BAKI, TurkicWorld
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində olub.
TurkicWorld xəbər verir ki,görüş Səudiyyə Ərəbistanı tərəfindən Ramazan Bayramı münasibətilə ölkəmizə göndərilən, həssas əhali qruplarına aid şəxslərə bayram sovqatı kimi nəzərdə tutulan 20 tonluq xurma payının təhvil verilməsi məqsədi daşıyıb.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov göstərilən diqqətə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.
Qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlər və sosial müdafiə tədbirləri barədə məlumat verilib. Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əlcüteyli jurnalistlərə açıqlamasında bildirib ki, yardımın bir hissəsi Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vasitəsilə təqdim olunub. Əsas məqsəd isə bu dəstəyin cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə ehtiyacı olan insanlara çatdırılmasıdır.
Səfir qeyd edib ki, bu təşəbbüs Səudiyyə Ərəbistanı tərəfindən digər müsəlman ölkələrində də həyata keçirilir və qardaş ölkələrə həmrəylik mesajı kimi qiymətləndirilir.
Onun sözlərinə görə, yardımların paylanmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsas rol oynayır. Bu isə humanitar dəstəyin daha operativ və ünvanlı şəkildə çatdırılmasına imkan verir.
Diplomat həmçinin Ramazan bayramı ərəfəsində Səudiyyə Ərəbistanı rəhbərliyinin Azərbaycan Prezidenti İlham Əliyev, hökumət və xalqına təbriklərini çatdırıb. O, prosedurun asanlaşdırılmasına görə aidiyyəti qurumlara təşəkkür edib və göstərilən dəstəyi iki ölkə arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib.
Göndərilən sovqat Bakı şəhərində həssas əhali qruplarından olan 7 min şəxsə paylanıb.