birinci Türkoloji Qurultay fevralın 26-dan martın 6-dək İstiqlaliyyət küçəsində - Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin indiki binasında həmin Böyük Akt Zalında keçirilmişdi. Konfransda Türkiyə, Şimali Kipr, Türkmənistan, Özbəkistan, Qazaxıstandan nümayəndələr etmişdir.

Milli kimliyin qorunması mübarizəsində ədəbiyyat və felyeton janrı da bir silah rolunu oynamışdır. Böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığı bu sahədə bir məktəbdir. Onun "Anamın kitabı" pyesində ana dilini unudub yad mədəniyyətlərin əsirinə çevrilən üç qardaşın faciəsi, əslində, millətin öz kökündən qopmaq təhlükəsinin bədii təsviridir. Hər qardaş fərqli imperiya dillərində danışdıqca, aralarındakı uçurum böyüyür və sonunda ananın dili — yəni vətənin özü tək qalır. Müəllif məşhur "Azərbaycan" felyetonunda isə vətən və dil anlayışını ayrılmaz bir vəhdətdə təqdim edərək, özünü axtaran insana ilk növbədə öz dilinə sahib çıxmağı təlqin edirdi: “Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!” Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur”. Mirzə Cəlil üçün ana dili sadəcə qrammatika qaydaları deyil, xalqın namusu, qeyrəti və azadlıq rəmzi idi.

Bu "özünü tapma" prosesinin ən təmiz qaynağı isə şübhəsiz ki, folklordur. "Kitabi-Dədə Qorqud" kimi dastanlarda və şifahi xalq ədəbiyyatında milli davranış modelləri dilin vasitəsilə kodlaşdırılmışdır. Sözə sadiqlik, böyüklərə ehtiram, ailə müqəddəsliyi və vətənpərvərlik kimi dəyərlər bu mətnlərdə milli xarakterin ayrılmaz hissəsi kimi təqdim olunur. Dastanlarımızdakı "Ana haqqı – Tanrı haqqı" deyimi ana dilinin və ailə institutunun xalqımızın şüuraltında nə qədər dərin yer tutduğunu göstərir. Folklor dili xalqın kollektiv yaddaşıdır; burada hər bir atalar sözü, hər bir deyim əsrlərin sınağından çıxmış milli əxlaq qanunudur. Bu əsərlər vasitəsilə keçmişin müdrikliyi bu günün dilinə çevrilir və bizi biz edən xüsusiyyətlər nəsildən-nəslə ötürülür.

Milli identifikatsiya prosesində ana dili fərdin cəmiyyət içindəki yerini müəyyən edən ən fundamental koordinat sistemidir. İnsan özünü bir millətin üzvü kimi dərk etdikdə, bu mənsubiyyəti təsdiqləyən ilk və ən güclü amil məhz ana dilidir. Dil, milli identifikasiyanın sadəcə xarici göstəricisi deyil, həm də daxili strukturudur; çünki xalqın ortaq dəyərləri, tarixi travmaları, qələbələri və mənəvi kodları məhz dilin qatlarında gizlənmişdir. Ana dili fərdə "biz" hissini aşılayır və onu minillik bir zəncirin halqasına çevirir. Milli mənlik şüuru dildə formalaşdığı üçün, dilini itirən fərd öz milli kimliyini təyin etməkdə çətinlik çəkir və "kiməm?" sualına cavab tapmaqda tərəddüd edir. Bu mənada, ana dili milli kimliyin həm qoruyucusu, həm də onu gələcək nəsillərə ötürən yeganə canlı daşıyıcısıdır.

Xalqın özünü dərketmə prosesində ana dili bir güzgü rolunu oynayır; millət öz mənəvi ucalığını, intellektual potensialını və tarixi simasını məhz bu güzgüdə görür. Özünüdərk - xalqın öz keçmişinə sahib çıxması və gələcək hədəflərini müəyyənləşdirməsi deməkdir ki, bu da dilin vasitəçiliyi olmadan qeyri-mümkündür. Dil xalqın kollektiv şüurunu formalaşdıran elə bir süzgəcdir ki, millət bütün dünyanı, digər mədəniyyətləri və hadisələri məhz bu süzgəcdən keçirərək qiymətləndirir. Əgər dil sıradan çıxarsa, xalqın özünü dərketmə qabiliyyəti korşalar, o, özünü başqalarının gözü ilə görməyə başlayar və nəticədə müstəqil subyekt kimi tarixin səhnəsindən silinmək təhlükəsi ilə üzləşər. Buna görə də, ana dili xalqın özünü "özgə"lərdən fərqləndirməsi və özünəməxsus mənəvi dünyasını inşa etməsi üçün ən fundamental şərtdir.

