“Caspian Energy Club”ın İdarə Heyətinə yeni seçkilərin nəticəsində Telman Əliyev təşkilatın sədri vəzifəsinə seçilib. Bu barədə seçki komissiyasının sədri, “Financial Chain Corporation” (FCHAIN) şirkətinin Baş direktor müavini Valid Hüseynov məlumat verib.
Səsvermə anonim qaydada 11, 12 və 13 mart tarixlərində davam edib, nəticələr isə martın 13-də ictimaiyyətin diqqətinə təqdim edilib.
Telman Əliyev ilk dəfə 2020-ci ildə “Caspian Energy Club”ın sədri vəzifəsinə seçilmişdi.
2002–2020-ci illər ərzində Telman Əliyev “Caspian Energy Club”da sədr köməkçisi, icraçı direktor, baş icraçı direktor və sədrin birinci müavini kimi müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
“Caspian Energy Club”ın İdarə Heyətinin sədri Telman Əliyevin sözlərinə görə, yeni seçki mexanizmi üzvlərin idarəetmə prosesində daha fəal iştirakına şərait yaradaraq, müxtəlif sahələri təmsil edən peşəkar komandanın formalaşmasına imkan verib.
“Yeni seçki qaydaları üzvlərimizə daha geniş iştirak imkanları yaratdı və nəticədə müxtəlif sahələri təmsil edən güclü komanda formalaşdı. Əminik ki, yeni İdarə Heyəti “Caspian Energy Club” üzvlərinin maraqlarının qorunması, dövlət və özəl sektor arasında dialoqun daha da gücləndirilməsi və biznes mühitinin inkişafına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcək”, - deyə Telman Əliyev bildirib.
O, həmçinin vurğulayıb ki, bu dəyişikliklər klubun fəaliyyətində şəffaflıq və demokratik yanaşmanı gücləndirir: “İdarəetmə strukturunda üzvlərin daha aktiv iştirakı, qərar qəbul etmə prosesində şəffaflıq və demokratik prinsiplərin tətbiqi bizim prioritetimizdir. Bu, klubun həm üzvləri, həm də dövlət-özəl sektor tərəfdaşları üçün dəyər yaratmaq istiqamətində atılmış mühüm addımdır”.
Xatırladaq ki, yenilənmiş seçki əsasnaməsinə əsasən, seçki mexanizmi ilə komitə sədrləri artıq təyinat yolu ilə deyil, səsvermə nəticəsində müəyyən edilir və avtomatik olaraq İdarə Heyətinin tərkibinə daxil olurlar. Bu yanaşma üzvlərin idarəetmədə daha aktiv rol almasına və klubun fəaliyyətində daha geniş təmsilçiliyə imkan verir.
Telman Əliyev, həmçinin ötən müddət ərzində İdarə Heyəti üzvləri ilə qurulan əməkdaşlığı yüksək qiymətləndirib.
“Ötən il kifayət qədər uğurlu və məhsuldar keçdi. Sizin fəal iştirakınız və səmərəli fəaliyyətiniz “Caspian Energy Club”ın inkişafına, eyni zamanda, ölkəmizin iqtisadiyyatının və sosial-iqtisadi mühitinin, eləcə də biznes mühitinin daha da yaxşılaşmasına mühüm töhfə verdi. Hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Bizimlə birlikdə olduğunuz və bundan sonra da bu yolda bizimlə qalacağınız üçün sizə səmimi təşəkkürümü bildirirəm”, - deyə Telman Əliyev qeyd edib.
O, həmçinin səsvermədə iştirak edən bütün üzvlərə təşəkkürünü bildirib və qeyd edib ki, “Caspian Energy Club”ın yeni İdarə Heyətinə, komitə sədrlərinə və komitə üzvlərinə göstərilən etimad onlar üçün böyük məsuliyyətdir.
“Verilən hər bir səs bizim üçün böyük əhəmiyyət daşıyır və göstərilən yüksək etimadı doğrultmaq üçün yeni komanda üzvlərimizlə birgə əzmlə çalışacağıq”, – deyə Telman Əliyev bildirib.
“Caspian Energy Club” haqqında qısa məlumat:
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.