Xidməti-döyüş fəaliyyətinin icrasında fərqlənmiş bir qrup hərbi qulluqçunun təltif olunması ilə əlaqədar Dövlət Sərhəd Xidməti aparatında tədbir keçirilib.
Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.
Xalqımızın zəngin milli-mənəvi dəyərlərini yaşadan, qədim tarixə malik Novruz bayramı ərəfəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu və sərhəd mühafizəsi sahəsində görülən işlərdən danışılmış, dövlət sərhədlərinin təhlükəsizliyinin strateji əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd olunub ki, sərhədçilərin peşəkarlığı, operativliyi və xidmətdə göstərdikləri şücaət dövlətin sabitliyinin təmin olunmasında mühüm rol oynayır.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təltif olunan hərbi qulluqçuların nümunəvi xidmətlərini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində də eyni əzmkarlıq və məsuliyyət nümayiş etdirəcəklərinə inamını ifadə ediblər.