Müasir Azərbaycan dövlətçilik tarixində dil siyasəti hər zaman prioritet məsələ olmuşdur. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusunu qətiyyətlə qorumuş və bu sahədə tarixi fərmanlar imzalamışdır. O, hələ sovet hakimiyyəti illərində, 1978-ci il konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması bəndini daxil etdirərək böyük bir siyasi şücaət göstərmişdi. Onun "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir" fikri bu gün də dövlət siyasətimizin ana xəttini təşkil edir. Ulu öndər hər zaman öz ana dilində danışmağı ilə fəxr etdiyini vurğulayaraq hər bir azərbaycanlı üçün örnək olmuşdur. O, dili xalqın mənəvi sərvəti adlandırır və hər bir vətəndaşın bu sərvətə qayğı ilə yanaşmasını tələb edirdi.

Bu yolu uğurla davam etdirən Prezident İlham Əliyev də qloballaşan dünyada dilin saflığının qorunmasını milli təhlükəsizlik məsələsi kimi qiymətləndirir. Prezidentin müvafiq sərəncamları ilə Azərbaycan dilinin elektron məkanda istifadəsi, lüğətlərin təkmilləşdirilməsi və xarici filmlərin dublyajı kimi məsələlər dövlət nəzarətinə götürülmüşdür. İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan dili bizi bir millət kimi birləşdirən əsas amildir." Dövlət başçısının qənaətinə görə, dilimiz olmasa, biz millət kimi öz simamızı itirə bilərik. Biz müstəqil dövlət olaraq öz dilimizlə dünyada tanınmalı və bu dilin imkanlarını elm, texnologiya və diplomatiya sahəsində genişləndirməliyik.

Dilin əhəmiyyəti təkcə milli deyil, həm də beynəlxalq müstəvidə qəbul edilmiş bir həqiqətdir. Birləşmiş Millətlər Təşkilatının sənədlərində və UNESCO-nun bəyannamələrində ana dili insanın təməl hüquqlarından biri kimi tanınır. 21 fevral Beynəlxalq Ana Dili Gününün qeyd olunması linqvistik müxtəlifliyin bəşəriyyətin ortaq irsi olduğunu bir daha təsdiq edir. BMT vurğulayır ki, ana dilində təhsil fərdin intellektual inkişafı üçün ən effektiv vasitədir. Müasir dövrdə milli kimlik axtarışında olan hər bir fərd üçün ana dili həm də bir sığınacaq, özünüifadə platformasıdır. Rəqəmsal dünyanın gətirdiyi yad təsirlərə qarşı ən güclü qalxanımız məhz öz doğma dilimizdə yaratdığımız elmi və mədəni dəyərlərdir.

Azərbaycan poeziyasının nəhəngləri də dili vətənin özü qədər əziz tutmuşlar. Bəxtiyar Vahabzadənin dilimizi "əcdadımızın hədiyyəsi" adlandıraraq yazdığı misralar hər birimizin qəlbinə həkk olunub: "Bu dil – bizim ruhumuz, eşqimiz, canımızdır..." Şairin bu misraları dilin sadəcə söz yığını olmadığını, millətin canı və qanı olduğunu bəyan edir. Ustad Məhəmmədhüseyn Şəhriyarın səsi isə dilin birliyi və şirinliyini " Türkün dilitək sevgili, istəkli dil olmaz," deyərək dünyaya yaymışdır. Şəhriyarın yaradıcılığı sübut edir ki, siyasi sərhədlər ayrılsa da, dilin qüdrəti milləti bütöv saxlamağa qadirdir.

Nəticə etibarilə, ana dili bir millətin pasportu, keçmişi ilə gələcəyi arasındakı qırılmaz körpüdür. Azərbaycan dili əsrlərin sınağından keçərək, repressiyalara, qadağalara və yad təsirlərə baxmayaraq öz saflığını və əzəmətini qoruyub saxlamışdır. Bu dili qorumaq, onu sevmək və gələcək nəsillərə daha zəngin və mükəmməl şəkildə ötürmək hər bir azərbaycanlının müqəddəs borcudur. Çünki dilimiz yaşadıqca, milli kimliyimizin sönməz məşəli də hər zaman yolumuzu işıqlandıracaq, bizi dünya xalqları ailəsində uca tutacaqdır. Bizim dilimiz bizim varlığımızdır və bu varlığı qorumaq mənəviyyatımızın ən ali zirvəsidir.

Azərbaycan Dillər Universiteti,

Psixologiya və Pedaqogika kafedrasının müdiri: 

dos.İranə Məhəmməd qızı Məmmədli


Telegram kanalımız
Seçilən
43
yenisabah.az

1Mənbələr