26 yaşlı yarımmüdafiəçinin Norveçin “Sarpsborq 04” klubuna keçidi ilə bağlı razlıq əldə olunub. Kot-d’İvuardan olan oyunçu artıq tibbi müayinədən keçib və müqavilə də imzalayıb.
Xatırladaq ki, Kuaku 2025-ci ilin yayında “Qarabağ”a transfer olunmuşdu.
Bəs 26 yaşlı futbolçu niyə gəldi, niyə getdi? Kuaku böyük ümidlərlə gətirilmişdi. Mövsümün əvvəlində az şans qazanmasını belə başa düşürdük ki, uyğunlaşma prosesindədi. Həm də Qurban Qurbanov nadir hallarda komandaya yeni qoşulan futbolçuya daim şans verir. Amma iş elə gətirdi ki, komanda avrokuboklarda mübarizə aparanda heç çempionatda da hər oyunda 90 dəqiqə oynamırdı.
Əslində meydana çıxdığı ilk üç oyunda bunu bacarmışdı. Hətta 5-ci turda “Araz-Naxçıvan”a 5 qoldan birini Kuaku vurmuşdu. Amma bundan sonra müntəzəm oynamadı. Ya az dəqiqə aldı, ya da, ümumiyyətlə, ehtiyatda qaldı. Təsnifat mərhələlərində heç biri əsas heyətdə olmasa da, mümkün 6 oyunun beşində meydandaydı. Liqa mərhələsində isə vəziyyət tam dəyişdi. “Kopenhagen”lə oyunda cəmi 1 dəqiqə meydanda oldu. Qışda isə adı iştirak ərizəsindən çıxarıldı. Son 5 çempionat oyununda ancaq ehtiyatda qaldı, ayağı yaşıl meydana dəymədi.
26 yaşı var, təbii ki, daim oynamaq istəyir. Amma özü də başa düşürdü ki, Pedro Bikalyoya, Marko Yankoviçə, o mövqedə oyunlara çıxan Kadi Borgesə, Xoni Montielə uduzur. Karyerasının elə dönəmindədi ki, daim oynamağa ehtiyacı var. Buna görə də Qurbanova gedə biləcəyi komanda olduğunu deyib, gedişinə icazə verilməsini xahiş edib. “Qarabağ”ın çalışdırıcısına bu barədə “Zirə” ilə oyunsonrası mətbuat konfransında sual verilib, o da belə cavablayıb:
“İntizamlı futbolçu idi. Oyununu da görmüsüz. Daha çox oynamaq istəyirdi, gəlib mənə dedi, məşqçi kimi onu başa düşdüm”.
Bəs bu itki “Qarabağ”a nə qədər təsir edə bilər? Yəqin ki, etməz. Kəmiyyət baxımından azalma olsa da, gənc və yerli futbolçu, U-20-nin əsas futbolçularından biri olacaq Hikmət Cəbrayılzadənin əsas komandada daha çox şans qazanmasına şərait yarana bilər.
Kuaku Skandinaviyaya yollandı. Bu liqada Afrika qitəsindən çox futbolçu oynamır. Hava şəraitinə uyğunlaşmaq baxımından da ciddi problem yaşaya bilər.
Amma yenə də bizə Krisə uğur arzulamaq alır. Azərbaycanda olduğu qısa müddətdə intizamsızlığını, komanda yoldaşları ilə problemlərini eşitmədik. Media ilə də yaxşı yola gedirdi.
MÜZƏFFƏR QULUZADƏ